ATU-nun Tədris Cərrahiyyə Klinikasında PULSUZ müayinə aparılıb
140 nəfər endikrinoloji müayinə və USM-dən keçib AzerTaym.az ATU-nin mətbuat xidmətinə istinadən xəbər verir ki 25 may "Dünya Tiroid günü" ilə əlaqədar Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında iki gün ərzində endokrinoloji şikayəti olan pasiyentlərin pulsuz konsultasiya və ultrasəs (USM) müayinəsi keçirilib. 25-26 may 2016-cı il tarixlərində keçirilən aksiyada 140 nəfər iştirak edib. Onlar pulsuz USM və laborator müayinələrdən keçiblər. Müraciət edənlərin 10 nəfərində qalxanabənzər vəzin heç bir patologiyası, hansısa digər problem aşkarlanmayıb. 50 nəfərə yaxın vətəndaşda kiçik kolloidal düyünlər, 30 nəfərdə qalxanabənzər vəzin xroniki iltihabı prosesi, 8 nəfərdə ressidiv zob, o cümlədən böyük həcmli düyünü olan xəstələr də müəyyənləşib. ATU-nun I cərrahi xəstəliklər kafedrasının tibb üzrə fəlsəfə doktoru, Azər Hümmətovun sözlərinə görə, aksiya zamanı aparılan müayinələr nəticəsində ən çox qalxanabənzər vəzin düyünlü urları və haşimote tiroidinə rast gəlinib. Bundan başqa, USM müayinəsi zamanı bəzi insanlarda kolloidal düyünlər (yəni kistoz düyünlər) bəlli olub. Azər Hümmətov bildirir ki, digər klinikalarda əməliyyat olunan bəzi xəstələrdə sonradan müəyyən problemlər yaranıb: “Müayinə əsasında onlara müvafiq təyinatlar verildi. Bəzi xəstələrdə düyündə müəyyən patologiya əlamətlərinə dair şübhələr yarandığına görə, onlara biopsiya tövsiyə olundu. Onların əksəriyyəti elə həmin gün biopsiyadan keçdilər və bəzilərinə əməliyyat məsləhət görüldü. Bu xəstələrdə düyün böyük olduğundan, onlarda tənəffüs çətinliyi müşahidə olunurdu. Onlara da müvafiq müayinələrdən sonra müalicə üsulları təyin ediləcək” .Ümumilikdə aksiya iştirakçıları ATU Tədris Cərrahiyyə Klinikasına belə kampaniyanın təşkilinə görə təşəkkürlərini bildiriblər. Onlar klinikada göstərilən xidmətin səviyyəsi, həkimlərin yanaşma metodlarından çox razı qaldıqlarını bildirdilər.