Öz qohumunu həbs etdirən məmurun sirləri açılır - sensasion detallar

 Öz qohumunu həbs etdirən məmurun sirləri açılır - sensasion detallar

Çingiz Baxşıyev Rövşən Əhmədovu susdurmaq, gizli biznesi haqda məlumatların yayılmasının qarşısını almaq üçün qandallatdırıb

 

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. R.Əhmədov Nəqliyyat Nazirliyinin sabiq məmuru Çingiz Baxşıyevin şikayəti əsasında həbs olunub. 
Şikayətçi iddia edib ki, yaxın qohumu olan R.Əhmədov onun 50 kiloqram qızılını ələ keçirib. Rövşən Əhmədov isə ittihamı qəbul etmir. Ç.Baxşıyevin qohumunu həbs etdirməsi haqda “Yeni Müsavat”ın 10 may 2016-cı il tarixli sayında yazmışdıq. “Sabiq müşavir haqda sensasion məlumatlar - özəl dosye” sərlövhəli (http://musavat.com/news/olke/sabiq-mushavir-haqda-sensasion-melumatlar-ozel-dosye_346167.html ttp://musavat.com/news/olke/sabiq-mushavir-haqda-sensasion-melumatlar-ozel-dosye_346167.html) yazıda Ç.Baxşıyevin barəsində çox ciddi iddialar yer almışdı. Yada salaq ki, Ç.Baxşıyev uzun illər nəqliyyat sektorunda rəhbər vəzifələrdə çalışıb, son iş yeri nazir müşaviri postu olub. Onun adı mətbuatın gündəminə bu ilin aprelində evindən 50 kiloqram qızıl oğurlanan məmur kimi gəlib. Məlum oldu ki, sabiq müşavir Rövşən Əhmədovdan hüquq-mühafizə orqanlarına şikayət yazıb, onu evindən 50 kiloqram qızıl oğurlamaqda suçlayıb. R.Əhmədovu bu şikayət ərizəsi əsasında həbs etsələr də, sonradan ona oğurluqla əlaqəli ittiham verməyiblər. Sabiq müşavirin işçisini dələduzluqda ittiham edib barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçiblər. Bu kiçik uyğunsuzluğun arxasında gizlənən böyük məqamlar var. 
Redaksiyamıza daxil olan məlumata görə, Rövşən Əhmədovun barəsində ərizə yazan günə qədər Çingiz Baxşıyevlə münasibətləri normal olub. Ç.Baxşıyevin tapşırıqları əsasında müxtəlif bağlamaları müxtəlif ünvanlara çatdırıb. R.Əhmədov daşıdığı bağlamaların içində pul, qızıl olmasından xəbərsiz olub. Sadəcə, tapşırıqları yerinə yetirməklə işini görüb. Bir sözlə, R.Əhmədov Ç.Baxşıyevin gözdən-qulaqdan uzaq işləri üzrə qeyri-rəsmi köməkçisi olub. Buna görə də Ç.Baxşıyevin şəxsi işləri ilə bağlı sirlərindən xırdalıqlarına qədər məlumatlı olub. Günlərin birində isə R.Əhmədov Ç.Baxşıyevin yanından uzaqlaşmaq istəyib və bu addımı sonradan onu həbsə aparıb. Əvvəlcə xalası oğlunu xeyli dilə tutmağa, özündən kənarlaşmasına imkan verməməyə çalışan Ç.Baxşıyev bunun mümkün olmadığını gördükdə hədələrə keçib. R.Əhmədova açıq mətnlə həbsə atılacağını, həbsdə həyatına son qoyulacağını deyib. Buna baxmayaraq, R.Əhmədov Ç.Baxşıyevdən uzaqlaşmaq qərarını dəyişməyib. Və məlum 50 kiloqramlıq qızılın oğurlanması iddiası ortaya çıxıb. 
Maraqlıdır ki, noyabrın 22-də keçirilən məhkəmə prosesində Çingiz Baxşıyev ibtidai istintaq dövründəki ifadələrini dilə gətirməkdən yayınıb. 
 
Məhkəmədə demədikləri Ç.Baxşıyevin gizlətmək istədiyi, geniş ictimiyyət üçün olmayan məlumatlardır. Belə ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, departament sədri olan dövrdən 2 aydan bir həyat yoldaşı ilə mütəmadi olaraq Avropa ölkələrinə və xaricə gedib. Maraqlıdır ki, ondan səfərlərin məqsədi haqda soruşmayıblar. Aylıq məvacibi 800-900 manat olan bir məmurun bu gəzintilərə xərclədiyi pulları hansı hesabdan aldığı haqda da sual verməyiblər. 
Odur ki, onun danışdıqlarını, sonradan təkzib etdiyi məlumatları ittiham aktına yazıblar. Ç.Baxşıyev deyib ki, 2015-ci ilin yay aylarında növbəti səfərə gedəndə Rövşən Əhmədovu yanına çağırıb və yoldaşı ilə xaricə gedəcəyini, evdə heç kimin olmayacağını söyləyib. Ona skoçlanmış halda olan bağlamanı saxlamaq üçün verib. R.Əhmədov bağlamada nə olmasından xəbərsiz olub. Ç.Baxşıyev xarici səfərdən 1 ay sonra qayıdıb və bağlamanı geri alıb. 
2016-cı il aprelin 9-da hüquq-mühafizə orqanına yaxın əlaqələri vasitəsilə müraciət edib və göstərib ki, Rövşən Əhmədov onun 50 kiloqram qızılını oğurlayıb.  Bundan sonra R.Əhmədov məhkəmə qərarı olmadan 1 həftə saxlanılıb. 18 aprel 2016-cı il tarixdə Nərimanov Rayon Məhkəməsi R.Əhmədovun barəsində həbs-qətimkan tədbiri seçib. Aylarla davam edən və Rövşən Əhmədovun günahsızlığını ortaya qoyan istintaq müddətində Ç.Baxşıyev bir neçə dəfə dindirilib. Amma ona 50 kiloqram qızılı hansı hesabdan alması haqda sual verən olmayıb. Müşavir ilkin ifadəsində 50 kiloqram qızılın öz evindən oğurlandığını deyib. Sonra isə ifadəsini dəyişib, deyib ki, qızıllar qızı Fatma Baxşıyevanın evindən oğurlanıb. 
Ç.Baxşıyev ziddiyyətli ifadələr verməsinə baxmayaraq onun şikayəti əsasında CM-in 178-ci (dələduzluq) maddəsi ilə başlanan  və Rövşən Əhmədovun həbsi ilə davam etdirilən cinayət işinin istintaqı bu axarla aparılıb. 
Hələ ibtidai istintaq dövründə Ç.Baxşıyev hüquq-mühafizə orqanlarının rəhbərliyində təmsil olunan ayrı-ayrı vəzifəlilərin adını çəkməklə R.Əhmədovun yaxınlarına onu həbsxanalarda çürüdəcəyi haqda xəbərlər göndərib. İstintaq getdiyi bir vaxtda Ç.Baxşıyevin 50 kiloqram qızılının oğurlanması iddiası haqda mətbuatda yazılar dərc olunub. Bu iddia geniş rezonansa səbəb olandan sonra Ç.Baxşıyev ifadələrini dəyişib, evindən sellofan torbada olan qızılların oğurlandığını bildirib, qızılın ümumi çəkisinin 50 kiloqram deyil, 5 kiloqram olduğunu qeyd edib. 
Ç.Baxşıyevin şikayəti əsasında ilkin olaraq CM-in 178-ci maddəsi ilə cinayət işi başlansa da, sonradan cinayət işi 179-cu (mənimsəmə) maddəyə tövsif olunub. 
Çingiz Baxşıyev məhkəmədə ilkin ifadəsində göstərdiyi 50 kiloqram qızılla bağlı suala cavab verə bilməyib. O, adının general Rail Rzayevin qətlinə qarışmasından danışıb. Vaxtilə bu qətldən dolayı ləğv edilmiş MTN-də dindirilməsinin üstündən sükutla keçməyib. Özünün həmin işə aidiyyətinin olmadığını deyib. 
Ümumilikdə 50 kiloqram qızılının R.Əhmədov tərəfindən mənimsənildiyini diqqətə çatdırıb. Sərbəst ifadəsində həmin qızılların olduğu bağlamanı “Nizami” kinoteatrının yanında yerləşən mənzilində R.Əhmədova verdiyini hakimin  diqqətinə çatdırıb. Dövlət ittihamçısının suallarını cavablandırarkən isə həmin sellofan torbanın Rövşən Əhmədova metronun “28 May” stansiyası yaxınlığındakı evində verdiyini deyib. Bildirib ki, qızıllar onun deyil, qızları Fatimə və Könülə məxsus olub.  
Ç.Baxşıyev qızlarına məxsus qızılları özü xaricə gedərkən niyə Rövşən Əhmədova verməsi sualına aydınlıq gətirə bilməyib. Bundan başqa, məhkəmədəki ifadəsində göstərib ki, qızılları R.Əhmədova skoçlanmış qutuda necə veribsə, elə də geri alıb. Yəni skoç açılmayıb. 
Üstəlik, həmin qutuların içində məhz qızıl əşyaların olmasını təsdiq edən hər hansı bir sənəd, fakt da ortada yoxdur. Məhkəmədə verilən suallara cavab verən bilməyən Ç.Baxşıyev R.Əhmədov tərəfindən zəhərləndiyini də deməkdən çəkinməyib. 
Belə məlumatlar var ki, Ç.Baxşıyev R.Əhmədovun onunla işləmək istəməməsini özü üçün yəqinləşdirdikdən sonra 10 il işçisi olmuş qohumunu nə yolla olursa-olsun susdurmaq qərarına gəlib. 
Redaksiyamıza danışan mənbə deyib ki, R.Əhmədovun Ç.Baxşıyevlə işləməkdən yayınması əbəs olmayıb. Belə ki, o, Ç.Baxşıyevin qanunazidd əməllərindən, cinayət xarakterli fəaliyyətindən xəbərdar olub. Buna görə də ondan uzaqlaşmaq qərarı verib. Hazırda məhkəmə gedir və Rövşən Əhmədovun saxta ittihamlarla üz-üzə qaldığı hər ötən prosesdə üzə çıxan faktlarla təsdiqini tapır. 
Məlumatlara görə, Rövşən Əhmədovun bildikləri çoxdur, onu həbs etdirməklə Ç.Baxşıyev sirlərinin üzə çıxmasının qarşısını almağa çalışır. 800 manat maaş alan Ç.Baxşıyevin təkcə Bakı şəhərində dəyəri 100 milyon dollarla ölçülən əmlakları var. Azərbaycanın rayonlarında da onun saysız-hesabsız istirahət mərkəzləri, villaları mövcuddur. Nazirin müşaviri bu qədər əmlakları almaq üçün külli miqdarda pulu hansı biznes hesabına əldə edib? 
Bu sualın cavabını bilən əsas şahid Rövşən Əhmədovdur. Onun bu gün həbsdə olması da məhz həmin biznesin detallarına vaqif olmasından irəli gəlir. Hüquq-mühafizə orqanları R.Əhmədovun niyə görə bu ittihamla üz-üzə qalması ittihamını araşdırsalar, ortaya çox mübhəm faktların çıxacağı da gələn məlumatlar sırasındadır. 

 






Fikirlər