Min bir dərdin dərmanı Naftalan nefti... - VİDEO
Müxbirimiz Naftalan Sağlamlıq Mərkəzindən yazır Dünyada yalnız Azərbaycanda mövcud olan Naftalan nefti respublikamızın ən qiymətli təbii sərvətlərindən biridir. Şəfa mənbəyi sayılan bu neft sayəsində 70-dən artıq xəstəliyin uğurlu müalicəsi mümkündür. “Yeni Müsavat”ın müxbiri Bakıdakı Naftalan Sağlamlıq Mərkəzinə baş çəkərək, bu neftin müalicəvi əhəmiyyətini araşdırıb. Məlumat üçün qeyd edək ki, Naftalan nefti ilə müalicə üçün bu mərkəzə üz tutanlar əsasən sümük-oynaq, əsəb, sinir, ginekoloji, uroloji və dəri xəstəlikləri, sonsuzluq, eləcə də qaraciyər xəstəliklərindən əziyyət çəkənlərdir. Mütəxəssislərin sözlərinə görə, bəzi xəstələrin 6 aydan bir, bəzi xəstələrin isə ildə bir dəfə Naftalan nefti ilə kurs götürməsi kifayətdir. Ölkəyə minlərlə turist cəlb edə biləcək bu təbii sərvət haqqında bizə mərkəzin baş həkimi Həşim Həşimov məlumat verdi. Həkimin sözlərinə görə, dünyada misli-bərabəri olmayan bu sərvət haqqında nəinki xarici ölkələrdə, yerli əhalidə belə yetərincə məlumat yoxdur. Halbuki məhz Naftalan nefti ilə müalicə hesabına minlərlə turist cəlb etmək mümkündür: “Dünyanın elə bir telekanalı yoxdur ki, Naftalan nefti haqqında gəlib buradan reportaj hazırlamasın. “Röyters” agentliyi belə gəlib buranı çəkib. Ölkəmizə gələn turistlərin bir çoxu bircə dəfə görmək üçün olsa belə buraya gəlirlər". Naftalan neftinin kimyəvi strukturundan danışan həkim dünyada buna bənzər bir maddənin olmadığını dedi: “Ona görə deyirəm ki, Allah min dərd göndəribsə, min bir dərman verib. Onun başında da Naftalan nefti dayanır. Digər karbohidrogenlərdən fərqli olaraq Naftalan cavan bir strukturdur, karbohidrogen quruluşu tamam fərqlidir, ağırdır, yanma ehtimalı çox aşağıdır. Onun parçalanması və yanması üçün çox yüksək temperatur lazımdır. Bizim daxili orqanlarımızda olan hormonlar, vitaminlər pentan quruluşa malikdirlər, beşbucaqlı şəkildədirlər. Naftalan neftinin quruluşu da eynidir. Bəlkə də faydalı olmasının bir sirri də odur. Təsir mexanizmi isə odur ki, Naftalan neftinin həm xarici, həm də daxili təsirləri var. Xaricdən 6 cür təsiri var: dəri toxumasına kimyəvi təsirləri, reflektor təsirləri, temperatur təsiri və sair var... Naftalan nefti dərinin toxumasından orqanizmin içinə daxil olur. Limfa sistemi ilə qoşulur, bizim maddələr mübadiləsindən tutmuş hormonal sferamıza təsir göstərir. Orqanizmin təmizlənməsində, ağır metalların orqanizmdən çıxarılmasında Naftalanın faydası sonsuzdur. Orqanizmə lazım olan mikroelementləri yerləşdirir, hansı lazımsızdırsa, onu orqanizmdən çıxarır. Məsələn, orqanizmə çoxlu yod lazımdırsa, onu yığır, sink lazımdırsa, onu yığır. Təbiiliyi ondadır ki, hər orqanizmə uyğun olaraq həmin maddələrin miqdarını özü tənzimləyir. Avropa ölkələrində də artıq kimyəvi dərmanlardan qaçırlar, bu cür təbii müalicə vasitələrinə üstünlük verirlər. Çünki bu kimyəvi dərmanlar orqanizmə yad maddələrdir, orqanizm onu qəbul etmək istəmir, öz saflığını qorumaq istəyir. Bu mənada biz Naftalan neftinin səhiyyədə geniş yayılmasının tərəfdarıyıq”. Həkimin sözlərinə görə, Naftalan neftinin müəyyən əks təsirləri də ola bilər: “Əks təsiri yüksək temperatur formasında ortaya çıxır. Qaraciyər xəstəliklərində, kəskin hepatitlərdə, qan xəstəliklərinin kəskin mərhələsində əks göstəriş verilir. Heç bir xəstəliyin kəskin mərhələsində biz Naftalan tətbiq etmirik. Adicə revmatizm xəstəliyinin kəskin mərhələsində biz bunu tövsiyə etmirik. Orada klassik tibbin köməyi ilə müalicə edib prosesi söndürəndən sonra növbəti dövrdə baş verəcək xəstəliyin kəskinləşməsinin qarşısını alırıq. 10 dəfə Naftalan vannası qəbul edən adam 6 ay və ya 1 il bu xəstəlikdən qurtulmuş olur. Əlbəttə, xəstəliyin kəskin dövründə Naftalanla effekt almaq olmayacaq. Ancaq xroniki xəstəliklərdə çox effektlidir. Sadəcə olaraq, bunu dünyaya təbliğ etmək lazımdır. Mən əminəm ki, yalnız Naftalanın hesabına buraya minlərlə turist gələcək. Rusiyadan, MDB ölkələrindən Naftalanın sorağını eşidib buraya müalicəyə gələnlər var. Elə xəstələr var ki, heç bir yerdə şəfa tapa bilməyiblər, Naftalan neftindən 3 gün vanna qəbul etdikdən sonra tamamilə sağalıblar. Bir xəstəmiz müalicə üçün İsrailə getmişdi. Ondan soruşublar ki, haradan gəlmisən. Deyib ki, Azərbaycandan. İsrail həkimləri deyiblər ki, sizdə Naftalan nefti kimi şəfa mənbəyi var, buraya niyə gəlmisiniz? Onu Azərbaycana geri göndərmişdilər, gəldi burada müalicə aldı”. Qeyd edək ki, buraya müraciət edən xəstələr ciddi şəkildə tibbi müayinədən keçirilir. Mərkəzin həkimi Mirzə Qaraşov deyir ki, əvvəlcə ürək-damar sistemi kardioqramma olunur, daha sonra şəkəri yoxlanılır: “Xəstənin epilepsiyadan əziyyət çəkib-çəkməməsi, ürəkgetmə hallarının olması, yeni keçirilmiş infarkt, beyin problemlərinin olub-olmaması araşdırılır. Müxtəlif analizlər verilir. Kəskin böyrək çatışmazlığı, kəskin hipertoniya zamanı, şiş xəstəlikləri zamanı əks göstəriş verilir.Naftalan neftini Azərbaycanda ilk dəfə neftçıxarma ilə məşğul olan ingilislər Naftalan şəhəri ərazisində tapıb istehsal etməyə başlamışdılar. Bunu ilk dəfə dəri xəstəliklərində tətbiq ediblər və çox effektli olduğunu görüb bütün dünyaya yaymaq istəyiblər. Sonradan inqilab baş verdi, çevriliş oldu, ingilislər də Azərbaycandan getdi və bu proses sona çatmadı. Sonradan bizim həkimlər gördü ki, Naftalan təkcə dəri xəstəliklərində yox, çox şeydə kömək edir. Məsələn, qadınlarda sonsuzluğun müalicəsində, iltihabi prosesin sorulmasında əvəzolunmaz bir məlhəmdir. İstənilən ginekoloq, uroloq səbəbi tapılmayan sonsuzluq hallarında belə, müalicəyə tabe olmayan iltihabi proseslərdə ilkin mərhələdə Naftalan nefti ilə müalicə tətbiq etsə, çox böyük nəticə ala bilər. Mən hərbidə həkim işləmişəm. Heç bir dərmanla sağalmayan dərin yaralarının sağalmasında Naftalan çox effektli idi, qısa müddətdə yaranı üzə gətirirdi".
Mərkəzdə olarkən onu da öyrəndik ki, Naftalan neftinin müalicəvi əhəmiyyəti haqqında eşidən xarici turistlər də dünyanın müxtəlif ölkələrindən Bakıya üz tuturlar.