Süni qiymət artımına qarşı Tədbirlər Planı təsdiq edildi

 

735e45d948f9Manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə Tədbirlər Planı təsdiq edilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Tədbirlər Planında neqativ halların qarşısının alınması məqsədilə birgə əməliyyat tədbirlərinin keçirilməsi, intensiv məlumat mübadiləsi, qanun pozuntusuna yol vermiş şəxslərin inzibati, intizam, mülki və cinayət məsuliyyətinə cəlb edilməsi, habelə sahibkarlıq subyektləri ilə maarifləndirmə işlərinin təşkili və s. nəzərdə tutulur.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi sahibkarlıq subyektlərinə, ticarət və xidmət müəssisə və obyektlərinə manatın məzənnəsində baş vermiş dəyişiklikdən sui-istifadə hallarından çəkinməyi tövsiyə edir.

 






Fikirlər