Hər səhər Sumqayıtda yaşanan gərginlik: "Avtovağzala getmirik, VƏSSALAM"
Sumqayıt sakinləri şəhər Avtovağzalındakı vəziyyətdən narazıdırlar. Onlar Publika.az-a bildiriblər ki, avtovağzal uzun müddətdir qrafiksiz işləyir. Şəhər sakini Aynurə Həsənova bildirib ki, hər səhər işə, dərsə gedərkən insanlar saatlarla avtobus gözləyir, gələn avtobusun da “mən avtovağzala getmirəm” sözləri ilə əsəb, stress keçirirlər: "Sumqayıt ölkənin 3-cü böyük şəhəri olsa da, avtovağzalındakı vəziyyət ən ucqar dağ rayonlarında belə yoxdur. Səhər saat 7-dən avtobus gözləyən insanlar gələn avtobusa minmək üçün az qalırlar bir-birlərini əzsinlər. 40-45 dəqiqədə bir avtobus gəlir. Sözün əsl mənasında insanlar bir oturacaq üstündə savaşırlar. Hansı maşına yaxınlaşırıq, deyir, mən "20 Yanvar"a gedirəm. Bakı Avtovağzalına heç kim getmək istəmir. Avtovağzala gediş haqqı 40 qəpikdir, "20 Yanvar"a isə 60 qəpik. 20 qəpiyə görə biz hər səhər 40 dəqiqədən çox avtobus gözləyirik. Yolda da avtobus dolu ola-ola sərnişin götürürlər. İşə gecikməyimiz bir tərəfə, bütün əsəblərimiz korlanır.” Özünü nəzarətçi kimi təqdim edən Xaliq adlı şəxs Publika.az-a dedi ki, sürücülər onlara tabe olmaq istəmirlər: "Sərnişinlər çox olduğu üçün şirkət maşınlarının içəri daxil olmasına icazə verilir. Onlar da bundan istifadə edib, öz keflərinə uyğun hərəkət edirlər". Sumqayıt Avtovağzal Kompleksinin rəhbəri Şamil Abbasov isə söylədi ki, bu avtobuslar qeyri-qanuni fəaliyyət göstərirlər: "Onların bizə aydiyyatı yoxdur. Sizin nəzərdə tutduğunuz avtobuslar avtovağzalın ətrafından sərnişin toplayır. Onlar bizə tabe deyillər. Avtovağzal daxilindən çıxan avtobusların hər biri Bakı Avtovağzalına gedir. Ola bilməz ki, bizim nəzarətimizdə olan avtobuslarda bu cür hallar yaşansın. Bakı-Sumqayıt istiqamətinə 32 sərnişin daşıyan avtobus buraxılıb. Avtovağzaldan kənarda dayanan avtobuslara cavabdehlik daşımırıq. Onlar qanunsuz fəaliyyət göstərirlər deyə, Bakı Avtovağzalına daxil ola bilmirlər. Sürücülərlə həmsöhbət olub Bakı Avtovağzalına niyə getmədilərini öyrənməyə çalışdıq. Bildirdilər ki, şikayət edən sərnişinləri qınamırlar, amma sürücüləri də başa düşmək lazımdır: “Heç kimi qınamaq olmur. Nə deyirlərsə, düz deyirlər. Mən də sərnişinlərdən biri. Kim istəyər hər səhər əsəbi halda işə, dərsə getsin? Amma bizdən asılı olmayan səbəblərdən məcbur oluruq. Elə hər dəfə avtovağzala girib-çıxanda 3 manat pul alırlar. Gündə 5-6 dəfə gedib gəlirik. Avtovağzala gedənlərin sayı da, gediş haqqı da aşağıdır. Ona görə məcbur oluruq "20 Yanvar"a daha çox işləyək. Biz də ailə dolandırırıq, gündəlik qazanca baxırıq. Neçə ildir deyirlər sistem dəyişəcək, aylıq maaş alacaqsız, hələ ortada bir şey yoxdu".