Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) halallıq zəmanəti verdiyi “SAB” kolbasa-sosiska firması istehlakçıları çaş-baş qoyub.
AzEuroNews.com-a göndərilən foto materialda “SAB” sosiskasının bu şirkətə aid olub-olmadığı sual edilib.
Şəkildən görünür ki, sosiskanın üzərində ağ nöqtələr var. Oxucu yazır ki, marketdən alıb evə gətirib və açanda həmişə aldığı “SAB”ın sosiskası olmadığını görüb.
“Bu şirkətin sosiskalarını həmişə bəyənmişik. Ancaq bu məhsul ona oxşamır. Şəkildən görürsünüz ki, üzərində ağ nöqtələr var, qəribə iy gəlirdi.
Nümunə üçün birini qaynatdıq və həmin ağ nöqtələr qaraltıya çevrildi, yeyilməz şəkil aldı. Bizi maraqlandıran budur ki, bazara bu məhsulları çıxaran kimərdir? Niyə öz ailələrinə rəva bilmədiklərini xalqa yedirirlər?
Əgər bu məhsul “SAB”ın deyilsə və onun adından sui-istifadə edib eyni əmtəə nişanla hansısa dəllallar bazara çıxarırsa, onda şirkət öz nüfuzuna hörmət qoyub araşdırma aparsın, aydınlıq gətirsin, müvafiq orqanlara şikayət etsin.
Çünki bundan əvvəl aldığımız “SAB” sosiskalarında belə halla qarşılaşmamışdıq və etibarımız yaranmışdı”,-deyə şikayətçi qeyd edir.
Mətbuatda yayılan xəbərlərdə isə deyilir ki, ayrı-ayrı qurumların hallalıq sertifikatı verdiyi “SAB” Hindistandan gətirilən zebr ətini kolbasalarına qatır.
Hələ bir müddət əvvəl publika.az yazmışdı ki, şirkətin rəhbərliyi özü müsahibələrində xammalın 50-60 faizini Hindistandan, 30-35 faizini yerli bazardan aldıqlarını etiraf edib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun bir müddət əvəl verdiyi açıqlamanı isə xüsusi xatırlamağa ehtiyac var və bunu hansısa adi adam yox, dövlət məmuru söyləyib.
Sitat:“Kolbasa və ya sosis üçün müəyyən edilmiş standart şərtlərində göstərilir ki, bu məhsula donuz piyi vurulmalıdır.
Əgər bu vurulmursa, o zaman həmin məhsul standarta uyğun hesab olunmur. O zaman da həmin məhsulun buraxılmasına biz imkan vermirik. Belə olan halda həmin kolbasa necə halal ola bilər?”
Məlumat axşam saatlarında gəldiyi üçün Bakı ilə əlaqə saxlamaq və şirkəti mövqeyini öyrənmək mümkün olmadı.