Nəqliyyat nazirinin müşaviri olmuş Çingiz Baxşıyevin yaxın qohumu Rövşən Əhmədov həbsdədir. O, uzun illər yanında işlədiyi qohumu Ç.Baxşıyevin 800 min manatdan artıq dəyəri olan qızıl-zinət əşyalarını oğurlamaqda təqsirli bilinir. Sabiq nazir müşaviri Ç.Baxşıyev külli miqdarda qızılını, pulunu əmanət etdiyi qohumundan şikayətçi olub.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətkər Məhkəməsində Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Məlumat üçün bildirək ki, bu cinayət işi hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə araşdırılıb. Sabiq nazir müşaviri və onun ailə üzvləri məhkəmədə ifadə verib. Amma Çingiz Baxşıyevin qızları ifadə verərkən məhkəmə prosesinə media nümayəndələri buraxılmamışdı.
Təqsirləndirilən şəxsin vəkili hakimə etiraz edərək bildirmişdi ki, cinayət işinin araşdırılmasını heç bir səbəb olmadan qapalı keçirmək, işə obyektiv baxılmaması deməkdir. Bu səbəbdən də vəkilin hakimə etirazı müşavirə zamanı təmin edilmiş və iş yenidən araşdırılması üçün hakim Əfqan Hacıyevin icraatına verilmişdi.
Növbəti məhkəmə proseslərində Çingiz Baxşıyev və onun qızları yenidən dindiriləcək.
Musavat.com Baxşıyev Çingiz Nərimanoviçin istintaqa ifadəsini əldə edib. Sabiq nazir müşvari isitintaqdakı ifadəsində ona məxsus olduğunu və qohumu tərəfindən oğurlandığını iddia etdiyi qızlları haqda ətraflı danışıb .
Qızıl təsbeh, qızıl kəmər, briliyant döş nişanı…
Ç.Baxşıyev ifadəsində göstərib ki, Qırğızıstanda anadan olub və 2003-cü ilə kimi ailəsi ilə birlikdə orada yaşayıb. 2003-cü ildə isə Bakıya gəlib.
Hazırda həbsdə olan Rövşən Əhmədovun ana tərəfdən qohumu olduğunu, analarının əmiqızları olduğunu deyən Ç.Baxşıyev əlavə edib ki, Azərbaycandan kənarda yaşadıqları üçün digər qohumları ilə münasibətləri olmayıb, amma Rövşən və onun ailəsi ilə əlaqələrini daim saxlayıblar: “Bakıya qayıtdıqdan sonra da bir-birimizin evində tez-tez olmuşuq. Avtomobil Nəqliyyat İdarəsində işlədiyim müddətdə də Rövşən yanımda müfəttiş vəzifəsində işləyib. Bir-birimizə də etibarımız olub”.
Sabiq anzir müşaviri qızılları qohumu Rövşənə etibar etməsini belə izah edib: “Qızım Sevil işlədiyinə və gündüzləri evlərində heç kim olmadığına görə, digər qızım Fatma isə səhhəti ilə bağlı tez-tez Türkiyəyə getdiyi üçün qiymətli əşyalarını bizim evdə saxlayırdılar. Qızlarıma məxsus qızılları da, öz qızıllarımı da ayrı-ayrı qablaşadırılmış şəkildə saxlayırdım. 2015-ci ilin sentyabr ayında həyat yoldaşım ilə Avstriyada olan oğlumuza baş çəkməyə gedəcəkdik. Rövşənə etibar etdiyimiz üçün qızılları ona verərək səfərə çıxmaq qərarına gəldik. Bu barədə qızlarıma da dedim. Onlar da razılaşdı. Evdə olan qızılları ayrı-ayrılıqda salafan torbaya qoydum”.
Ç.Baxışıyev ifadəsinin davamında Rövşən Əhmədova verdiyi torbada nələrin olmasından danışıb.
Sabiq nazir müşaviri bunları deyib: “Qızıl manetləri və iki ədəd saatı bir ədəd 2 kiloqramlıq “kapron” qatıq vedərsinə, bir ədəd 500 qramlıq dəmir çay qabına qoydum. Orada təxminən 60-70 ədəd 5-lik, 200 ədəd 10-luq, 8 ədəd 7.5-lik, 15 ədəd 15-lik və 20 ədəd qədimi medalyonlar var idi. Digər qutuda isə müxtəlif qızıl saatlar, Heydər Əliyevin yubileyi ilə əlaqədar buraxılmış manetlər, qızıl 100 manatlıq və qızıl təsbehim də var idi.
Həmin üç ədəd bağlamanın hər birini yapışqan lentlə bağladım. Ayrıca bir selefona qoyaraq ağzını düyünlədim. Hətta bütün qızılların siyahısını tutaraq həmin torbanın içərisinə qoydum”.
Ç.Baxşıyev ifadəsinə əlavə edib ki, həmin torbanın içərisində olan qızıl-zinət əşyalarının çəkisi 6-7 kiloqrama qədər imiş.
Bundan sonra Rövşəni evinə dəvət etdiyini deyən Ç.Baxşıyev bildirib ki, həyat yoldaşının yanında torbanı Rövşənə verib və Bakıya qayıdana qədər saxlamasını istəyib: “Rövşən də bizi əmin etdi ki, qızıllara etibarlı şəkildə baxacaq. Narahat olmamağımızı dedi. Tez-tez xaricə getdiyimiz üçün sonradan qərara gəldim ki, qızıllar elə orada qalsın. Rövşən də məni əmin edirdi ki, qızıllar etibarlı yerdə basdırıb”.
Ç.Baxşıyev söyləyib ki, qohumu Rövşən 2016-ci ildə ona zəng edib və qızına toy etdiyi üçün evdə olan qızlları geri qaytarmaq istədiyini deyib: “Mənim səhhətimdə problemlər var idi. Rövşən zəng edəndə dedim ki, qızılları qızım Fatmagilə aparsın. Fatmaya da zəng edib bu barədə dedim. Qızım da dedi ki, yoldaşı Ayaz evdədir özü isə yarım saata gələcək. Rövşən qızılları Ayaza verib. Yarım saat sonra Fatma evə gələndə bizə zəng elədi. O, mənə və anasına dedi ki, Rövşənin gətirdiyi torbanın çəkisi azdır və orada 3 ailəyə məxsus qızılların olması mümkün deyil. Yoldaşım da mənə dedi ki, bəlkə Rövşən basdırdığı qızılların bir hissəsini gətirməyib”.
Maraqlıdır ki, Ç.Baxşıyev ifadəsi zamanı torbanın yüngül olduğunu düşündükləri halda içərisinə baxdıqlarını deməyib. Hələ bundan bir neçə ay sonra da xaricə səfərə gedib. Səfərdə olduğu zaman da qızı yenə də ona zəng edərək torbanın çəkisinin az olduğunu deyib.
Ç.Baxşıyev sonra olanları belə danışb: “Qızım mənə növbəti dəfə zəng edərək Rövşənin gətirdiyi torbanın çəkisinin az olduğunu deyən zaman Bakıya qayıdanda baxacağımı söylədim. Qızım Fatamgilə gələndə torbanı götürəndə gördüm ki, həcmi eyni mən verən kimidir. Ancaq çəkisi heç 200 qram deyil. Fatimənin səhhətinin pisləşəcəyindən ehtiyat edib ona heç nə demədim. Torbanı götürüb evə getdim və sonra Rövşəni çağırdım. Rövşən gələndə torbadakı bağlamaları çıxarıb stolun üstünə qoydum və niyə boş olduğunu soruşdum. Bağlamaların yapışqan lentini kəsib açanda da içərisinin boş olduğunu hamımz gördük. Qatıq vedrəsinin içərisində bir ədəd qızıl qol saatı, kağız “setka”nın içində isə 2 qızıl qol saatı, qutuda bir ədəd 10 manatlıq, Heydər Əliyevin şəkli olan bir ədəd qızıl, bir ədəd briliyant daşlarla Heydər Əliyevin şəkli olan döş nişanı və bir ədəd kiçik döş nişanı, digər qutuda qızıl qol saatı, qızıl təsbeh, bir ədəd qızıl kəmər var idi. Digər qutuda isə 5 ədəd qızıl manetlər var idi”.
Ç.Baxşıyevin dediyinə görə, qutulardakı digər qızıllar isə olmayıb.
Onun sözlərinə görə, bu zaman qohumu Rövşən səs-küy salmağa və qışqırmağa başlayıb ki, qızlları alanda da qaytaranda da ağır olub.
Ç.Baxşıyev ifadəsinin sonunda yalnız Rövşən Əhmədov və onun ailəsindən şübhələndiyini və onlara ümumilikdə 800 min manatdan artıq ziyan dəydiyini deyib.
R.Əhmədov isə məhkəmə prosesləri zamanı ona qarşı irəli sürülən ittihamla razılaşmadığını deyib. O, Çingiz baxşıyevin həbs edilənə qədər milyonlarla manatını, dollarını, avrosunu, qızlllarını saxlasa da heç vaxt onlara əl vurmadığını söyləyib.