"P&G", "Unilever", "Henkel": Məşhur brendlər Azərbaycanda necə saxtalaşdırılır? - ŞƏRH
Azərbaycanın dükan və bazarlarında harda hazırlandığı məlum olmayan keyfiyyətsiz təmizləyici vasitələr, şəxsi qulluq və gigiyena məhsulları satılır. "Qaynar"ın məlumatına görə, adətən əvvəllər tanınmamış markaların məhsulları keyfiyyətsiz olsa da, son zamanlar brend sayılan markaların da saxtaları bazarı ağuşuna alıb. Ölkəmizdə rəsmi nümayəndəlikləri olmayan belə şirkətlərin saxta məhsullarını bazarda görmək o qədər də təəccüblü deyil. Bəs "P&G", "Unilever", "Henkel" kimi rəsmi distributorları olan şirkətlərin keyfiyyətsiz məhsulları hardandır? Bəlkə bunları həmin firmaların elə özləri xaricdən gətirmək əvəzinə, zirzəmi şəraitində istehsal edərək bazara çıxardır? Belə məhsulların açıq satışı əsasən paytaxtın "Sədərək", "Binə" kimi böyük ticarət mərkəzlərində aparılır.
İstehlakçılar bəh-bəhlə ləkə çıxarmaq üçün alıb gətirdikləri yuyucu tozlarının əksinə, ləkə saldığını bildirirlər: "Brend məhsul dediklərinə görə, baha qiymətə olsa da, alırıq ki, keyfiyyətli olar. Amma aldığımız məhsullar təmizləmək yerinə ləkə salır. Dəfələrlə olub ki, təzə aldığım paltara rəng düşüb, korlandığı üçün atmışam". Problemin kökündə duran məqamları aydınlaşdırmaq üçün "Azad İstehlakçılar Birliyi"nin rəhbəri Eyyub Hüseynovla əlaqə saxladıq. "Qaynar"a açıqlama verən ekspert saxta məhsulların hansı şəraitdə hazırlanmasından danışdı: “Bu fikirlə razıyam. Bizdə"Tide", "Ariel", "Oriflame" və s. şirkətlərin saxta məhsulları ilə bağlı nümunələr var. Mən dəfələrlə bu şirkətlərin Azərbaycandakı satış işini aparan nümayəndələri, həmin məhsulları ölkəyə gətirən "Henkel" şirkətinin rəhbəri ilə görüşüb, bazarın təmizlənməsini xahiş etmişəm. Bizdə həmçinin onların harda hazırlanması ilə bağlı da məlumatlar var. "Sədərək" bazarında açıq satılan bu məhsulları alıb ona 3 kisə duz, 1 kisə un və digər zərərli kimyəvi məmulatlar qarışdıraraq ölkənin qərb regionlarında - Şəmkirdə, Gəncədə və s. oxşar qablara doldurub nisbətən ucuz qiymətə əldə satır və ya bazara çıxarırlar. Bu tip təmizlik vasitələri əlbəttə ki, yuyulan məhsullara ziyan verməklə yanaşı, insanlarda müxtəlif dəri xəstəliklərinin yaranmasına da səbəb olur". Bu kimi halların qarşısının alınması üçün hansı tədbirlər həyata keçirilir? Ekspertin fikrincə, İqtisadiyyat Nazirliyi işinin öhdəsindən gəlmir: “İki variant olur: İstehsalçının rəsmi distributoru bunları bazardan çıxarmağa maraqlı deyilsə, bu o deməkdir ki, saxta məhsulların hazırlanmasında elə onun özünün də marağı və iştirakı var. Bu nümayəndəliklər paralel olaraq həm öz məhsulunu natural şəkildə satır, həm də onun saxtalaşdırılmasında iştirak edərək xarici ofisi aldadır. Yaxud da həmin nümayəndəliklər ümumiyyətlə bunlara əhəmiyyət vermirlər. Bu işlərin öhdəsindən İqtisadiyyat Nazirliyi gəlməlidir. Əfsuslar olsun ki, nazirliyin müvafiq qurumu 144 nəfərlik ştatla 9 mərtəbəli binada oturub, lakin bu sahədə heç bir iş görmür. Biznes qurumları da sahibkarlar üçün yaradılmış azad şəraitdən sui-istifadə edirlər. Nəticədə də aldadılan istehlakçılar olur. "Azad İstehlakçılar Birliyi” 20 ildir bunun qarşısını almaqla məşğuldur və rayon nümayəndəlikləri vasitəsilə bu sahədə daim əhalinin maarifləndirilməsi işlərini həyata keçirir"- deyə ekspert bildirir.