Fala baxmaq adı ilə vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilən Lalə İbrahimova və oğlu "Cindar Hüseyn” kimi tanınan Hüseyn Əlizadənin məhkəməsi davam edib.
Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Röya Səfərov dindirilib.
O qeyd edib ki, Karate Federasiyasında 18-20 yaşlardan ibarət yığma komandada baş məşqçi işləyir və iki dəfə dünya çempionu olub: "Zərərçəkən şəxslərdən Rübabə Ağayevanı tanıyıram. O, ana əvəzimdir, uşaqlıqdan yetim böyümüşəm, məni o himayə edib, böyüdüb. Bu işdə onu aldadıblar. Mənim qızıllarım da belə ələ keçib. Ailəmdə problem var idi. Yoldaşımdan ayrılmışdım. Ailəm üçün dəfələrlə barışmağa cəhd edirdim. Bir gün Rübabə xanım zəng edib məni evə çağırdı. Dedi ki, caduya baxanlar gələcək, evdə tək olmaq istəmir. Mən də gələndə bunları gördüm. Evi axtarırdılar, həyəti qazırdılar. Nəsə bükümlər tapmışdılar. Ailəmə cadu edildiyini dedilər. Mən də inandım. Qızıllarda qurd yağı olduğunu deyib alıblar. Sonra da 7 min nağd pulu" - deyə zərərçəkmiş ifadəsinə əlavə edib. Həmin qızılların kimə məxsus olması və ümumi dəyəri haqda isə R.Səfərov bunları deyib: "Nənəmin mənə verdiyi qızıllar idi. Mən də yoldaşıma vermişdim. Boşanandan sonra da məndə qaldı. Rübabə xanım qızılları yenisi ilə dəyişdirmişdi. Heç indi də görsəm, həmin qızılları tanımaram".
Röya Səfərov hadisə barədə məhkəmədə ətraflı danışmayıb. Onun istintaqda geniş ifadəsindən sitat belədir: "Evdə Hüseyn dedi ki, göstərəcəyim yerləri əlinizlə qazın. Rübabəyə də deyirdi ki, gəl bax. Hüseyn mənə qazdırdığı yerlərdən caduları özü çıxarırdı. Mən qazanda heç nə aşkar etməmişdim. "Cindar Hüseyn” evdə də mütləq cadu olduğunu dedi və yataq otağındakı balışdan "cadu” tapdı.
Hüseyn mənə mütləq yoldaşımla barışmaq üçün Dağıstana getmək lazım olduğunu dedi. Dedi ki, gərək özü də ora gedib caduları təmizləsin. Məndən 4500 manat istədi. O qədər pulumun olmadığını dedim. Xərçəng xəstəsi olan nənəmi sağaldacağını da vəd etdi. Dedim, sən hər şeyi həll et, alınsa maşını satıb verəcəyəm. Ondan sonra bir daha Hüseyni görmədim. Bu hadisədən bir müddət sonra eşitdim ki, Rübabə xanımda olan 30 min manatlıq qızıllarımı "caduları təmizləmək” üçün Hüseynə verib”.
Rübabə Ağayeva ifadəyə münasibət bildirib. Qeyd edib ki, ana və oğlu ondan qızılları qurd yağından təmizləmək üçün alıb. Nağd pulu da ceyran göbəyi almaq üçün: "Qızılları təmizləyəcəkdi. Cadunu pozmaq üçün də ceyran göbəyi alacaqdı".
R.Səfərov ifadəsinin sonunda növbəti dəfə məhkəməyə gəlmək istəmədiyini deyib.
Bildirib ki, beynəlxalq yarışa hazırlaşır və indi də məşqdə olmalıdır.
Qeyd edək ki, "Cindar Hüseyn” ləqəbi ilə tanınan falçı H.Əlizadə və onun anası L.İbrahimova dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Onlara qarşı irəli sürülən ittihama görə, H.Əlizadə anası ilə birlikdə təkcə zərərçəkmiş Rübabə Ağayevadan külli miqdarda pul və qızıl-zinət əşyalarını fırıldaq yolu ilə ələ keçirib.
R.Ağayeva bildirib ki, o, "Cindar Hüseyn”ə, ümumilikdə, 300 min manata yaxın pul - 57 000 ABŞ dolları, 15 000 Böyük Britaniya funt sterlinqi, 47 000 manat və 55 000 manat dəyərində 600 qram qızıl və zinət əşyaları verib.
Məlumata görə, pulları Ağayevlər ailəsindən cinlərə qonaqlıq vermək adı ilə alan H.Əlizadə və anasının cinayət işi Binəqədi Rayon Prokurorluğunda araşdırıldıqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib.