13.08.2014- Saxta brendlərdən Aydın Əliyevə ŞİKAYƏT

13.08.2014- Saxta brendlərdən Aydın Əliyevə ŞİKAYƏT Müraciəti dünyaca məşhur qab-qacaq istehsalçısı olan “Zepter İnternational Tradinq Holdinq AG” şirkətinin Azərbaycandakı yeganə və qanuni nümayəndəliyi “Zepter İnternational ” adından tanınmış vəkil Kamandar Nəsibov ünvanlayıb.

Vəkilin verdiyi məlumata görə şirkətin məşhur və bahalı brendlərinin saxta məhsulları Azərbaycan bazarında olduqca ucuz qiymətə satılır: “Dövlət Gömrük Xidmətinin sədri Aydın Əliyevə müraciət edərək brend mallarla əhəmiyyətli dərəcədə oxşarlığı olan saxta, mənşəyi bilinməyən, qanunsuz yolla istehsal olunmuş və keyfiyyətsiz malların dövlət sərhəd məntəqələrində fəaliyyət göstərən Gömrük orqanları əməkdaşları tərəfindən ölkə ərazisinə buraxılmasının dayandırılması haqqında qərar qəbul etməyi xahiş etmişik. Bu artıq sayca ikinci müraciətdir. Saxta mallar insan orqanizmi üçün zərərlidir, onların harda, hansı şəraitdə hazırlandığı bəlli deyil.

Qiymətinə görə bu malların saxta olduğunu müəyəyn etmək olur. 1500 manat dəyərində olan malın saxtası bazarda 50 manata təklif olunur. Bu malların hansı şəraitdə, hansı xammaldan hazırlandığı məlum deyil. Bu qablarda hazırlanan yemək insan səhhəti üçün ziyanlıdır”. K.Nəsibovun sözlərinə görə sözügedən malların Azərbaycanda satışı ilə bağlı məsələ həm də məhkəmə müstəvisində həll ediləcək: “Belə ki, dünyaca məşhur şirkətin Azərbaycan nümayəndəliyinin müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsindən firma adından və ticarət nişanından haqsız istifadə edərək malları satan “Royal Style LTD” MMC –yə qarşı qətnamə çıxarılıb. Ancaq fəaliyyətini dayandıran “Royal Style LTD” MMC-nin təsisçisi İmanova Nailə bu dəfə oğlunun adına yeni “Royal Home Design” MMC-ni qeydiyyatdan keçirərək Bakı şəhəri, Azərbaycan prospekti-31 ünvanında qanunsuz əməllərini davam etdirir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları Bakı şəhəri, Azərbaycan prospekti-31 ünvanında və “Sədərək” və “Binə” ticarət mərkəzlərində kütləvi şəkildə saxta malların olduğunu təsdiq edərək onların satılmasının qarşısının alınması üçün tədbirlər görür. Həmçinin 1 saylı İnzibati-İqtisad Məhkəməsinə müraciət olunub”
.


Elnarə ƏLOSMANQIZI






Fikirlər