"Kim deyir ki, yaxşı ediblər? - Hacı Qalib Salahzadə

 

“Dindən ancaq başı çıxan adamlar, din xadimləri danışa bilər. Yasin sürəsindən 5-10 kəlimə öyrənənlər ağıllarına gələni danışmasınlar”.

Bu fikirləri Şeyx Allahşükür Paşazadənin qudası, Milli Məclisin 4-cü çağırış deputatı olmuş Hacı Qalib Salahzadə bəzi müxalif fikirli insanların dindən siyasi məqsədləri üçün istifadə etmələrinə münasibət bildirərkən deyib.

Q.Salahzadə qeyd edib ki, dindən siyasi məqsədlər üçün istifadə oluna bilməz:

“Mətbuatda dinlə bağlı gedən bütün yazıları oxuyuram. Yanaşma düzgün deyil. Dinlə bağlı məsələlərdə mollaların yox, din alimlərinin fikirləri əsasdır. Azərbaycanda din inkişaf edib, azaddır. Bu azadlığı müxalifyönlü adamlar siyasi məqsədləri üçün istifadə etmək istəyirlər. Din pərdəsi arxasında özlərini gündəmdə saxlamaq istəyirlər”.

Şeyxin qudası bəzi deputat həmkarlarının dindən danışmasına etirazını bildirib: “Bir də görürsən ki, deputat çıxışında özünü dindən xəbərdar kimi göstərir. Əslində, bu addımı ilə özünü gündəmdə saxlamağa çalışır. Hesab edirəm ki, dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlətin mənafeyini qorumalıdır”.

Dünyada törədilən terror aktlarının İslam adına bağlanmasından danışan deputat bildirib ki, dində kiminsə qanını tökmək buyurulmayıb: “Dünyada olan terror aktlarını hamı pisləyir. Kim deyir ki, yaxşı ediblər? Dində yoxdur ki, kiminsə qanını tökəsən. İslam dini olduqca demokratikdir. Terror İslam dininə ziddir. Bunu dinimizə düşmən olanlar edir. Aydınlaşdırsaq görərik ki, terrorçular müsəlman deyil. Çünki, baş kəsmək kimi qaniçənlik dində yoxdur. Hesab edirəm ki, bu adamları İslama qarayaxmağa çalışan maraqlı dairələr yetişdirir. Bu əməlləri ilə İslamı gözdən salmağa çalşırlar”.

(Azərtaym.az) 






Fikirlər