QRİPDƏN TƏBİİ VASİTƏLƏRLƏ necə qorunaq? - həkim MƏSLƏHƏTİ

"İnsanlar özlərini qripdən qorumaq üçün ən sadə halda əllərini adi sabunla tez-tez yumalıdır”.

Bunu  Sherg.az-a ölkəmizdə yayılan qrip virusundan qorunmaq yollarından danışarkən tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, tibb eksperti Şəmsiyyə Namazlı deyib. 
O bildirib kİ, yaşından asılı olmayaraq hər kəs ciddi formada qrip virusuna yoluxur, uşaqlar, yaşlılar və uzunmüddətli xroniki xəstəlikləri olan şəxslər isə təbii olaraq, bundan daha çox əziyyət çəkir:
"Qrip virusu bir neçə müddətdir bütün dünyanı, o cümlədən Azərbaycanı əhatə edib. Bu virus yuxarı tənəffüs yollarından, damcı ilə keçən xəstəlik olduğuna görə xüsusilə əhalinin sıx olduğu yerlərdə daha tez yayılır. İctimai nəqliyyatda, küçədə, məktəblərdə, universitetlərdə yoluxma ehtimalı çoxdur. Öskürək, asqırma vasitəsilə yayılan damcı, 1 - 1,5 metr əhatəli çevrədə yayılır və həmin viruslar sıxlıq, nəmişlik çox olan yerdə daha da artır. Ümumiyyətlə, avtobuslar, metroların qapıları, tutacaq yerləri qrip virusunun yoluxmasına daha effektiv təsir etdiyinə görə, ictimai nəqliyyat mütəmadi dezinfeksiya edilməli, xüsusi məhlullarla silinməlidir. Nə dərəcədə buna riayət olunması haqqında isə məlumatım yoxdur”.
Qripin daha çox insanların bir-biri ilə ünsiyyəti zamanı yayıldığına diqqət çəkən həkim gözlərin, əllərin və tənəffüs orqanlarının qripin yayılmasında daha həssas olduğunu diqqətə çatdırıb:
"Qripdən qorunmaq istəyənlər bir-biri ilə görüşdükdən sonra və ya ictimai nəqliyyatdan istifadə etdikdə əllərini gözlərinə, ağzına, burnuna vurmamalıdır. Göz virusa yoluxmada daha həssasdır və gözün sulanması, qaşınması halları artıq virusun əlamətləridir. Belə hallarda maskalardan istifadə etməklə, özünün qorunması və başqalarına ötürülməsini əngəlləmək olar.
Virusa yoluxanların daha çox maye qəbul etməsi şərtdir. Təbii ki, qış mövsümü ilə əlaqədar insanlar o qədər də maye qəbul etmir. Lakin adi sudan, meyvə şirələrindən, sıxılmış limon suyundan istifadə etmək lazımdır. Ev şəraitində özünü müalicə edən şəxslər qapı-pəncərələri açmalı, evin havasını mütəmadi dəyişməlidir. Bu virusların otaqda inkişafının qarşısının alınması üçün yaxşı olar”.
Ş. Namazlı azyaşlı uşaqların immunitetinin zəifliyini önləmək üçün maksimum miqdarda tərkibində antioqsidant olan meyvələrin qəbul edilməsini məsləhət edib:
"Limonlu çay, mürəbbəli çaylar, portağal və ya onun şirəsi, yerkökü şirəsi bunlara daxildir. Valideynlər bəzən elə düşünürlər ki, daha çox zülallı məhsulların qəbulu, xüsusilə uşaqlara şirnilərin verilməsi immuniteti artırır. Əksinə olaraq, karbohidrat mənşəli qidaları uşaqlara verməklə onların immun-bioloji sisteminin tarazlığının pozulmasına səbəb oluruq. Yaxşı olar ki, menyumuzda uşaqlar üçün də maye başda olmaqla, sağlam qidalar, ağartı məhsulları, meyvə-tərəvəz daha üstünlük təşkil etsin”.
AzerTaym.az

 






Fikirlər