Sumqayıtda avtomobil qiymətinə xoruz: "5 min versələr də satmaz" - VİDEO
Xoruz döyüşdürmək hələ qədim zamanlardan insanların sevimli məşğuliyyəti olub. Ölkəmizdə "Heyratı", "Daş pipik", "Badam pipik", "Yaponka" və başqa döyüşkən xoruz cinsləri bəslənilir. ARB 24 xəbər verir ki, bu cinslər əsasən, Türkiyə, Filippin, İndoneziya və Özbəkistandan gətirilir. Sumqayıtda tez-tez xoruz döyüşdürən həvəskarlar isə daha çox "Heyratı" cinsinə üstünlük verirlər. Uşaq yaşlarından bu məşğuliyyətə həvəs göstərən Namiq və Samir İsayev qardaşları xoruzları yumurtalardan özləri bəsləyib artım edirlər. "Heyratı"ları böyüdüb döyüşə hazır etmək isə əziyyət bahasına başa gəlir. Elə ki, xoruzlar döyüşdən qalib ayrılır, onda çəkilən zəhmət hədər getmir. Namiq İsayev (həvəskar): "Tez xəstələnirlər. Özləri, bədənləri möhkəm olsa da, tez xəstəlik tapırlar. Buğda, qarğıdalı, vitaminlər verirəm.İynələrini də vururam. Əsas ot". Qardaşların bəslədiyi xoruzlar Türkiyə və İndoneziya cinslərinə aiddir. Hər bir xoruza xüsusi döyüş fəndləri öyrədildiyi üçün bu quşların müştəriləri də çox olur. Namiq İsayev (həvəskar): "Mən bu xoruzumu satmaram. Yaxşı döyüşkən olduqdan sonra istəmirsən. Qiyməti 500 manat olar, amma satmaram". Döyüşü qazanan xoruzlara ət, fındıq, kişmiş verilir ki, enerjili və sağlam olsun. Samir isə qardaşından fərqli olaraq xüsusi bəslədiyi xoruzları satır. Bəzən bu "Heyratı"lara verilən pula avtomobil də almaq olar. Samir İsayev (Həvəskar): "Bunu bu dəyə mənim qardaşım baxır. Mən bilirəm ki, buna 5 min də versələr verməz. Xoruz var 300, 500 fərqlidir". Qardaşlar bizə xoruz döyüşünün şərtlərindən də danışdılar. Döyüş meydanında yatan və ya qaçan xoruz uduzmuş hesab edilir. Əgər döyüş 2 saat ərzində davam edərsə və qalib bilinməzsə, yarış başa çatır və xoruzların arasında sülh bağlanır. Daha maraqlısı isə odur ki, xoruzuna güvənən həvəskarlar böyük məbləğdə pul, bahalı hədiyyələr, hətta avtomobildən belə bəhsə girirlər.