50 MİN AZƏRBAYCANlının qətl edildiyi 31 MART...

Nəsiman Yaqublu: “Şaumyanın başçılığı altında Bakıda yerləşən silahlı erməni dəstələri qətliamın törədilməsində birbaşa iştirak edirdilər”

Tariximizin erməni cinayətkarları tərəfindən törədilən daha bir qanlı faciəsinin 1918-ci ildə baş verən 31 mart soyqırımının  100 illiyi tamam olur.  Bu məqsədlə prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

“Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan ermənilər 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən bu  plan həyata keçirilməyə başlandı.

Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edildi. Ermənilər evlərə od vurub, insanları diri-diri yandırdı. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb, Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqlarla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.

Nəsiman Yaqublu ile ilgili görsel sonucu

Tarixçi  alim Nəsiman Yaqublu “Yeni Müsavat”a açıqlamasında bildirib ki, 31 mart soyqırımının əsasında ermənilərin “Böyük Ermənistan” yaratmaq iddiaları dayanırdı: “Bu siyasi bir məsələ idi, ermənilər Qafqazda özləri üçün bir ərazi axtarışında idilər. 1917-18-ci illərdə ermənilərin bir paytaxtı da yox idi, Yerevan hələ İrəvan quberniyası olaraq azərbaycanlıların yaşadığı bir məkan idi. Ona görə də ermənilər hər vasitə ilə bu soyqırımı törədib buradan yerli əhalini qovmaq və burada məskunlaşmaq xəttini tutmuşdular. Çünki həmin vaxt Azərbaycanda ümumilikdə 300 minə yaxın erməni yaşayırdı. Bu, az say deyildi. 300 minə yaxın erməni burada özlərinin ərazisini yaratmağa cəhd edirdi. Ona görə də Bakı onlar üçün əlverişli bir yer idi. Digər tərəfdən, Rusiya onlara dəstək verirdi. Onlar Bakı  quberniyasına tamamilə sahib olmaq istəyirdilər. Bu səbəbdən Şaumyanı 1917-ci ildə Bakı sovetinin sədri təyin etmişdilər. Rəhbər vəzifədə olanların da əksəriyyəti ermənilər idi. Onlar üçün şərait yaranmışdı ki, belə bir soyqırımı həyata keçirsinlər. Bu, təsadüf nəticəsində baş tutmamışdı, öncədən planlaşdırılan bir hadisə idi. Həmin gün baş verən soyqırımda bəzi mənbələrə görə 12 min, bəzi mənbələrə görə 14 min insanımız vəhşicəsinə qətlə yetirildi. Qətlə yetirənlər isə silahlı ermənilər idi. Çünki o dövrdə Rusiya cəbhəsindən gələn və Şaumyanın başçılığı altında Bakıda yerləşən silahlı erməni dəstələri var idi ki, onlar həmin qətliamın törədilməsində birbaşa iştirak edirdilər”.

Tarixçinin sözlərinə görə, soyqırımın törədilməsinə orada olan rus əsgərləri də cəlb edilmişdi: “Ancaq bir qədər keçdikdən sonra rus əsgərlər geri çəkildilər, ermənilər isə soyqırımı davam etdirdilər. Təkcə Bakı ilə də bu məsələ bitmədi. Sonradan Qubada, Şamaxıda və digər bölgələrdə də ermənilər qətliamı davam etdirdirlər, hər bölgədə 10 min nəfərdən çox soydaşımızı qətlə yetirdilər. Bu, təkcə Bakıda baş verən bir hadisə deyildi. 1918-ci ilin sentyabr ayına qədər bəzi mənbələrə görə 40 min, bəzi mənbələrə görə 50 min nəfər azərbaycanlı ermənilərin törətdikləri soyqırımın qurbanı oldu”.

Yaqublu vurğuladı ki, 31 mart soyqırımının ölkədə tanıdılması ilə bağlı Azərbaycanda kifayət qədər işlər görülüb, lakin beynəlxalq səviyyədə bu iş yetərincə aparılmır: “Bu istiqamətdə kitabların çap edilməsində, arxiv sənədlərinin toplanmasında, onların nəşr edilib ortalığa qoyulmasında kifayət qədər təbliğat işləri aparılıb. Kifayət qədər elmi işlər hazırlanıb, doktorluq və namizədlik dissertasiyaları yazılıb, sənədli filmlər çəkilib. Ancaq bizim bu Xocalı soyqırımını dünya ictimaiyyətinə tanıtmağımızda problem olduğu kimi, 31 martı da tanıda bilməmişik. Ona görə də biz ermənilərin xalqımıza qarşı törətdikləri bu soyqırımları ümumiləşdirib bir ümumi soyqırım adı altında dünyaya tanıtmalıyıq. Ayrı-ayrılıqda tanıtmağa gücümüz çatmayacaq. 26 fevral Xocalı soyqırımı, 31 mart soyqırımı, rayonlarımızın işğal günləri - bunların hamısını ayrı-ayrılıqda dünya ictimaiyyətinə çatdıra bilməyəcəyik. İldə bir dəfə müvafiq tarixlərdə 3-5 mətbuat orqanında məlumat veririk, bir də gələn ilə qalır. Ona görə də bir yol düşünməliyik ki, ümumi bir şəkildə tanıda bilək”.






Fikirlər