Binə sahiblərinin dərdləri açıb-daşır - REPORTAJ, FOTOLAR
Bakının Binə qəsəbəsinin sakinləri illərdir ki, susuzluqdan əziyyət çəkirlər. Sakinlər musavat.com-a bildiriblər ki, Bakıda infrastruktur yenilənib, quruculuq işləri aparılsa da, onlar hələ də suyu quyular vasitəsilə əldə edirlər. Məsələ ilə bağlı daha detallı məlumat əldə etmək üçün Binə ərazisinə yollandıq. Öyrəndik ki, burada sakinləri narahat edən məsələ təkcə su problemi deyil. Eyni zamanda qəsəbənin ərazisində ara yollar da yararsız vəziyyətdədir. 200 minə yaxın əhalisi olan qəsəbə günbəgün genişlənir, torpaqlar alınıb, evlər tikilir. Ancaq problemlər öz həllini tapmır. Qəsəbə sakini Abbas Quliyev bildirdi ki, hər quyunun qazılması 400 manata başa gəlir. Lakin suyu da elə istənilən quyudan əldə etmək mümkün deyil: "Binədə "Sovxoz” deyilən ərazidə illərdir ki, su yoxdur. Əvvəllər buralar səhralıq idi. İndiki kimi evlər çox deyildi. Getdikcə xüsusilə cənub zonasından təsərrüfat məqsədilə bura xeyli sayda ailələr gəlib, ev tikib yaşamağa başlayıblar. Ona görə də hazırda qəsəbənin etnik tərkibi daha çox cənub zonasının sakinləridir. Son illər isə digər bölgələrdən də insanlar gəlib, buradan torpaq alıb, ev tikdilər. Mərkəzdə torpaq və hazır evlər baha olduğu üçün imkanı bir qədər zəif olanlar burada və ətraf ərazilərdə özlərinə şərait qurub, yaşayırlar. Yəni getdikcə Binə əhalisinin sayı artır. Rəsmi məlumatlarda bildirilir ki, Binədə 55-60 min əhali yaşayır. Ancaq əslində belə deyil. Burada əhalinin sayı 200 minə yaxınlaşır. Üç-dörd il bundan öncə Binədə sotu 2 min manata olan torpaq, hazırda 4-7 min manatadır. Bunların hamısı təsadüfi deyil. Deməli axın var ki, torpaq da bahalaşır. Bəs yaxşı, bu qədər əhali nə üçün içməli su ilə təmin olunmur? Bir müddət öncə gəlib, burada su xətləri çəkməyə başladılar. Bəzi ailələr su ilə təmin olundular. Ancaq əksəriyyət yenə də susuz qaldı. 400 manat verib, quyu qazdırırıq, oradan su çəkib, çənlərdə saxlayıb, içməli suya olan tələbatımızı bu cür ödəyirik. Su quyusunu da elə haranı gəldi qazmaqla əldə etmək olmur. Elə adam var ki, 1.5 sotun içərisində ev tikib, ancaq həyətində quyu qazmağa yer yoxdur. Və ya yerindən su çıxmır. Bu adamlar məcbur qalıb, hər ay pul verib su gətizdirirlər. Yaxud da iki qonşu bir quyudan istifadə edir ki, bu da başqa bir problem yaradır. Vəziyyətimiz çox çətindir”. Sakinlər bildirdilər ki, xüsusilə də yay aylarında su sarıdan xeyli əziyyət çəkirlər. Qış aylarının da özünə görə çətinlikləri var. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi Binədə əsas yol xaricində heç bir yol təmir olunmayıb. Evlərə gedən ara yollar bərbad vəziyyətdədir. Bu isə insanların yay aylarında toz, qış aylarında isə palçıq səbəbindən fəaliyyətlərinə maneə yaradır. Sakinlər bildirdilər ki, yalnız onların öz təşəbbüsləri ilə bəzi küçələrə çınqıl tökülüb. Qalan ərazilər isə bərbad vəziyyətdədir. Binə əhalisinin əsas problemi olan su məsələsi ilə bağlı rəsmi məlumat əldə etmək üçün "Azərsu” ASC-nin mətbuat xidməti Anar Cəbrayıllı ilə əlaqə saxladıq. A.Cəbrayıllı bildirdi ki, onların Binə qəsəbəsində su xətlərinin çəkilməsi ilə bağlı planları hazırdır: "Həmin ərazidə heç bir şəbəkə yoxdur. Lakin bizim master plana əsasən Binə qəsəbəsində işlər görülüb. Belə ki, bu qəsəbədə 38 kilometr su xətti çəkmişik. Nəticədə 9800 insan ilk dəfə su ilə təmin olunub. Eyni zamanda bundan əlavə də 3 min nəfərin su təchizatı yaxşılaşıb. Artıq onlar quyu suyundan deyil, bizim şəbəkədən istifadə edirlər. Bizim master plana əsasən Binə qəsəbəsində işlərin həyata keçirilməsi nəzərdə tutulub. Bunun bağlı da layihələrimiz hazırdır. Bu layihələr isə dövlət investisiyaları hesabına, mərhələli şəkildə həyata keçirilir. Yəni dövlət investisiya ayırdıqca, bu işləri həyata keçiririk. Vəsait ayrıldıqca, mərhələli şəkildə işləri görəcəyik”. Musavat.com,