28.06.2014.- Üzərində qiyməti yazılan mallar niyə baha satılır ? - ARAŞDIRMA İqtisadiyyat və Sənaye Nazirliyi bu istiqamətdə öz gücünü göstərmək istəmir.
Ancaq Bakıda köşklərdə ən az satılan şey qəzet, jurnaldır. İçməli su, siqaret, alışqan və konturun ən asan əldə edilən yeri elə məhz köşklərdir. Buranı digər mağazalardan fərqləndirən də orda satılan malların qiymətidir.
1 manatlıq danışıq kartı 1 manat 10 qəpiyə, 2 manatlıq 2 manat 20 qəpiyə, digər danışıq kartları da 20 qəpik daha baha satılır. Bundan əlavə, içməli sular da baha satılır. Üzərində qiyməti 20 qəpik yazılan qazlı və qazsız sular 30 qəpiyə, 40 qəpiyə olan sular isə 50 qəpiyə təklif olunur.
Bu məsələ ilə bağlı köşklərə baş çəkdik və hər köşkdə fərqli cavablarla qarşılaşdıq.
“Nəsimi” metrosunun yaxınlığındakı köşkdəyik. Satıcıdan 1 manatlıq danışıq kartı və qazsız su istəyirik. Satıcı karta görə 10, suya görə də 10 qəpik artıq pul tələb edir. Sual olanda ki, hər iki malın üzərində qiyməti göstərilib niyə bu qiymətə satırsız, satici bildirir ki, müdürün təyin etdiyi qiymətə də satılır.
Bundan sonra “20 yanvar” metrosunun çıxışındakl köşkə yaxınlaşırıq. Yenə eyni şeyləri sifariş edirəm və eyni qiyməti deyirlər. Səbəbini soruşduqda deyirlər ki, bu qiymətə satırıq, xoşun gəlmir get başqa yerdən al.
Beləcə, Şah İsmayıl Xətai, Memar Əcəmi stansiyalarının çıxışındakı köşklərdə oluruq və hamısında da vəziyyət eynidir. Cavablarsa fərqli oldu. “Qiymətlər sərf etmir, ona görə bu qiymətə satırıq, danışıq kartını 1 manata satanda 2-3 qəpik qalır bizə, 2-3 qəpiyə görə kim durar burda?”
Məsələni araşdırmaq üçün ekspertlərə müraciət etdik.
İstehlakçıların Hüquqlarının Müdafiəsi Birliyinin sədri Eyyub Hüseyov açıqlamasında bildirdi ki, ölkədə şişirdilmiş qiymətlər var. Bu cür qiymətlərin qarşısının alınmasına prezident səviyyəsində də göstəriş verilsə də bu hallar davam edir.
“Azərbaycanda bir daha qalxan qiymət bir daha enmir. Bunun qarşısının alınmasında isə aidiyyati qurumlar gücsüzdür. Biz istehlakçı olaraq korrupsiyanın stimuliyatoruna çevrilmişik. “Coca-cola”nın baha satılması ilə bağlı firmanın Türkiyə ofisinə məlumat verdim. Məsələyə baxılacağını dedilər, ancaq heç bir iş görmədilər. Yerli ofis isə ümumiyyətlə reaksiya vermədi. Bu işə nəzarət edən İqtisadiyyat və Sənaye Nazirliyi yanında Anti-inhisar siyasəti, istehlakçıların müdafiəsi dövlət xidmətidir. Onlar bu cür halların qarşısını almaq üçün gərək daim monitorinq aparsınlar. Hal-hazırda istehlakçıların soyulması prosesi gedir. İqtisadiyyat və Sənaye Nazirliyinin bu cür halları qanunsuz hesab etməməsi düzgün deyil. Firma, əgər, malın üzərinə qiymət qoyursa demək ki, o qiyməti qiymət siyasətinə nəzarət üçün qoyur. Əgər hansısa mağazalar malın üstündəki qiymətlə razı deyilsə o zaman ya o malı satmasın, ya da istehlakçıdan aldığı pulu firmadan alsın”.
Yaranmış vəziyyəti araşdırmaq üçün İqtisadiyyat və Sənaye Nazirliyi ilə əlaqə yaratdıq. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Abbas Əliyev açıqlamasında bildirdi ki, "firmaların dillerləri malı üzərində yazılmış qiymətə sata bilər, ancaq diller olmayan mağazalar qiymət qoymaqda sərbəstdir”.
Şikayətləri araşdırmaq üçün “Coco-cola” şirkəti ilə əlaqə yaratdıq. Şirkətin marketinq şöbəsindən Nəzrin Ağamoğlanova bildirdi ki, malların üzərinə tövsiyə olunmuş qiymət yazılır. “Mağazaların onu hansı qiymətə satacağına qarışmırıq. Mallarımızın üzərinə gedib baxa bilərsiz, yazılıb ki, misal üçün "tövsiyə olunan qiymət 40 qəpik".
Biz də xanımın dediyi kimi gedib malı aldıq, ancaq üzərində "tövsiyə" sözünə rast gəlmədik. Yalnız "40 qəpik" yazılıb. Belə çıxır ki, firmalar alıcıların soyulmasında maraqlıdır.
"Azercell"in mətbuat xidmətindən isə bildirdilər ki, şirkət dillerlərlə əməkdaşılğa maraqlıdır.
“Dillerlərimizə də şərait yaratmaqda kömək edirik və rəsmi dillerlərimizdə qiymətə nəzarət edirik. Ancaq köşklərdə və digər mağazalarda satış qiymətini nəzarətdə saxlaya bilmirik. Çox istəyərik ki, nəzarət edək, ancaq bu, mümkünsüzdür”.
Mövzunu davam etdirəcəyik...
Hikmət Qədirli.