Həkimdən HƏYƏCAN ÇAĞIRIŞI: “Pnevmoniya yaradır, peyvənd də təsir etmir”
Son aylar bütün ölkədə sürətlə yayılan qrip virusu artıq həyəcan təbili çalmağa əsas verir. Çünki bu kəskin virus çoxlarımızın alışdığı adi qrip əlamətləri ilə yanaşı, yuxarı tənəffüs yollarında iltihaba, pnevmoniyaya və digər orqanların zədələnməsinə səbəb olur. “Son 1 ay ərzində bizə müraciət edən xəstələr arasında pnevmoniyaya tez-tez rast gəlinir. Stasionarda yatan xəstələrimizin əksəriyyəti məhz pnevmoniyadan müalicə alır. Buna səbəb ölkədə sürətlə yayılan virusdur”. Bunu Ailem.az-a açıqlamasında terapevt-qastroenteroloq Mətanət Cəfərova deyib. Pnevmoniya ağciyər toxumasının kəskin infeksiyası nəticəsində zədələnməsidir. Əsas simptomları isə qızdırma, üşütmə, bəlğəmli və ya bəlğəmsiz öskürəkdir. Əlamətlər sırasında döş qəfəsində ağrı və təngnəfəslik də olur: “Əvvəllər xəstələr kəskin respirator hallar, burun axma, öskürək ilə müraciət edirdilər. Və immuniteti zəif olan xəstələr pnevmoniya olurdular. Ötən il noyabrın axırı, dekabrın əvvəllərindən müraciət edən insanların əksəriyyəti cəmi 3-5 gündür xəstələndiklərini, tənəffüslərinin zəiflədiklərini və qızdırması olduqlarını deyirlər. Xəstənin ağciyərlərinə qulaq asdıqda isə pnevmoniya ocaqları təyin olunur. Rentgenə yollayırıq və təsdiqlənir ki, xəstədə artıq pnevmoniya başlanır”. M. Cəfərova son yayılan pnevmoniyanın digər pnevmoniyalardan fərqli olduğuna diqqət çəkib. Həkim bildirir ki, virusların törətdiyi pnevmoniya daha sürətlə yayılır və ağır keçir. Qızdırma 39-40 dərəcəyə qalxır: “Üstəlik, istifadə olunan antibiotiklərə qarşı xəstədə dözümlülük yaranır. Yəni xəstələr bu dərmanları qəbul etsələr, iynələr vurdursalar da, müsbət dinamika müşahidə olunmur. Hətta daha çox ağırlaşma baş verir. Pnevmoniyanın öz fəsadı olaraq plevrit də ortaya çıxır. Bu xəstələrə diaqnoz qoyduqdan sonra, xüsusən də azyaşlı uşaqlar və 60 yaşdan yuxarı insanlar stasionar müalicəyə cəlb edilir, xəstəxana daxilində müalicə olunurlar. Burada əsas məqsəd qızdırmanı salmaq, damardaxili mayelərin köçürülməsi, vitamin terapiya və əgər varsa, infeksiyanın qarşısını almaqdır. Müalicədən əvvəl bəlğəm təmizlənir və antivirus müalicə tətbiq edilir. Bəzən xəstələrə bir antibioptik kifayət etmir. Bu dövrdə xəstəlik güclü ağırlaşma verdiyinə görə bir neçə antibiotik bir yerdə kombinasiya formasında istifadə edilir. Çünki pnevmoniya yaradan virus bir neçə gündən sonra plevritin, yəni ağciyərlərə su yığılması halının yaranmasına səbəb olur”. Ölkədə yayılan virusun H3N2 olmasına gəlincə, mütəxəssis bunları söyləyib: “Mən bunu dəqiqliklə H3N2 olduğunu deyə bilmərəm. Bu, Epidemiologiya Mərkəzinə bağlı bir məsələdir. Onlar aşkarlamalıdırlar, biz klinikada aşkarlaya bilmirik. O da qrip virusunun ştamlarından biridir. Hər il bir ştam gəlir. Bu da virusun mutasiyaya uğramış ştamıdır. Qripə qarşı peyvənd olunan adamlara belə, təsir eləmir. Həmin adamlar da bu virusa yoluxur. İl-ildən virusun yeni formaları çıxır deyə peyvənd də artıq effekt vermir. Bütün viruslar kimi, H3N2 virusuna yoluxma da pnevmoniya yarada bilir. Düzdür, Epidemiologiya Mərkəzi bunu inkar edir. Lakin sizə fakt deyə bilərəm. Şəhərdəki banklardan birində 5 nəfər eyni vaxtda pnevmoniyaya yoluxub. Başqa bir iş yerindən klinikada pnevmoniyadan 4 nəfər yatır. Bu o deməkdir ki, bu virusun yüksək keçiricilik xüsusiyyəti, yoluxma təhlükəsi var”. Mütəxəssis pnevmoniyanın gedişatını sürətləndirən halları bu cür sıralayır: - Xəstənin 3 ay ərzində kor-koranə antibiotik istifadə etməsi - Alkoqollu içkilər (Alkoqoldan əziyyət çəkənlər daha çox pnevmoniya olur) -60 yaşdan yuxarı xəstələr - Kimyaterapiya qəbul edənlər - İmmun sistemini aşağı salan müalicələr, məsələn, hormonal terapiyalar qəbul edənlər - Uşaq müəssisələrində olanlar (Bəzi bağça və digər uşaq müəssisələrində bir xəstədə virus infeksiyasının olması 5 yaşdan kiçik uşaqlara sürətlə ötürülür və epidemiya daha da geniş vüsət alır). - Uzun müddət qayğıdan kənar qocalar evində yaşayanlar Risk faktorları: - Uzun müddət siqaret çəkən insanlar -Yanaşı hər hansı ağciyər xəstəliyi, məsələn astma, şəkərli diabet, böyrək, ürək çatışmazlığından əziyyət çəkənlər - Alkoqolizmdən əziyyət çəkənlər - SPİD-ə yoluxan insanlar - Tez-tez soyuqlama halında olanlar Həkim kəskin temperatur fərqi yaşayan insanların da risk faktoruna aid olduğunu bildirib: “Sirr deyil ki, iş prosesini soyuq şəraitdə həyata keçirən insanlar az deyil. Onlar daim soyuqda işləyirlər. Soyuğa alışmış bu insanlar daa az xəstələnir. Əksinə, evi həddindən çox isti saxlayan insanlar soyuq havaya çıxdıqda dərhal xəstələnirlər. Bu kəskin temperatur fərqi yaşayan insanlarda xəstəlik daha çox inkişaf edir. Amma müntəzəm stabil temperatur olanda bu, bir o qədər problem törətmir. Ona görə də qış aylarında otaq temperaturunun 19-20-21 dərəcədə olması məsləhətdir. Temperatur ondan yüksək olanda problem yaradır. Ev və çöldəki temperatur arasında kəskin fərq yaranır ki, bu da bədənin müqaviməti üçün yolverilməz haldır”. M. Cəfərova müasir dövrün bəlasına çevrilən stressin də xəstəliklərin yaranmasına şərait yaratdığını qeyd edib: “Son dövrlərdə müqaviməti zədələyən və zəiflədən əsas faktorlardan biri də stressdir. Birdən-birə gərginlik yaşayan insanlarda virusa qarşı dözümlülük aşağı düşür və daha tez bir zamanda xəstəliyin proqressivləşməsi baş verir”. AzerTaym.az