"Bu ilki Novruz bayramı süfrəsinin ərsəyə gəlməsi üçün kifayət qədər yüksək məbləğ xərclənəcək”.
Bu sözləri BakiPost.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.
İqtisadçı bayram süfrələrinin baha başa gələcəyini qeyd etsə də, müəyyən bir məbləğ deməyin çətin olduğunu vurğulayıb: "Bu konkret ailənin gəlirlilik səviyyəsinə bağlı məsələdir. Bu səbəbdən ortalama bir rəqəm demək çətindir. Bəzi ailələrdə hər iki nəfər işləyir. Yaxud da həmin ailədə başqa işləyənlər olur. Ailə büdcələrində kifayət qədər imkanlar olur ki, bayramı qarşılamağa ayrıca bir büdcə ayırsınlar. Amma bəzi ailələr də var ki, ümumiyyətlə işləyən yoxdur. Təqaüdlə dolanırlar. Ya da işsizlik problemi ilə qarşı-qarşıya qalıblar. Ona görə də ortalama bir büdcə söyləmək çox çətindir”.
Natiq Cəfərli bildirib ki, keçən illərə nisbətən bu ilki bayram süfrəsinin dəyəri Novruz yaxınlaşdıqca daha da arta bilər: "Hətta rəsmi statistika bunu sübut edir. Statistika komitəsinin açıqladığı məlumata görə yanvar ayında ərzaq məhsullarının qiyməti ortalama 15 faiz artıb. Rəsmi statistika 15 faiz göstərilirsə, reallıqda bu rəqəmin daha böyük olması ehtimalı yüksəkdir. Ona görə də ərzaq qiymətlərinin artdığını nəzərə alsaq, keçən illərə nisbətən bu il bayram süfrəsinin dəyəri kifayət qədər yüksələcək. Ailələrin özlərinin gəlirlərinə bağlı olaraq süfrənin qiyməti müəyyənləşdiriləcək”.
İqtisadçı qeyd edib ki, bu il bayramda daha çox aztəminatlı ailələr, işsizlər və təqaüdçülər əziyyət çəkəcək: "Çünki təqaüdlərin aşağı olduğu, işsizliklə bağlı problemin olduğu vəziyyətdə bayram süfrəsi ilə bağlı ən çox həmin ailələrin əziyyət çəkməsi ehtimalı yüksəkdir”.