NAZİRLİK Xədicə İsmayıldan 66 min manat TƏLƏB RDİR

xedice i

Dekabrın 19-da 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə Vergilər Nazirliyinin araşdırmaçı-jurnalist Xədicə İsmayıla qarşı 63 min 138 manatlıq vergi borcunun tutulmasına dair iddiası üzrə məhkəmə iclası davam edib.

“İddia üzrə özümü günahkar saymıram. Vergilər Nazirliyinin iddiası qanuni deyil. Azadlıq radiosunun Bakı Bürosunun rəhbəri olarkən maliyyə məsələləri ilə bağlı cavabdeh olmamışam, hər hansı maliyyə sənədinə imza atmamışam. Radio ilə bağlı vergi öhdəliyim olmayıb və guya hansısa vergi ödəməsindən belə yayınma olsa da bundan hər hansı mənfəət götürməmişəm”, jurnalist məhkəmənin diqqətinə çatdırıb.

Hakim Xədicə İsmayıla qarşı vergi borcunun 45 min 145 manatadək azaldılması barədə qərardad çıxardığını bildirib. Bununla yanaşı jurnalistin bank hesablarına qoyulmuş həbs götürülməyib.

“Məhkəmə başa çatanadək bankdakı hesablarınızda 43145 manat məbləğə həbs qoyulacaq. Məhkəmənin qərarından asılı olaraq hesablarınıza həbs qərarında dəyişiklik ediləcək”, hakim Məhəmməd Əkbərov qeyd edib.

Onun sözlərinə görə, jurnalistin üzərinə vergi öhdəliyini Ali Məhkəmənin cinayət kollegiyası qoyub.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israfetmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilib.

Jurnalist bütün ittihamları rədd edib.

2016-cı il mayın 25-də Xədicə İsmayıl Ali Məhkəmənin qərarı ilə həbsdən buraxılıb. Məhkəmə onun cəzasını 3 il 6 ay şərti cəza ilə əvəz edib. İki maddə – 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) üzrə ittiham onun üzərindən götürülüb.

2017-ci ilin noyabrında Vergilər Nazirliyi araşdırmaçı-jurnalistə qarşı 63 min 138 manatlıq vergi borcunun tutulmasına dair mülki iddia qaldırıb.

Xədicə İsmayıl 2008-ci ilin iyulundan 2010-cu ilin oktyabrına qədər “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri olduğu dövrdə 45 min 145 manatlıq mənfəət vergisini büdcədən yayındırmaqda günahlandırılıb. Ona həm də işçilərlə əmək müqaviləsi yox, xidməti müqavilə bağlamaqla onlara 14%-lik gəlir vergisi deyil, 4%-lik sadələşdirilmiş vergi ödəmək şəraiti yaratmaqla 10%-lik fərqi – ümumilikdə 17 min 992 manatı israf etməyə görə ittiham irəli sürülüb.

Ancaq Ali Məhkəmə jurnalistə qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israfetmə) maddəsi ilə bəraət verib. Bu baxımdan 17 min 792 manatlıq məsələ qüvvəsini itirib. Məhz buna görə, noyabrın 7-də məhkəmə Vergilər Nazirliyinin iddiasını 45145 manatadək azaldılması barədə qərardad çıxarıb.

“Vergilər Nazirliyi məndən tələb etdiyi pulu “Azadlıq” radiosunun Azərbaycan nümayəndəliyindən də tələb edir. Mənfəət vergisinin yayındırılmasına gəlincə, “Azadlıq” radiosu qeyri-kommersiya təşkilatıdır, mənfəət əldə etmir. Belə olan halda, necə mənfəət vergisinin obyekti ola bilər? Azadlıq radiosunun vergi öhdəliyi olsa belə həmin məbləğin məndən də tutulması absurddur. Azadlıq radiosunun da hesabına həbs qoyulub və həmin hesabda tələb edildiyindən də çox pul var. Radio bu məsələni məhkəmədə mübahisələndirir” jurnalist bugünkü məhkəmə iclasında sual edib.

Jurnalist deyib ki, indiyədək ona qarşı olan məhkəmə qərar və hökmündə onun üzərinə heç bir maliyyə öhdəliyi qoyulmayıb. O, xəbərdarlıq edilmədən bank hesabının dondurulmasının qanunsuz olduğunu bildirib.

Xədicə İsmayılın bank hesabları 2017-ci ilin noyabrında bir neçə beynəlxalq təşkilatlardan mükafat aldıqdan sonra dondurulub. Bu günlərdə isə Avropa İnsan Hüquqları Məhkəməsi jurnalistin şikayəti üzrə qəbul etdiyi təzminat bank hesabına köçürüləndən sonra onun Beynəlxalq Bankdakı hesabına həbs qoyulub.

Vergilər Nazirliyi məhkəməyə vergi hesablanması ilə bağlı yeni sənədlər təqdim etdiyindən Xədicə İsmayılın həmin sənədlərlə tanış olması üçün məhkəmə iclası dekabrın 21-i saat 11-dək təxirə salınıb.

Xədicə İsmayıl “Amerikanın Səsi”nə bildirib ki, məhkəmə onun üzərinə vergi öhdəliyi qoyarsa, Avropa Məhkəməsinə şikayət edəcək.

Xatırladaq ki, hazırda jurnalistin 12 şikayəti Avrtopa Məhkəməsindədir. Onlardan çoxunun kommunikasiyası başa çatıb, bir iş üzrə qərar qəbul edilib.

(Amerikanın səsi)






Fikirlər