Həkimdən hava dəyişkənliyi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

İstilərin ardınca hava temperaturunun birdən-birə düşməsi hallarına tez-tez rast gəlirik. Hazırda  Azərbaycan bu dönəmdən keçir.

Elə dünən 30 dərəcəyə yaxın isti olduğu halda, bu gün temperatur düşüb və yağışlar müşahidə edilir. Bu il bu cür hallarla daha sıx qarşılaşmışıq. Atmosfer təzyiqinin tərəddüdləri, temperaturun kəskin yüksəlməsi və yaxud aşağı enməsi, güclü şimal küləyinin cənub küləyi ilə əvəz olunması, eyni zamanda hava şəraitinin yağışlı, buludlu və ya çiskinli olması insanların əhval-ruhiyyəsinə də birbaşa təsir edir. Bəs bu təsirlər nədən ibarətdir? Hava dəyişkənliyinin hansı mənfi təsirləri ola bilər?

 Tibb üzrə ekspert, professor Adil Qeybulla  Modern.az-a açıqlamasında bildirib ki,  hava insan orqanizminə çox təsir edir. Bunun həm psixoloji, həm də fizioloji tərəfləri  var:

 “Ətraf mühitə uyğunlaşmaqda çətinlik çəkən adamlarda, məsələn,  şəkərli diabeti,  bronxial astması, yaxud müxtəlif xəstəlikləri olan şəxslərdə bu cür vəziyyətlərdə müəyyən problemlər yaşanır. Hava dəyişkənliyi ilə əlaqədar bu insanlar özlərini pis hiss edə bilər.

 Digər tərəfdən  isə əsas problem geyim seçimidir. Təsəvvür edin, dünən 30 dərəcə isti idi, hər kəs  nazik və qısa geyinir, kondisionerdən istifadə edirdi. Ancaq bu gün vəziyyət tamam başqadır. Buna görə də belə şəraitdə insanlar tez bir zamanda soyuqdəymə keçirə bilərlər. Bu cür soyuqdəymələr isə tənəffüs yollarında müəyyən problemlərə yol açır və ya başqa xəstəliklərə gətirib çıxarır. Ona görə də xüsusilə bu dövrdə geyim seçiminə diqqət etmək lazımdır. Eyni zamanda insanlar hava proqrozunu izləsə daha yaxşı olar. Bundan asılı olaraq da səhhətini qorumaq üçün xüsusi diqqətli olmaq önəmlidir”.

A.Qeybulla hava dəyişkənliyinin psixoloji təsirlərindən də danışıb:

 “Hava dəyişkənliyinin fizioloji təsirləri ilə yanaşı psixoloji təsirləri də var. Adətən yaxşı hava müsbət əhval-ruhiyyənin göstəricisi olur.  Məsələn, bir insan  yaxşı hava gözlədiyi üçün  gün ərzində hansısa planlar qura bilər. Hava, gözləntisinə cavab vermədiyi halda isə istər-istəməz o, özünü diskomfort hiss edir. Amma bu, təbiətin kaprizləridir və buna da uyğunlaşmağa çalışmalıyıq. Bunu biz idarə etmirik və nəzərə almaq lazımdır ki, hava dəyişkənliyi bizim iradəmizdən asılı olmayaraq dəyişir”.

 Adətən hava proqnozlarında meteohəssas insanlara da xəbərdarlıq edilir. Ekspert bundan da söz açıb:

 “Meteohəssas insanlar nəinki hava dəyişkənliyinə, həmçinin iqlim, hava təzyiqinin dəyişkənliyi, təbiətdə baş verən müxtəlif hadisələrə qarşı çox həssas olur. Adətən bu insanlara xəbrdarlıq ona görə edilir ki, digərlərindən fərqli olaraq iki qat diqqətli olsunlar. Yəni bu cür insanlar dəyişkən havalarda çölə çıxmasalar daha yaxşı olar. O cümlədən evdə qaldıqları halda da diqqətli olmalıdırlar.  Meteohəssas insanlar iqlim dəyişikliyinə o qədər həssas olur ki, bu, onların qan təzyiqləri, arterial təzyiqləri, hemoqlobin göstəricilərinə təsir edir. Həmin insanlar haldan-hala düşürlər. Buna görə də imkan daxilində bu cür havalarda çox gəzməsələr daha məqsədəuyğundur”.

 






Fikirlər