Aclıq edən müharibə veteranının həyat yoldaşı prezidentə müraciət etdi- "İKİ XƏSTƏ ÖVLADIM VAR, ONLARIN ATASIZ BÖYÜMƏSİNƏ İMKAN VERMƏYİN"

acliq eden mehbus3

Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən müharibə veteranı Əliyev Həmid Rövşən oğlu 4 gündür ölüm aclığına başlayıb.

Bu haqda Gununsesi.info-ya məhbusun ailəsi məlumat verib. Onlar bildiriblər ki, Həmid Əliyev hazıda aclıq aksiyasını davam etdirir.

Məhbusun həyat yoldaşı Emine Yusifovanın sözlərinə görə, Həmid Əliyevin vəziyyəti kəskin pisləşib, lakin o aclığı dayandırmaq niyyətində deyil. E.Yusifova bildirib ki, Həmid Əliyev müharibə veteranıdır. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının qurama cinayət işinin qurbanıdır. Məhkəmədə təqsirləndirilən və şahid qismində dindirilənlər Həmidi tanımadıqlarını desələr də, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyev ona 10 il cəza kəsib. Müharibə veteranının həyat yoldaşı hesab edir ki, 2015-ci ildə ləğv edilmiş MTN-nin əməkdaşlarının ənənəvi  istifadə etdiyi İran vətəndaşı “Cəfər” variantını Həmid Əliyevə də tətbiq edərək, guya satmaq məqsədiylə narkotik maddə aldığını üzərinə qoyublar: “Necə olur ki, bu ölkənin hüquq-mühfizə orqanları hamını bəlaya salan “Cəfər”i heç vaxt tapa bilmir, o isə əlini-qolunu sallayaraq, sərhədləri keçir və külli miqdarda narkotik maddəni Azərbaycana keçirir, kimə istəyir satır, lakin axtaranda “tapılmır”. Amma kimisə şərləyib tutmaq istəyəndə onun adından istifadə edirlər”-, deyə o bildirib.

Məhkumun həyat yoldaşı Emine Yusifova prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya, ədliyyə naziri Fikrət Məmmədova, daxili işlər naziri Ramil Usubova müraciətində hazırda həbsdə olan həyat yoldaşı Əliyev Həmid Rövşən oğlunun şərlənərək həbs edildiyini, onun bütün bunlara dözməyərək müddətsiz aclıq aksiyasına başladığını deyir.

Gununsesi.info həmin müraciəti olduğu kimi təqdim edir:

“Cənab Prezident!

Həyat yoldaşım Əliyev Həmid Rövşən oğlu 1974-cü ildə Qazax rayonunda doğulub. Qarabağ uğrunda gedən müharibədə vuruşub, döyüşlərdə iştirak edib, yaralanıb, kontuziya alıb. Müharibə veteranıdır, əlildir. Həmişə ailəsini halal zəhmətlə dolandırıb. Qazax-Qırmızı Körpü-Bakı arasında taksiylə sərnişin daşıyıb. Hər gün taksiylə bü istiqamətdə sərnişin daşımaqla böyük ailəsini dolandırırdı. 2015-ci il aprelin 25-də axşam saat 7-8 radələrində evdən çıxdı ki, avtovağzala gedirəm. Arasından az bir müddət keçdikdən sonra həyat yoldaşımın telefonundan anası Minayə Əliyevanın telefonuna zəng gəldi. Açdı, lakin zəng edən tanımadığımız şəxs idi. Bildirdi ki, Nəsimi Rayon Polis İdarəsindəndir, oğlunuz Həmid buradadır. Bizi idarəyə çağırdı. Nə baş verdiyini bilmirdik. Düşündük ki, yəqin taksi sürücüləri sərnişin üstündə dava ediblər. Həyat yoldaşım müharibədə kontuzuya aldığına görə, bir az əsəbi və hövsələsizdir. Arada avtovağzalda adam üstündə sürücülər arasında söz-söhbət olurdu. Ora getdiyimizdə bəlli oldu ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları Binəqədi rayonu ərazisinə gəlib həyat yoldaşım Həmid Əliyevi aparıblar. Qızımız Şəkərin başında şiş olduğuna görə, tez-tez burnundan qan açılır. Həmin gün Həmid də evdən təzəcə çıxmışdı ki, yenə qızımızın burnundan qan açıldı. Həmən ona zəng etdim ki, əgər getməmisənsə, evə qayıt, qızın vəziyyəti pisləşib. Avtovağzalla 9-cu mikrorayonun arası hardasa 15 dəqiqəlik yoldur. Evə gəldi, dərman aldı, Şəkərin burnunun qanı kəsəndən sonra çıxdı, hardasa saat yarım sonra, dedi ki, siqaretim və birdəfəlik çayım qurtarıb, “Favorit” marketdən alım sonra gedim. Həmid deyir ki, marketə girdim, alış-veriş edib çıxanda gördüm ki, maşınımın yanında 2 nəfər mülkü geyimli şəxs dayanıb. Maşınına yaxınlaşanda həmin şəxslər sənədlərini təqdim edib deyiblər ki, biz sizin üzərinizdə baxış keçirəcəyik. Lakin yoxlama zamanı yoldaşımın üzərindən heç nə çıxmayıb. Sonra isə maşına baxış keçiriblər. Qəribə burasıdır ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları Binəqədi rayonu ərazisində əməliyyat keçirirlər.

Həyat yoldaşım sürücü olduğundan rayona aparmaq üçün bağlama və yük verənlər də olurdu. Həmin gün də səhər saatlarında həmyerlimiz Məhəmməd Mustafa oğlu Nəsibov adlı şəxs ona balaca bir çanta verib,  Qazaxda onu qardaşına çatdırmasını xahiş edib. Lakin həmin gün sərnişin olmadığından o, Qazax rayonuna gedə bilmədi. Məhəmməd adlı şəxsə zəng edib deyib ki, adam yoxdur deyə, Qazağa gedə bilmirəm, gəl çantanı geri apar. Məhəmməd Nəsibov telefonda gəlib çantanı götürəcəyini desə də, həmin gün gəlməyib. Daha sonra isə axşam saatlarında “Favorit” marketdən çay və siqaret alıb çıxarkən Həmidin qarşısını 2 nəfər mülki geyimli şəxs kəsib və üzərində axtarış aparacaqlarını deyiblər. Sonra isə onu Nəsimi Rayon Polis İdarəsinə aparıblar. Avtomobilindəki Məhəmməd Mustafa oğlu Nəsibova məxsus kiçik bağlamanı Həmidin iştirakı olmadan açıb baxış keçiriblər. Daha sonra isə Həmidə həmin bağlamada narkotik maddə olduğunu bildiriblər. Elə oradaca polis əməkdaşları dinləmə vasitəsiylə Həmidlə Məhəmmədin telefon bağlantısını qurublar. Məhəmməd Mustafa oğlu Nəsibov telefon danışığı zamanı etiraf edib ki, bağlama ona məxsusdur və götürməyə gəlir. Görüş yeri təyin edilir, Məhəmməd Nəsibov bağlamanı Həmiddən geri alarkən polis əməkdaşları tərəfindən həbs edilir. 3 saat polis idarəsində saxlanıldıqdan sonra M.Nəsibovu arxa qapıdan buraxmışdılar. M.Nəsibovun hayına gələn qohum-qardaşı qapıda dayanmışdılar. Orada olanlardan biri dedi ki, 20 000 pul var üzərimdə. Məhəmməd bu gün oradan çıxacaq. Gedin siz də bir 20 min tapın gətirin, onu da çıxardaq. Lakin biz bildirdik ki, Həmidin heç bir günahı yoxdur və nəyə görə gedib borc-xərc edib kiməsə pul verməliyik. Polis əməkdaşları Həmidə demişdilər ki, Məhəmmədə zəng elə, pul gətirsin səni də çıxarsın. Həmidə məxsus 050-381-82-44 nömrəli mobil telefondan M.Nəsibova məxsus 050-878-06-18 nömrəli mobil telefona 70-dən çox zəng edilib və bu haqda əlimizdə sorğunun nəticəsi var. M.Nəsibov ona yalan vəd verib, lakin gəlib çıxmadığına görə Həmidi Nəsimi Rayon Məhkəməsinə aparıb haqqında 2 ay həbs qətimkan tədbiri gördülər. İstintaq əməliyyatları zamanı Həmid ona qarşı qurama cinayət əməli aparıdığını bildirib, ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. Lakin istintaq özü də onun günahkar olmadığını bilsə də, azad etmədilər.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində də təqsirləndirilənlər və şahid qismində dindirilənlər Həmidi tanımadıqlarını, ondan narkotik maddə almadıqlarını söyləsələr də, hakim bunu dəstənin bir-birini müdafiəsi kimi göstərib ona 10 il həbs cəzası verdi. Lakin narkotik vasitənin tapıldığı bağlamanın sahibi M.Nəsibovun adı nə ibtidai, nə də məhkəmə istintaqı zamanı ortaya çıxdı. Eyni zamanda, evimizdə axtarış aparılmadığı halda, həmçinin kirayə yaşadığımız mənzil Binəqədi rayonu ərazisində yerləşsə də Nəsimi Rayon Polis İdarəsinin qurama cinayət işinə haqq donu geyindirmək uçun saxtakarlığa yol verilib. Belə ki, guya kirayədə qaldığımız mənzilin Nəsimi rayonu 4 mikrorayon, M.Cəlal küçəsi 54 saylı binada yerləşdiyini göstərdilər. Əslində isə Binəqədi rayonu, 9-cu mikrorayon M.Cəlal küçəsi 131 saylı binanın 14-cü mənzilində kiyarə yaşamışıq. Cinayət işində hər şey qurama olduğundan bütün bunlarla bağlı sorğu əsasında dəlil və sübutları toplamışıq. Lakin hakim R.Əliyev məhkəmə istintaqı zamanı təqdim edilən dəlil və sübutlara əhəmiyyət belə vermədi.

Cənab Prezident!

Hazırda həyat yoldaşım Həmid Əliyev 10 saylı cəzaçəkmə müəssisəsində iyunun 5-dən ölüm aclığına başlayıb. Bunu dayandırmaq niyyətində belə deyil.

Sizdən, həyat yoldaşımın Vətən qarşısında xidmətlərini nəzərə alıb onun işinə yenidən ədalətlə baxılmasına, əsl cinayətkarın həbs edilməsinə və qurama cinayət işi əsasında Həmidə tələ quran Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Firdovsi Əsədovun cəzalandırılmasına göstəriş verməyinizi xahiş edirəm.

İnanıram ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində bu cür əməllərlə məşğul olanlarla bağlı göstərdiyiniz qətiyyəti polis sıralarında günahsız vətəndaşlara qarşı aparılan qeyri-qanuni və qurama həbslər tətbiq edən, polis adına və şərəfinə xələl gətirən şəxslərə də tətbiq edib cəzalandıracaqsınız.

Ümid edirəm ki, Qarabağ uğrunda gedən döyüşlərdə rəşadət göstərib döyüşən, yaralanan müharibə veteranına qarşı edilən haqsızlığa son qoyulması üçün müvafiq göstəriş verəcəksiniz. Qeyd edim ki, iki xəstə övladım var. Onların atasız böyüməsinə imkan verməyin.

Hörmətlə,

Müharibə veteranı, hazırda qurama cinayət işiylə 10 il həbs cəzası çəkən Həmid Əliyevin həyat yoldaşı Emine Yusifova”.

acliq eden mehbus

acliq eden mehbus2

 






Fikirlər