“Bu əlamətlər qan xərçəngi təhlükəsindən xəbər verir” - Hematoloqla MÜSAHİBƏ

Son zamanlar qan xəstəlikləri insanların qorxulu yuxusuna çevrilib desək, yanılmarıq. Bəs bu xəstəliklərin vaxtında aşkar edilməsi və düzgün diaqnoz qoyulması üçün nələr etmək lazımdır?

Modern.az saytı bu və digər suallara cavab almaq üçün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının hematologiya şöbəsinin müdiri Valeh Hüseynovla söhbətləşib.

 - Valeh doktor, son vaxtlar daha çox yayılmış qan xəstəlikləri hansılardır?

 -Ümumiyyətlə, qan xəstəlikləri iki böyük qrupa bölünür: bədxassəli qan xəstəlikləri (buna xalq arasında qan xərçəngi də deyilir) və qanın bədxassəli olmayan digər xəstəlikləri. Qanın ikinci qrupa aid edilən xəstəliklərini də bir neçə qrupa bölmək olar. Bunlara irsi (talassemiya) və qazanılmış qan xəstəlikləri, qanın laxtalanma problemi, müxtəlif mənşəli qan azlığı və s. aid edilir.

Son zamanlar bizə qan azlığı problemi ilə üz tutan xəstələrin sayı daha da çoxalıb. Qan azlığının yaranmasının əsas səbəbləri çox müxtəlifdir. Qanda dəmirin və bəzi vitaminlərin çatışmaması nəticəsində yaranan qan azlığı ilə yanaşı, qanaxma  və digər xəstəliklərlə əlaqədar yaranan qan azlığına da çox rast gəlinir. Qanın tərkibində bəzi  maddələrin əmələ gəlməsi nəticəsində qanda parçalanma dediyimiz “hemolitik” anemiyalar yaranır. Hemolitik anemiyalar irsi və qazanılmış ola bilər.

Qan azlığı olan xəstələrdə hemoqlobinin səviyyəsi aşağı olur, buna anemiya deyilir. Hemoqlobinin səviyyəsi aşağı olduğu halda, həmin xəstələr həkimə müraciət etməli, onlarda bunun əsas səbəbi aşkar edilməlidir. Bəzən bu xəstəliyin səbəbi digər xəstəliklərdən də qaynaqlana bilir. Məsələn, qaraciyər, böyrək, mədə-bağırsaq xəstəlikləri, şəkərli diabet, həmçinin yoluxucu xəstəliklər nəticəsində də qan azlığı yaranır.

Ona görə də qan azlığı  aşkar edilən xəstələrdə mütləq yanaşı əlamətləri də yoxlamalıyıq. Əsasən də limfa düyünlərinin və dalağın böyüyüb-böyümədiyinin müayinəsi aparılmalıdır. Əgər xəstədə göstərilən problemlər  varsa, bu zaman mütləq qanın bədxassəli xəstəlikləri araşdırılmalıdır.

Qan azlığı ilə müraciət edən xəstələrdə ən çox rast gəldiyimiz, dəmir defisitli anemiyalardır. Bu zaman mütləq qanda dəmirin miqdarı, eyni zamanda  "depo dəmiri" deyilən ferritinin miqdarı yoxlanılmalıdır. Əgər  göstərilən komponentlərin səviyyələri aşağıdırsa, belə xəstələrdə dəmir defisitli anemiya səbəbi ilə bir neçə ay müalicə olunmalıdırlar.

Bəzən dəmirin səviyyəsi normal olur, amma xəstələrdə “mikrostar” deyilən, qan azlığı meydana çıxır. Bu da talassemiya daşıyıcılığına işarə verə bilər. Ona görə bu növ xəstələrdə mütləq irsi xəstəliklərin olub-olmadığı yoxlanılmalıdır.

Anemiyaların digər səbəblərindən biri  də qeyd etdiyimiz kimi, bədxassəli qan xəstəlikləridir. Bu zaman qana xas olmayan və nadir görünən hüceyrələrin (atipik hüceyrələr) qanda olub-olmadığı müəyyən edilir. Həmin xəstələrdə limfa düyünlərinin, daxili orqanların (xüsusilə də dalağın) və sümük iliyinin müayinəsi aparılmalıdır.

Bildiyimiz kimi, qanda olan ana hüceyrələri və onların yaranması sümük iliyində olur. Ona görə də sümük iliyində nə baş verdiyini bilmək üçün sümük iliyini “biopsiya” və ya “aspirasiya” deyilən müayinələrlə yoxlamaq lazımdır. Xəstənin diaqnozunun düzgün qoyulması sümük iliyinin dəqiqliklə müayinəsindən birbaşa asılıdır.

 - Bəd xassəli qan xəstəliklərinin əlamətləri nədir?

 - Bu xəstələrdə daha çox səbəbsiz hərarətin olması, çəkinin azalması, qan azlığının yaranması, dalağın böyüməsi, bədəndə qansızmaların olması, bəzən isə bir bölgədə böyümüş limfa düyünü bu xəstəliyin əsas əlamətləri ola bilər. Yorğunluq, halsızlıq, sümük ağrıları da bəd xassəli qan xəstəliklərində rast gəlinir.

Bu xəstəliklər zamanı insanların böyük əksəriyyəti immun sisteminin zəifləməsi nəticəsində infeksiya hallarına yoluxma halları ilə müraciət edirlər. Məsələn, müraciət edən çox insan var ki, onlar uzun müddət boğaz ağrısından, sümük ağrılarından, tez-tez qripə yoluxma hallarından əziyyət çəkirlər. Onlar buna qarşı müalicələr edirlər, amma  nəticədə sağalmırlar. Bunu araşdıran zaman immun sistemini zəiflədən hallar ortaya çıxır.

Bəzən qan azlığı və sümük ağrıları olan xəstələr, revmatik və infeksion xəstəliklər kimi uzun müddət müalicə olunur və gecikmiş halda artıq hematoloqlara müraciət edirlər. Mənim məsləhətim odur ki, insanlar dəqiqləşdirilməmiş diaqnozla müalicə almasınlar. Bu bizim tez-tez rastlaşdığımız mənzərədir. Bu hal xüsusilə bölgələrimizdə daha geniş yayılıb. Ona görə də insanlar arasında bu xəstəliklə bağlı maarifləndirmə işləri genişləndirilməlidir.  Çünki, düzgün və vaxtında qoyulmuş diaqnoz xəstənin şəfası deməkdir.

 -Qan azlığı olan xəstələrin ilkin müalicəsi hansı şəkildə aparılır?

 -Əgər xəstə müayinə olunub və diaqnoz dəqiqləşibsə,  ilkin müalicələrə başlamaq lazımdır. Amma qan azlığının profilaktikasından danışırıqsa (söhbət ən çox rast gəlinən  “dəmir defisitli” anemiyalardan gedir), bu zaman mütləq qidalanmaya fikir vermək lazımdır. Dəmirlə zəngin olan qidalar (ət məhsulları və meyvələr) gündəlik qida rasionunun əsas tərkib hissəsini təşkil etməlidir.

 -Belə xəstələr ən çox nələrə diqqət etməlidir?

 -Onlar qidalanmaya, düzgün şəkildə istirahətə və yuxunun normal olmasına önəm verməlidirlər. Bir  çox qan xəstəliklərinin yaranmasında şüalanmanın, radiasiyanın, immun sisteminin zəifləməsinin, bəzi virusların, kimyəvi maddələrin və s. rolu böyükdür. Ona görə də insanlar öz həyat tərzinə, qidalanmasına fikir verməlidir. Bu, təkcə qan xəstəliklərinin deyil, bir çox xəstəliklərin qarşısının alınmasında çox böyük əhəmiyyət kəsb edir. Ən önəmli məsələlərdən biri də xəstələrin  mütəmadi olaraq həkim müayinəsindən keçmələridir. Hər bir şəxs heç olmasa ildə bir dəfə bütün müayinələrdən keçərək orqanizmində nələrin baş verdiyindən xəbərdar ola bilər.

Onu da xüsusi qeyd edim ki, xərçəng xəstəliyində nə qədər tez diaqnoz qoyularsa, müalicə daha effektiv olar və müsbət nəticə əldə edilər. Təbii ki, düzgün edilən müalicə ən vacib amildir və bu da xəstəlikdə uğurlu nəticənin təminatıdır.

 






Fikirlər