MÜALİCƏ ÜÇÜN xarici seçən AZƏRBAYCANLI məşhurlar (SİYAHI)

Müalicə üçün xarici seçən azərbaycanlı məşhurlar (SİYAHI)

Müsavat Partiyasının sabiq başqanı İsa QəmbərinAzərbaycanın ən inanılan klinikalarından olan Mərkəzi Klinik Xəstəxanada ürəyindən müalicə olunduqdan dərhal sonra Türkiyəyə "daha güvəncli müayinə” üçün üz tutması, həmçinin bir neçə gün öncə Milli Onkologiya Mərkəzində xərçəng diaqnozu qoyulan xanımın öz həkimlərimizə inanmayaraq, İzmirə getməsi və ordan bədxassəli şiş olmadığı barədə xəbərlə qayıtması bir daha bu sualı aktuallaşdırdı: Bakıda müalicə olunduqdan sonra "güvəncli müalicə üçün” xaricə üz tutan məşhurlar kimlərdir?
Axar.az xəbər verir ki, 2017-ci il və 2018-ci ilin ilk ayları ərzində müalicə üçün xaricə gedən onlarla məşhur var. Məsələn, ötən il dünyasını dəyişən energetika naziri Natiq Əliyev də xəstəliyi ilə bağlı ciddi problem olduğunu bildiyi zaman Mərkəzi Neftçilər Xəstəxanasından Türkiyəyə göndərilmişdi. Lakin keçmiş nazir Türkiyədə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişmişdi.
Ötən il dünyasını dəyişmiş xalq artisti, tanınmış diktor Rafiq Hüseynov da xəstəliyi ilə əlaqədar bir neçə dəfə Türkiyədə, daha sonra isə Almaniyada müalicə almışdı. Xərçəng xəstəliyindən əziyyət çəkən diktor dəfələrlə Türkiyədə əməliyyat da olunmuşdu.
Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən məşhur aparıcı Hacı Nuran Hüseynov isə Almaniyada aldığı yüksək səviyyəli müalicədən sonra xəstəlikdən xilas ola bildi. Xəstəliyi ilə əlaqədar dəfələrlə Türkiyəyə və Almaniyaya gedən aparıcı sonuncu dəfə Avstriyada müayinə olunub.
Azərbaycanın məşhur komediya aktyoru Tərlan Nur Yaşar da ötən il müalicə üçün Türkiyəyə gedən məşhurlardandır. İllərdir əziyyət çəkdiyi şəkər xəstəliyinin çarəsini tapmaq üçün Türkiyəyə üz tutan aktyor bir müddət davam edən müayinə və müalicədən sonra vətənə qayıtdı. Yenidən aktyorluqla məşğul olan T.N.Yaşar son açıqlamasında səhhətində heç bir problem olmadığını bildirib.
"Faytonçu" ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari də ağır vəziyyətdə Türkiyəyə gedənlərdəndir. Öd kisəsində yaranmış problemə görə ölkədə uğursuz əməliyyat keçirən müğənni məcburən İsrailə getməli olub. Daha sonra isə Türkiyəyə gedərək orada əməliyyat olunub. Hətta həmin müddət ərzində müğənninin sosial şəbəkələrdə yayılan fotosu da təəccübə səbəb olmuşdu.
Uzun müddət onurğasında yaranmış problemə görə əziyyət çəkən Rasim Balayev də dövlət vəsaiti hesabına Türkiyəyə müalicəyə göndəriləcəkdi. Sonradan İsrailli həkimin Bakıya gəlməsi səbəbindən Türkiyəyə getməyən xalq artistinin müalicəsi israilli həkim tərəfindən Bakıda baş tutdu.
Xalq artisti Məleykə Əsədova ötən ilin yayında müalicə üçün Litvaya yollandığını bildirmişdi.
Məsələ ilə əlaqədar axar.az-a açıqlama verən tipp üzrə ekspert Adil Qeybulla bildirib ki, müalicə üçün xaricə gedənlərin sayı hər il artır:
"Təəssüflər olsun ki, yerli əhali hələ də müalicə üçün xaricə üz tutmaqda davam edir. Türkiyə, Almaniya, İsrail kimi ölkələrə axın daha çoxdur. Xüsusilə də müalicə üçün Almaniyaya gedənlərin sayında artım var. Həmin şəxslər özəl klinikalarda müalicə olunurlar.
Xarici ölkələrdəki özəl klinikaların qiyməti isə həddindən artıq yüksəkdir. Bu səbəbdən xəstələrdən böyük miqdarda vəsait tələb olunur. Bu, ölkədən böyük valyuta axınıdır”.
Ekspert xaricə müalicəyə gedənlərin arasında imkanlı şəxslərin xüsusi yer tutduğunu qeyd edib:
"Ümumiyyətlə, faktdır ki, Azərbaycanın imkanlı şəxsləri, xüsusilə tanınmış simaları, o cümlədən dövlət adamları ölkədə müayinə-müalicə olunmaq istəmir”.
A.Qeybulla bildirib ki, Azərbaycan səhiyyəsində son illər inkişaf açıq şəkildə hiss edilir:
"Azərbaycan səhiyyəsində xeyli gəlişmələr izləmək mümkündür. Xüsusilə maddi-texniki bazanın güclənməsi, müasir avadanlıqların alınması, kadr təchizatı baxımından əhəmiyyətli irəliləyişlər var”.
Ekspertin sözlərinə görə, icbari tibbi sığortanın ölkədə tam oturuşmasından sonra Azərbaycanda bu problem ciddi şəkildə aradan qalxacaq.






Fikirlər