Sabiq nazirin qalmaqallı “Çudo-Peçka” biznesi... - REPORTAJ, FOTOLAR

Sabiq nazirin qalmaqallı “Çudo-Peçka” biznesi... - REPORTAJ, FOTOLAR

 

 

Bir neçə gündür ki, mətbuatda “Çudo-Peçka” şəbəkəsinə aid kafe-mağazaların bağlanacağı haqda xəbərlər yayılıb. Əsas olaraq isə şəbəkənin 3-cü mikrorayon dairəsində yerləşən kafe-mağazasının bağlanması göstərilir. Yayılan məlumatlarda bildirilir ki, artıq şəbəkənin digər məntəqələrinin də bağlanacağı gözlənilir. 
Musavat.com olaraq , sabiq iqtisadi inkişaf naziri Heydər Babayevə məxsus olan biznes şəbəkəsinin taleyi haqda yeni məlumatlar əldə etməyə çalışdıq. 
Əvvəlcə onu qeyd edək ki, “Çudo Peçka” şəbəkəsi 2000-ci ilin əvvəllərində iş adamı Çingiz Cəlilov tərəfindən qurulub. İlk fəaliyyətə başladığı vaxtlarda böyük müştəri axını görən “Çudo Peçka” şəbəkəsi sonradan müştəri itirməyə başladı. Bunun isə bir neçə səbəbi var idi. 
Birinci səbəb Ç.Cəlilovun şəbəkəni qurmaq üçün “Bank Standart”dan götürdüyü 2.5 milyon dollar krediti qaytara bilməməsi idi. İşadamı yaranan maliyyə problemləri üzündən “Çudo Peçka”lardan necə deyərlər, əlini üzmüşdü. Digər səbəblər isə “Çudo Peçka” şəbəkəsində tez-tez aparılan yoxlamalar idi. 
İşadamının maliyyə problemləri yaşadığı bir vaxtda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti "Çudo-Peçka" MMC-yə məxsus istehsal sexlərində bir sıra ciddi nöqsanlar aşkar etməyə başladı. MMC-yə yazılan cərimələr, qoyulan qadağalar şəbəkənin işini xeyli zəiflətdi. 
Ç.Cəlilov kredit borcunu qaytara bilmədiyi üçün MMC-yə daxil olan şəbəkələr “Bank Standart”ın girovluğunda qaldı. “Bank Standart” Heydər Babayevin iqtisadi inkişaf naziri olduğu zamanlarda onun biznes şəbəkəsinə daxil idi. 
Xatırladaq ki, Heydər Babayev 1999-cu ildə Heydər Əliyev tərəfindən Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdu. 2005-ci il oktyabrın 19-da Heydər Babayev prezident İlham Əliyev tərəfindən iqtisadi inkişaf naziri postuna təyin olundu. 2008-ci ildə isə bu postdan uzaqlaşdırıldı. 
H.Babayevin bundan sonra Azərbaycanı tərk etməsi haqda xəbərlər yayıldı. Lakin bir neçə gün əvvəl sabiq nazirin paytaxt küçələrində gəzərkən fotoları çəkilib. Əldə etdiyimiz məlumata görə, H.Babayev Bakıda yaşayır və Azərbaycanda bizneslə məşğuldur. 
“Çudo Peçka” kafe-mağazalar şəbəkəsinin bağlanması haqda yazılanlara gəlincə isə, onu öyrənə bildik ki, hazırda şəbəkəyə daxil olan məntəqələrdən hansısa birinin bağlanması məsələsi gündəmdə deyil. Əksinə, şəbəkəyə daxil olan yeni kafe-mağaza bir neçə gün əvvəl istifadəyə verilib. Artıq şəbəkəyə daxil olan yeni məntəqənin ünvanı “Elmlər Akademiyası” metrostansiyasının çıxışında yerləşir. 3-cü mikrorayon dairəsində yerləşən kafe-mağaza bağlandıqdan sonra yeni ünvan olaraq, bura açılıb. 
Qeyd edək ki, bu şəbəkənin “İnşaatçılar”, “İçərişəhər”, “Sahil”, “28 May”, “Nəriman Nərimanov”, “Qara Qarayev”, “Əhmədli” və “Neftçilər” metrostansiyalarının çıxışlarında da kafe-mağazaları var. Sabiq nazirin biznesinə daxil olan kafe-mağazalar hazırda əvvəlki kimi fəaliyyətlərini davam etdirirlər.
Yuxarıda qeyd etdiyimiz, ünvanlardan bir neçəsində olaraq, vəziyyətlə tanış olmağa çalışdıq. “Nəriman Mərimanov” metrostansiyasının yaxınlığında yerləşən kafe-mağazanın əməkdaşları ilə söhbət edərkən öyrəndik ki, mağazanın bağlanması məsələsi heç vaxt gündəmə gəlməyib. Məlum oldu ki, bu ilin əvvəlində ölkədə yaşanan iqtisadi vəziyyətlə bağlı olaraq mağazaların gəlirləri azalıb. Bəzi mağazlarda işçilər ixtisar edilib. Lakin kafe-mağazalar fəaliyyətini davam etdirir.
“Neftçilər” metrostansiyasının çıxışında yerləşən “Çudo Peçka”da da vəziyyət yuxarıda qeyd etdiyimiz kimidir. Yəni müştəri qıtlığı yaşansa da, iş əvvəlki qaydada davam edir.
Şəbəkənin “Elmlər Akademiyası”nda yerləşən yeni kafe-mağazasında da olduq. Onu qeyd edək ki, metrostansiyanın çıxışında yerləşən bu obyekt əvvəllər “Başkent” şirniyyat evi olaraq fəaliyyət göstərirdi. Sonra icarə haqqının baha olması səbəbindən “Başkent” şirniyyat evi başqa ünvana köçdü. İcarə haqqının 10 min manat olduğu bu obyektdə “Çudo Peçka” MMC-yə məxsus yeni kafe-mağaza açıldı. 
Heydər Babayev “Çudo Peçka” biznesi ilə bağlı mətbuatda danışmaqdan həmişə yayınıb. Ümumiyyətlə, mətbuata qapalı olan sabiq nazir cəmisi bircə dəfə bu haqda ona sual ünvanlayan jurnalistə “Bu haqda məndən nəsə soruşmayın” - deyə cavab verib. 
“Çudo Peçka” ların fəaliyyəti ilə bağlı son zamanlar mətbuatda yazılanlara MMC-dən münasibət öyrənmək istədik. Və MMC-nin baş ofisi ilə əlaqə saxladıq. Rəhbərliyin ölkə xaricində olduğunu deyən baş ofis əməkdaşı bildirdi ki, bu haqda yalnız rəhbərlik gəldikdən sonra məlumat verə bilərlər.
 
Musavat.com,
Fotolar  






 






Fikirlər