Onların sayı 763 NƏFƏRDİR
Hazırda Azərbaycanda bilavasitə İkinci Dünya müharibəsi iştirakçılarının sayı 763 nəfər təşkil edir. Bunu “Qafqazinfo” ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. O, bildirib ki, 12 549 nəfər isə İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarıdır. E. Babayev bildirib ki, hər il olduğu kimi bu ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə hər iki kateqoriyadan olan şəxslərə birdəfəlik yardımlar ayrılıb. Belə ki, sərəncam ümumilikdə 13 312 nəfər şəxsə şamil olunub. Onlardan 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçıları olan 763 nəfərin hər birinə 1000 (min) manat məbləğində, qalan 12 549 nəfərin hər birinə isə 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım verilib. “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin şəxslərin birdəfəlik maddi yardımlarla təmin olunması üçün maliyyələşdirmə işləri artıq başa çatdırılıb”- deyən E. Babayev vurğulayıb ki, sərəncamda nəzərdə tutulan şəxslərə birdəfəlik maddi yardımlar avtomatlaşdırılmış qaydada onların pensiya üzrə plastik kart hesablarına köçürülüb. Həmin şəxslərə ümumilikdə Prezidentin ehtiyat fondundan 7,2 milyon manat vəsait ayrılıb. Ötən ildən etibarən bu maddi yardımların məbləği 25 faiz artırılmaqla, müvafiq olaraq 800 manatdan 1000 manata və 400 manatdan 500 manata çatdırılıb.