BAYRAM günlərini QARANLIQda keçirənlər
Hökməli qəsəbə sakini Sara Ağayeva Yeni ili qaranlıqda qarşılayıb. Onun verdiyi məlumata görə, Hökməli – Qobu yolunda yerləşən yaşayış massivində 3 gündür ki, elektrik enerjisi yoxdur. “İşıq söndüyü üçün evi qazla qızdırırıq. Bu səbəbdən gecə küləyin qazı söndürməməsi üçün növbə çəkirik. Ərazidə bir transfarmator var. İşıq idarəsindən gəlib bütün evlərin işığını ora qoşurlar. Ona görə də problem yaranır”. Sara Ağayeva kimi Bakının Xətai, Yasamal, Binəqədi rayonunun bir sıra sakinləri də işıqsızdırlar. Bundan əlavə Ağcabədi, Balakən rayonlarının bəzi ərazilərində, Salyan rayonunun Xidirli kəndində, Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində elektirik enerjisinin olmadığı barədə şikayyətlər daxil olur. Problemlə bağlı “Azərişıq” ASC -nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlamasında bildirdi ki, respublikanın bəzi ərazilərində güclü yağış və qarla əlaqədar elektirik xəttlərində bir sıra problemlər yaranıb. “Əsasən bəzi fərdi evlərə və dağ kəndlərinə gedən xəttlərdə qısamüddətli qəza vəziyyətləri yaranır. Problemlər isə əməkdaşlarımız tərəfindən operativ aradan qaldırılır. Təmir işlərinə dağlıq ərazilərə qalxan maşınlar cəlb edilib. Elektirik enerjisi ilə bağlı problemi olan sakinlər 199 saylı telefona zəng vurmaqla qəza xidmətinə müraciət edə bilər”. Tanrıverdi Mustafayev bildirdi ki, idarəyə Mehidabad və Masazır qəsəbələrində fərdi evlərdə yaşayan sakinlərdən elektirik enejisindəki problemlərlə bağlı müraciətlər daxil olub. (ANS RPESS)