Azərbaycanda yeni dərman vasitəsi ixtira olundu
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında çıxış edən Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov bildirib ki, “Ağ Naftalan yağı” oktyabrın 23-də Səhiyyə Nazirliyi tərəfindən dərman vasitəsi kimi qeydə alınıb.
Onun sözlərinə görə, akademiya tarixində ilk dərmandır ki, bunun istifadəsinə icazə verilib: “Dərmanın hazırlanması üçün vanna kimi istifadə edilən Naftalan neftinin tullantısından yağ alınıb. “Ağ Naftalan yağı”ndan dərman kimi istifadəsinə icazə verilib. Yeni dərman burun-boğaz xəstəlikləri üçün istifadə olunması nəzərdə tutulur”.
V.Abbasov əlavə edib ki, Naftalan neftindən digər dərman preparatlarının hazırlanması üçün də tədqiqatlar aparılmalıdır: “Naftalan neftindən yalnız vanna kimi istifadə edilməsi erası qurtarmalıdır. Çünki bu, həm də ətraf mühitə ziyan vurur”.(apa.az)