17.01.2014. - Hacı Allahşükür Paşazadənin Qorbaçova ünvanladığı müraciət (TAM MƏTN)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin 1990-cı ildə 20 yanvar faciəsindən sonra Sovet İKP MK-nın Baş Katibi, SSRİ Ali Sovetinin sədri Mixail Qorbaçova, BMT-nin o vaxt ki, Baş Katibi Peres de Kuelyerə, eləcə də bütün dövlətlərin və dinlərin başçılarına ünvanladığı müraciəti yayılıb.
AzerTaym.az 1990-cı ildə ünvanlanan müraciəti illər sonra yenidən təqdim edir:
"Nə qədər olsa da mənim sözlərim Azərbaycan xalqının sonsuz kədərini, milyonlarla insanın ürəyinə hakim kəsilmiş müsibəti heç cür çatdırmaq iqtidarında deyil.
Mən bunları ona görə demirəm ki, Siz bizim dərdimizə şərik olasınız, kədərimizi bölüşəsiniz. Bu, mənim bütün xalqım üçün təhqir olardı.Yanvarın 19-dan 20-ə keçən gecə və sonrakı günlər Bakıda törədilən vəhşiliklər heç bir ölçüyə sığmır.Şəhərin küçələri yüzlərlə günahsız qurbanların qanına boyanıb. Bunların arasında uşaqlar, qadınlar və qocalar var. Onların tankların tırtılları altında qalmış, pulemyot və avtomatlarla tikə-parça edilmiş cəsədləri insanı dəhşətə gətirir.
Bir dövlət başçısı kimi sizin imzanızla törənən bu qanlı qırğına, bu dəhşətli cinayətə heç bir bəraət ola bilməz.
Qoşunların yeridilməsi üçün uydurulmuş bütün səbəbləri Azərbaycan xalqı nifrət və qətiyyətlə rədd edir. Həmin səbəblərdən biri də guya Sovet dövləti üçün təhlükə sayılan qondarma "İslam faktoru" ortaya atılmışdı.
Bununla əlaqədar mən aşağıdakıları bildirirəm. İman əhli olmaq, o cümlədən, islama mənsubiyyət, əslində, günah hesab edilən şovinizmdən, milli lovğalıqdan uzaqolmaq deməkdir. Çox yaxşı bilirsiniz və bunu mənim sizə vaxtilə dediklərimdə sübut edir ki, Zaqafqaziyanın müsəlman ruhaniləri siyasi və millətlərarası münaqişələrdə dindən silah kimi istifadə etmək niyyətində olmayıb.
Çox yaxşı bilirsiniz ki,diyarımızda baş verən hadisələrin ən ağıranlarında islam ağıla və bütün məsələlərin dinc yolla həllinə çağırmışdır.
Belə olduğu halda, uydurma «islamfaktorunu» hərc mərclik törədən bir səbəb kimi ortaya atmaq qəzəb doğurmaya bilməz.
Təmamilə aydındır ki, bununla müəyyən məqsəd güdülüb. Demək, müsəlmanları xristianlara qarşı qoymaqla millətlərarası toqquşmaları daha da kəskinləşdirmək niyyəti güdülüb.
Siz bilin ki, bu faciə ilə bağlı əsl həqqəti dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Çünki o dövlətki imperiya hökmranlığı niyyəti ilə millətlərarası çaxnaşmaları aradan qaldırmaq əvəzinə onu daha da qızışdırır, o dövlətki öz ordusunu öz vətəndaşlarının qatilinə çevirir, o dövlət ki, öz adamlarına layiqli güzərandan daha çox ölmək hüququ verir, belə dövlət ancaq nifrətəlayiqdir.
Bakıda canlı insan ürəklərinə tuşlanmış güllələr milyonlarla insanın yenidənqurmaya olan son ümidlərini məhv edən bir atəşidi.
Özlərini əsl işğalçı kimi aparan, cəza qoşunlarını Bakıya yeritməklə siz sovet hökumətini rüsvay etdiniz və bununla təsdiqetdiniz ki, müstəqillik və xalqların ləyaqəti kimi anlayışlar bu hökumətə təmamilə yaddır. Siz bununla özünüzü bir siyasi xadim və bacarıqsız dövlət başçısı kimi ifşa etdiniz. Sizin haqqınızda yaranmış bir əfsanədə puç oldu, çünki bir əliilə xarici məmləkətlərdə sülh sazişi, o biri əliilə öz vətəndaşlarına qarşı cəza tədbirləri imzalayan adamı "Sülh uğrunda mübariz" adlandırmaq ən azı ləyaqətsizlikdir.
Ən qanlı müharibələrdə həkimlərə, tibbi yardım göstərənlərə atəş açılmayıb. Sizin əmrinizlə Bakıya hücum edən qoşunlar isə yaralılara kömək göstərən iki həkimi də güllələyiblər.
Bütün Azərbaycan xalqının iradəsini ifadə edərək, mən Bakıdan qoşun hissələrinin dərhal çıxarılmasını qətiyyətlə tələb edirəm. Heç bir xalqla, həmçinin, azərbaycanlılarla silah gücüylə danışmaq olmaz. Bu, 10 gün, yaxud Əfqanıstandakı kimi 10 il davam edə bilər. Amma gec-tez ədalət və haqq işi qələbə çalmalıdır.
Allah-Təalanın izni ilə, bu haqq işi Azərbaycanda da qalib gələcək. Məhz buna görə mənim xalqımın ən yaxşı oğul və qızları özlərini sovet qoşunlarının güllələrinə sipər etdilər. Dərin inamla və iman hissilə üzümüzü Allah-Təalaya tutur və onun ulu dərgahından bu gün şəhid olan balalarımız üçün rəhmət diləyirik. Qoy Allah-Təala bu fəlakəti mənim xalqımın başına gətirənləri, bu işə rəvac verənləri zəlil eləsin.
Ya Rəbb! Vətənimin, elimin bu ağır günündə bizlərə özün kömək ol. AMİN!"