“Nəqliyyat Nazirliyinin sabiq məmuru Çingiz Baxşıyev ölkədən getmək istəyir. Qaçışa bərabər bu gedişin nə vaxt baş tutacağı tarix də bəllidir - dekabrın 25-də Çingiz Baxşıyev Azərbaycanı birdəfəlik tərk edəcək”.
Kifayət qədər inandırıcı görünən bu iddia Ç.Baxışyevin həbs etdirdiyi qohumu Rövşən Əhmədovun yaxınlarından daxil olub.
Çingiz Baxşıyev kimdir və ölkədən birdəfəlik getməsinin səbəbi nədir?
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun icraatında Çingiz Baxşıyevin şikayəti əsasında həbs olunan Rövşən Əhmədovun cinayət işi araşdırılır. Şikayətçi iddia edib ki, yaxın qohumu olan R.Əhmədov onun 50 kiloqram qızılını ələ keçirib. Rövşən Əhmədov isə ittihamı qəbul etmir. Ç.Baxşıyevin qohumunu həbs etdirməsi haqda “Yeni Müsavat”ın 10 may 2016-cı il tarixli sayında yazmışdıq. “Sabiq müşavir haqda sensasion məlumatlar - özəl dosye” sərlövhəli (http://musavat.com/news/olke/sabiq-mushavir-haqda-sensasion-melumatlar-ozel-dosye_346167.html ttp://musavat.com/news/olke/sabiq-mushavir-haqda-sensasion-melumatlar-ozel-dosye_346167.html ) yazıda Ç.Baxşıyevin barəsində çox ciddi iddialar yer almışdı. Yada salaq ki, Ç.Baxşıyev uzun illər nəqliyyat sektorunda rəhbər vəzifələrdə çalışıb. Onun adı mətbuatın gündəminə bu ilin aprelində evindən 50 kiloqram qızıl oğurlanan məmur kimi gəlib. Məlum olub ki, sabiq müşavir xalası oğlu Rövşən Əhmədovdan hüquq-mühafizə orqanlarına şikayət yazıb, onu evindən 50 kiloqram qızıl oğurlamaqda suçlayıb. R.Əhmədovu bu şikayət ərizəsi əsasında həbs etsələr də, sonradan ona oğurluqla əlaqəli ittiham verməyiblər. Sabiq müşavirin işçisini dələduzluqda ittiham edib barəsində 3 aylıq həbs qətimkan tədbiri seçiblər. Bu kiçik uyğunsuzluğun arxasında gizlənən böyük məqamlar var.
Çingiz Baxşıyevin gözdən-qulaqdan uzaq işlərini araşdıran olacaq?
Redaksiyamıza daxil olan məlumata görə, Rövşən Əhmədovun barəsində ərizə yazan günə qədər Çingiz Baxşıyevlə münasibətləri normal olub. Ç.Baxşıyevin tapşırıqları əsasında müxtəlif bağlamaları müxtəlif ünvanlara çatdırıb. R.Əhmədov daşıdığı bağlamaların içində pul, qızıl olmasından xəbərsiz olub. Sadəcə, tapşırıqları yerinə yetirməklə işini görüb. Bir sözlə, R.Əhmədov Ç.Baxşıyevin gözdən-qulaqdan uzaq işləri üzrə qeyri-rəsmi köməkçisi olub. Buna görə də Ç.Baxşıyevin şəxsi işləri ilə bağlı sirlərindən xırdalıqlarına qədər məlumatlı olub.
Günlərin birində isə R.Əhmədov Ç.Baxşıyevin yanından uzaqlaşmaq istəyib və bu addımı sonradan onu həbsə aparıb. Əvvəlcə xalası oğlunu xeyli dilə tutmağa, özündən kənarlaşmasına imkan verməməyə çalışan Ç.Baxşıyev bunun mümkün olmadığını gördükdə hədələrə keçib. R.Əhmədova açıq mətnlə həbsə atılacağını, həbsdə həyatına son qoyulacağını deyib.
Buna baxmayaraq, R.Əhmədov Ç.Baxşıyevdən uzaqlaşmaq qərarını dəyişməyib. Və məlum 50 kiloqramlıq qızılın oğurlanması iddiası ortaya çıxıb. İddia ittiham şəklinə salınıb və R.Əhmədovun həbsi gerçəkləşdirilib. İş məhkəməyə göndəriləndən və ictimiləşəndən sonra Çingiz Baxşıyev ittihamın sabun köpüyünə döndüyünün fərqinə varıb...
Odur ki, dekabrın 13-də baş tutan məhkəmə prosesindən əvvəl Çingiz Baxşıyev 8 nəfərin əhatəsində məhkəmə binası önünə gəlib. Onlardan beşi idmançı görkəmli kişi, 3-ü isə qadın olub. Çingiz Baxşıyevin yanındakı qadınlar Rövşən Əhmədovun həyat yoldaşı Xanım Əhmədovaya yaxınlaşaraq “bura niyə gəlmisiz, məhkəmə qapalı olacaq, çıxın gedin” deyiblər. Qadınlardan biri təhqiramiz ifadələr işlətməklə “hakimlərə də, dövlət ittiahmçısına da 20 min vermişik, dağılışın... ” kimi fikirlər işlədiblər. X.Əhmədova həmin qadınların söylədiklərinə məhkəmə prosesi başlayana qədər əhəmiyyət verməyib. Məhkəmə başlayandan sonra Çingiz Baxşıyev prosesin qapalı keçirilməsini istəyib. Rövşən Əhmədovun vəkili Adəm Məmmədov prosesin qapalı keçirilməsi üçün əsasların olmadığını hakimin diqqətinə çatdırıb. Deyib ki, məhkəmədə intim məsələlər, ailədaxili münasibətlər araşdırılmır, dövlət sirri də yoxdur ki, dilə gətirilsin. Vəkil buna görə də hakimdən xahiş edib ki, Çingiz Baxşıyevin şifahi vəsatəti təmin edilməsin.
Hakim isə Ç.Baxşıyevin şifahi vəsatətini yerindəcə təmin edib, prosesi qapalı elan edib.
“Çingiz Baxşıyevin atasında heç vaxt nəinki 50 kiloqram, heç 5 qram da qızıl olmayıb!”
Qeyd edək ki, bu qalmaqallı iş üzrə məhkəmə prosesi 1 aya yaxındır ki, davam edir. Dekabrın 13-dən əvvəl baş tutan prosesdə hakim Çingiz Baxşıyevdən qızıl-zinət əşyalarının mənbəyini soruşub. Haradan, nə vaxt, hansı hesabdan oğurlandığını iddia etdiyi qızılı aldığını açıqlamasını tələb edib. Çingiz Baxşıyev deyib ki, həmin qızıllar ona atasından miras qalıb. Rövşən Əhmədov isə məhkəmənin diqqətinə çatdırıb ki, Çingiz Baxşıyevin atası Nəriman Baxşıyev adi fəhlə olub. Nəriman Baxşıyevi vaxtilə Qırğızıstana sürgün ediblər. Ömrünün böyük hissəsini Qırğızıstanda sürgün həyatı yaşayıb. Çingiz Baxşıyev özü ailəsi sürgündə olduğu illərdə Qırğızıstanda kasıb bir ailədə dünyaya gəlib. Onun atası Nəriman Baxşıyevdə heç vaxt qızıl olmayıb.
“Hakimlər bilsinlər ki, Çingiz Baxşıyevin atasında heç vaxt nəinki 50 kiloqram, heç 5 qram da qızıl olmayıb. O qızılları hansı pullara aldığını ətraflı ailə üzvlərim hüquq-mühafizə orqanlarına yazıb. Həmin məktubların araşdırılmasının qarşısını Çingiz Baxşıyev alır. Burada bu nağılları uydurmaqla gizlətmək istədikləri əməllər var. Onun atasının qara qəpiyi də olmayıb” - deyə Rövşən Əhmədov məhkəmənin diqqətinə çatdırıb.
1 günün içində Avropadakı banka 1 milyon avro köçürüb
O deyib ki, Çingiz Baxşıyev Azərbaycana 2003-cü ildə gəlib. Həmin vaxt onun əlində bir qədər pul olub və həmin pula “Nizami” kinoteatrının yanında 1 otaqlı mənzil alıb. R.Əhmədov deyib ki, hazırda onun oğurladığı kimi təqdim olunan qızıl-zinət əşyalarını Çingiz Baxşıyev 2003-cü ildən sonra alıb: “Çingiz Baxşıyev həmin qızıl-zinət əşyalarını ”Azəravtoyolservis" Departamentinin rəisi təyin olunandan bir müddət sonra almağa başladı. Bu illər ərzində onun yanında olmuşam. O dövrdə departamentin nəzdində olan torpaq sahələrini qeyri-qanuni yollarla özəlləşdirib satırdı. Həmin qızılların bir qismini, ilk partiyasını da məhz o pullara alıb. Sonradan isə onun qeyri-qanuni işlərinin sayı da artdı. Elə vaxt olub ki, 1 günün içində Avropadakı banka 1 milyon avro köçürüb. Elə ay olub ki, belə köçürmələr 20 milyon avroya qədər artıb. Onun qeyri-qanuni fəaliyyətini anlayandan sonra mən yanından uzaqlaşmaq istədim. O da məni şərlədərək həbs etdirməklə bildiklərimi kimsəyə deməyimin qarşısını almağa çalışır. Mən ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə dəfələrlə müraciət etmişəm. Amma çağırıb dinləyən, dindirən olmayıb ki, həqiqətləri deyə bilim. Bu gün mənim həbsdə saxlanılmağım da bildiklərimi deməyimin qarşısının alınmasına xidmət edir. Mənim heç bir günahım yoxdur. Araşdırın, görün Çingiz Baxşıyev hər gün qara böyük çantalarda hansı ünvanlara illərlə nə daşıtdırıb? Onun bu qədər əmlaka, 100 milyonlarla avroya sahib olması hansı biznesin gətirdiyi gəlirdir? Ölkədən pulları çıxarıb, indi də məni, ailəmi şantajla susdurmaq, ölkədən qaçmaq istəyir".
R.Əhmədovun həmin prosesdə kəskin çıxışından sonra ittihamın əsassızlığı faktlarla üzə çıxıb. Buna görə də Ç.Baxşıyev dekabrın 13-də baş tutan prosesin qapalı keçirilməsinə nail ola bilib. Qapalı keçən prosesdə Çingiz Baxşıyevin qızları - Fatma və Sevil sərbəst ifadə veriblər.
Bundan sonra Xanım Əhmədova Çingiz Baxşıyevin özünə və qızlarına suallar vermək istəsə də, hakim və dövlət ittihamçısı ona şərait yaratmayıblar.
Vəkil bildirir ki, hazırda Rövşən Əhmədovun həyat yoldaşı Xanım Əhmədova və qızı naməlum şəxslər tərəfindən izlənilir. Onların telefonlarına naməlum şəxslər zəng edərək hədələyiblər. Gecəyarısı evlərinin qapısı tanımadıqları şəxslər tərəfindən döyülür. Rövşən Əhmədovun ailə üzvləri baş verən hədə-qorxuların Çingiz Baxşıyev tərəfindən təşkil edildiyinə şübhə etmirlər.
Xanım Əhmədova Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə və baş prokuror Zakir Qaralova müraciət edərək onu qəbul etmələrini də xahiş edib.
X.Əhmədova müraciətində göstərib ki, Çingiz Baxşıyevin dövlət maraqlarına zidd olan qeyri-qanuni fəaliyyəti haqda bilgiləri açıqlamaq niyyətindədir.
Sabiq məmurun “qara biznesi”nin Avropa Polis Təşkilatında araşdırması istəniləcək
Yaxın zamanlarda həmin qanunsuz fəaliyyətdən əldə olunan çirkli pullarla bağlı ölkəmizdə fəaliyyətdə olan Avropa dövlətlərinin səfirliklərinə də dosyelər göndəriləcək. Həmin dosyelərdə “qara biznes”dən əldə olunan pulların hansı Avropa banklarına köçürüldüyü qeyd olunmaqla Avropa Polis Təşkilatında (Europolun" araşdırılması istəniləcək.
X.Əhmədova müraciətində xüsusi olaraq vurğulayıb ki, Çingiz Baxşıyev ona xəbər göndərərək həyat yoldaşı Rövşən Əhmədova 11 il cəza verdirəcəyini çatdırıb. Ona susmağı, danışmamağı tövsiyə edib: “Çingiz Baxşıyev Rövşən Əhmədovun ailəsinə çatdırıb ki, məhkəmə dekabrın 25-nə qədər Rövşən Əhmədova hökm oxuyacaq. Bundan sonra Çingiz Baxşıyev dekabrın 25-də Azərbaycanı birdəfəlik tərk edəcək”.
Qaynağımız bildirib ki, Ç.Baxşıyevin ikili vətəndaşlığı var. O, Azərbaycan vətəndaşı olmaqla yanaşı Almaniya vətəndaşıdır. Onun Almaniya vətəndaşlığı almasının da maraqlı tarixçəsi var. Vaxtilə Qırğızıstandan Almaniyaya gedib və orada bir alman əsilli xanimla ailə qurub. Həmin qadından 1 övladı da var.
Ç.Baxşıyevin ölkədən çıxışının qarşısı alınmasa, o, Almaniyaya köçəndən sonra Azərbaycanda qeyri-qanuni yolla əldə etdiyi 100 milyona yaxın pulun geri alınması da mümkün olmayacaq.
Məlumatlara görə, Rövşən Əhmədovun bildikləri çoxdur, onu həbs etdirməklə Ç.Baxşıyev sirlərinin üzə çıxmasının qarşısını almağa çalışır. 800 manat maaş alan Ç.Baxşıyevin təkcə Bakı şəhərində dəyəri 100 milyon dollarla ölçülən əmlakları var.
Qeyd edək ki, iş üzrə növbəti proses dekabrın 23-nə təyin olunub. (musavat.com)