Bakıda qida “terrorçuları” peyda olub — ölüm gətirən kolbasaların qiyməti - FOTO
Bakıda insanları şoka sala bilcək qədər ucuz qiymətə kolbasalar satılır. "Ölkə.Az" xəbər verir ki, bu barədə sosial şəbəkədə gənc jurnalist Şahin Sərdarlı məlumat yazıb. O bildirib ki, “Koroğlu” metro stansiyası yaxınlığında kiloqramı 2,50 AZN-ə kolbasalar satılır. Deyilənlərə görə, həmin məhsullar ya Rusiyadan gətirilir. Yaxud da, hansısa sexlərdə istehsal olunur. Mütəxəssislər də belə məhsulların insan üçün ölüm mənbəyi olduğunu düşünürlər. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Ölkə.Az-a açıqlamasında bildirib ki, belə məhsullardan istifadə edən insanlar sağalmaz xəstəliklərə düçar ola bilərlər. “Kolbasaların qiyməti onun keyfiyyətindən xəbər verir. İlk baxışdan həmin məhsullarda normal ətin olmadığı aydın görünür. Yer üzündə soya ət var. Əti əvəz edən çoxlu komponentlər var. Belə məhsullar arzuolunmaz ətlərdən, yaxud ət əvəzedicilərindən hazırlanır. Belə məhsullar insan həyatı üçün çox zərərlidir. İnsanın genefondunu dağıdır, onları iflic edir”, - deyə Eyyub Hüseynov bildirib. Rəsmilər də belə məhsulların satılmasının qadağan olduğunu deyirlər. Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov Ölkə.Az-a açıqlamasında bildirib ki, həmin məhsulların küçədə açıq şəraitdə satışı qəti qadağandır. “Siz deyilən əraziləri sabah müəyyən edəcəyik. Həmin ərazilərdə mütləq yoxlamalar aparılacaq. Belə hal aşkarlanarsa, həmin şəxslər qanunla mütləq cəzalandırılacaq. Bizim tərəfdən mütəmadi reydlər davam etdirilir. Belə reydlər intensiv hal alıb. Kənd təsərrüfatı məhsullarının şəhərə axını çoxalıb. Kartof, soğan, digər bostan məhsullar satışını həyata keçirənlər olur. Bəzən xiyar və pomidor satanlara rast gəlinir”, - deyə qurum rəsmisi bildirib. Ə.Bağırov deyir ki, vətəndaşlar da belə məhsulları almaqdan qorxmalıdırlar: “Ərzaq məhsulları, xüsusən ət məhsulları, süd, qatıq, kolbasaları satmaq qəti olmaz. Çünki bunlar tez xarab olan məhsullardır. Belə məhsullar mütləq ciddi yoxlanışdan keçəndən sonra satışa buraxılmalıdır. Belə məhsulları alanlar da həyatlarını təhlükə qarşısında qoyurlar. İnsanlara belə məhsulları almasınlar. Bu xəstəlik mənbəyidir”