Müəllimlər necə geyinməlidir? - ARAŞDIRMA
Uzun illərdən bəri ölkə ictimaiyyətini, valideynləri, ziyalıları narahat edən bir məsələni - təhsilimizin əsas siması olan müəllimlərimizin geyimləri ilə bağlı problemləri araşdırmağı, təcrübəli təhsil işçiləri, mütəxəssis və ekspertlərlə birgə müzakirə etməyi qərara aldıq.
Araşdırmalarımıza ilk olaraq paytaxtın bir neçə orta ümumtəhsil məktəbindən başladıq. Qocaman müəllimlərlə, valideynlərlə, müəssisə rəhbərləri ilə söhbətləşdik. Apardığımız çoxsaylı müzakirələrdən məlum oldu ki, müəllimlərin geyimi bəzi müəssisələrdə qaneedici olsa da, çoxsaylı məktəblərimizdə müəllimə, çalışdıqları təhsil ocağına yaraşmayan geyim tərzi nümayiş etdirənlər də az deyildir.
Mütəxəssislərlə söhbətlərimizdə o da vurğulandı ki, müəllimlərin qeyri-düzgün geyim forması müəllim nüfuzuna, şagirdlərin tərbiyəsinə, tədrisin keyfiyyətinə ciddi təsir göstərən əsas amillərdən biridir. Övladlarının təhsilini, tərbiyəsini etibar etdikləri şəxslərin açıq-saçıq geyimləri, həddən ziyadə taxdıqları zinyət əşyaları, istifadə etdikləri parlaq və şit boyalı bəzəklər, kosmetikalar bəzən bu müqəddəs peşə sahiblərinə olan inamın azalmasına gətirib çıxarır. Bu kimi hallardan narahatlıq hissi keçirən valideynlər də düşünürlər ki, belə vəziyyət övladlarına mənfi təsir edir, təhsil prosesi zamanı onların fikrini yayındırır. Bundan başqa, şagirdlər arasında həmin müəllimlər müzakirə obyektinə çevrilir, bəziləri həmin müəllimləri hətta özlərinə örnək götürürlər.
Məsələnin digər tərəfi isə belə müəllimlərin həmkarlarına da mənfi təsir göstərməsidir. Bəziləri bunu müasir dövrlə əlaqələndirib normal hesab etsə də, bir çoxları isə müəllimlər üçün standart geyim forması olmasının tərəfdarıdır. Yeri gəlmişkən qeyd edək ki, artıq paytaxtın bir neçə orta ümumtəhsil məktəblərində bu kimi halların qarşısının alınması məqsədilə müəllimlərin vahid geyim forması tətbiq edilir. Bundan başqa, araşdırmalarımız nəticəsində məlum oldu ki, dünyanın müxtəlif ölkələrində də müəllimlər üçün vahid geyim formalarından istifadə olunur.
Nəzərinizə çatdıraq ki, bu məsələ Təhsil Nazirliyinin də diqqət mərkəzindədir. Ötən il nazirlik tərəfindən qəbul edilmiş "Müəllimlərin etik davranış qaydaları"nda da müəllimin geyimi ilə bağlı məsələlər öz əksini tapıb. Məsələnin aktuallığını və ictimaiyyətin narahatlığını nəzərə alıb, mövzu ilə bağlı bir sıra təhsil mütəxəssisinin fikirlərini nəzərinizə çatdırırıq.
Pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev deyir ki, orta əsrlərdən başlayaraq, inkişaf edən ölkələrdə, dini və dünyəvi məktəblərdə məktəbli (öyrənən) və müəllim (öyrədən) geyiminin gündəlik, iş, şadlıq, toy, bal-maskarad geyimlərindən fərqli olması diqqətdə dayanıb və reallaşdırılıb.
Geyimə verilən tələblərdə əsas şərt odur ki, geyim şəxsin öyrənən və ya öyrədən olduğunu bildirsin. Geyim ala-bəzək, gözqamaşdıran olmasın, bədəni, hərəkət üzvlərini sıxmasın, canın havadan qidalanmasını məhdudlaşdırmasın.
Məktəbli geyim forması tərbiyəvi mahiyyətdə olduğundan, qorunub saxlanılıb. Amma iqtisadi çətinliklər ucbatından müəllimlər üçün məxsusi geyim forması tələb edilməyib. Tələb edilən bu olub ki, müəllimlər səliqəli geyinməli, görünüşcə, davranışca nümunəvi olmalıdırlar.
Düşünürəm ki, hazırda Azərbaycan Respublikası təhsil nazirinin 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri ilə təsdiq edilmiş "Müəllimlərin etik davranış qaydaları" dönmədən yerinə yetirilərsə, normallıq təmin edilə bilər. "Qaydalar"da müəllimin necə geyinməsi tələbləri də öz əksini tapır. Göstərilir ki, müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır.
"Xarici görkəminə fikir vermək" o deməkdir ki, kişi müəllimin üzü həmişə təraşlı (tüksüz, saqqalsız), saçı (varsa) daraqlı və səliqəli (çiyninə tökülmüş vəziyyətdə, yaxud uzadılıb düyünlənmiş və s. yox), qadın müəllimin isə üzü təbii görkəmində (ifrat pudralanmış, maskalanmış, gözü rənglənmiş, kiprikləri oxlanmış və s. yox) olmalıdır.
"Geyiminə xüsusi fikir vermək" odur ki, kişi müəllim səliqəli, saya köynək geyməli (şit rəngli, əndazəsiz, üzərində yazılar olan köynək yox), qalstuk taxmalıdır. Həmçinin kostyum geyimində də bu tələbi yerinə yetirməlidir.
Qadın müəllim geyimində daha diqqətli olmalıdır. Sinəsi açıq, hədsiz dərəcədə dar və ya gödək, üzəri şəkilli və ya yazılı paltar, o cümlədən şalvar geyməməlidir. Etik, fizioloji ziyandan, ictimai rişxənddən özünü qorumalı, geyimi ilə də tərbiyəvi örnək təsiri göstərməyə çalışmalıdır.
Hər bir təhsil ocağı istər öyrənənlərin, istərsə də öyrədənlərin Təhsil Nazirliyinin "Qaydalar"ına əməl etməli olduqlarını anladan təsirlərdən istifadə etməlidir. Bəzi ali məktəblərdə tələbələrin geyim səliqəsinə və xarici görünüş normallığına əməl etmədikləri diqqət çəkir. Tələbələrdən bəziləri üzü tüklü, müxtəlif formada saqqal saxlayaraq, dərsə gəlirlər. Düşünürəm ki, təhsil ocaqlarında "Qaydalar"ın tətbiqinin gücləndirilməsi, tələblərin yerinə yetirilməsinin vərdişə, etik normaya çevrilməsi bəs edər, məxsusi geyim formasına ehtiyac qalmaz.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, əməkdar müəllim Məhəbbət Vəliyevanın sözlərinə görə, günü-gündən müasirləşən və sürətlə inkişaf edən ölkəmizdə cəmiyyətin ən aparıcı qüvvələrindən biri də müəllimdir. Təbii ki, müasir dövrün öz tələbləri var və çağdaş insan dövrün tələbləri ilə uyğunlaşmağa çalışır. Hər bir insan haqqında ilk təsəvvür yaradan vacib faktorlardan birincisi onun xarici görünüşü, geyimi ilə müəyyənləşir. Əbəs yerə deməyiblər ki, geyimə görə qarşılayıb, ağıla görə yola salırlar. Düşünürəm ki, müəllim bir tərbiyəçi kimi ilk əvvəl xarici görünüşü ilə öz daxili aləmi, mədəniyyəti haqqında rəy formalaşdırmaqla yanaşı, eyni zamanda qarşısındakını da bu yolla tərbiyə edir. Buna görə də müəllimin geyim tərzi onun üçün həm də bir tərbiyə vasitəsidir. Bəs gəlin görək, bu məsələ ilə bağlı vəziyyət necədir? Düşünürəm ki, müəllimləri xarici görünüşünün təsnifatına görə müxtəlif kateqoriyalara bölmək olar.
Birincisi, elə müəllimlərimiz var ki, yaşından, sosial durumundan, həyat və peşə təcrübəsindən asılı olmayaraq onlar istər rəsmi, istərsə də qeyri-rəsmi şəraitdə, hətta küçədə gedərkən belə müəllim olduğu müəyyənləşir. Onların sanki çöhrəsindən, davranışından, danışığından, ədəb-ərkanından və ən başlıcası görünüşündən ziyalı, müəllim təbəqəsinə aid olduğu aydın görünür. Təbii ki, bu müəllimlər həmişə hamı tərəfindən sevilib, cəmiyyətdə böyük nüfuz və hörmət sahibi olmaqla yanaşı yetirmələri onlara daim pərəstiş edib, həmin müəllimləri özlərinə kumir seçiblər. Bu kateqoriyaya aid olan müəllimləri "klassik müəllim" kimi səciyyələndirmək olar.
İkinci kateqoriya müəllimlər isə "müasir müəllim" ki, onların bu müasirliyini qələmə verən xarici görünüşlərində dəblə yanaşı gözəl zövq, müxtəliflik, cazibədarlıq nümayiş olunur. Gəlin razılaşaq ki, geyimin münasibliyi və gözəlliyi, müasirliyi yalnız "zövqün gözəlliyi" anlayışı ilə müəyyənləşmir. Bu məsələ özü- özlüyündə xüsusi yanaşma tələb edir və düşünürəm ki, burada zəngin dünya görüşü də rol oynayır. Həmin müəllimlərə baxdıqda Şərqlə Qərbin, keçmişlə müasirliyin vəhdətini görmək olur. Məncə, bu müəllimlər də bir tərbiyəçi kimi şagirdlərdə xüsusi zövq formalaşdırır, həmçinin, xarici görünüşün insanın həyat və fəaliyyətində nə qədər önəmli yer tutduğunu öz şəxsi nümunələrində ifadə edirlər.
Üçüncü kateqoriyaya isə, təəssüf ki, elə müəllimlərimiz daxildir ki, onların xarici görünüşü şagirdlərdə yanlış təsəvvür, zövqsüzlük tərbiyə edir. Bu müəllimlər açıq-saçıq, "təhsil və tərbiyə ocağı" adlanan məktəbə qətiyyən uyğun olmayan geyimləri, aşırı bər-bəzəkləri və davranışları ilə şagirdlərə yanlış və eyni zamanda mənfi təsir göstərir. Bununla yanaşı qeyd edim ki, belə müəllimlər arasında çox səriştəli, peşəsinin vurğunu, yüksək elmi savada malik müəllimlərə də rast gəlmək olar. Lakin geyim tərzi və ümumilikdə xarici görünüş hər şey demək deyilsə də, qeyd etdiyim bir çox faktorları güclü səciyyələndirir. Bu zaman müəllimin davranışının, danışığının, jest və mimikasının, maneralarının onun xarici görünüşü ilə vəhdət təşkil etdiyini unutmaq olmaz. Lakin bu da ayrı bir müzakirənin mövzusudur. Belə olan təqdirdə sual oluna bilər: görəsən müəllimlər vahid forma geysələr yaxşıdır, yoxsa hazırkı vəziyyət? Mən vahid formanın tərəfdarı deyiləm. Fikrimcə, məktəb elə bir yaradıcı, canlı orqanizmdir ki, o öz rəngarəngliyi, müxtəlifliyi ilə seçilməlidir. Lakin bununla yanaşı, mən məktəbdə müəyyən çərçivənin olmasının tərəfdarıyam. Məktəbdə çalışanlar yetişməkdə olan yeni nəslin tərbiyəsi ilə məşğul olduqlarını bir an belə unutmamalıdırlar. Məhz bu faktor təlim-tərbiyə ocağında çalışan hər bir insana bu məsələyə çox ciddi yanaşmaq və xarici görünüşünü düzgün tənzimləmək üçün yetərli əsas verir. Düşünürəm ki, müəllimin geyim tərzi ilk növbədə təmiz, səliqəli, ədəbli və rahat olmalıdır. Əminəm ki, maddi durumundan, sosial vəziyyətindən və digər amillərdən asılı olmayaraq hər bir müəllim bu tələbləri ödəyə bilər. Lakin təbii ki, bunlarla yanaşı, yüksək zövq, eleqantlıq və başqa bu kimi amillər də xarici görünüşdə öz əksini tapmalıdır.
Müəllimlərin görünüşündə açıq-saçıqlıq, hədsiz rəngarənglik, yersiz makiyaj, uzun saqqal və sair kimi amillər yolverilməzdir.
ADPU-nun filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov dryir ki, məktəbdə nizam-intizamın yüksəlməsində, müəllim obrazının cəmiyyətə təqdim olunmasında, simasının, görkəminin nümunəyə çevrilməsində geyimin rolunu inkar etmək olmaz. Müəllimin geyiminin şagirdlərin, tələbələrin tərbiyəsinə təsiri daha çox vurğulansa da onun təhsilin keyfiyyətinə mənfi təsirini söyləyənlərin də fikirlərində həqiqət var. Belə ki, geyim təhsilin keyfiyyətinə təsir göstərən amillərdən biri ola bilər. Ümumiyyətlə, müəllimlərin geyimi məsələsi təkcə bizdə deyil, digər ölkələrdə də müzakirə mövzusudur. Məsələn, bir neçə il bundan əvvəl bu məsələ qonşu Türkiyə, Rusiya və digər ölkələrdə müzakirə olunub, lakin öz həllini tapmayıb.
Mənə elə gəlir ki, müəllimin geyimi ilə bağlı aşağıdakılara xüsusi diqqət göstərmək lazımdır: Birincisi, müəllimlərin geyimi sadəliyi, səliqəliliyi, təmizliyi ilə seçilməlidir. Axı müəllim şagirdin, tələbənin qarşısında, eləcə də cəmiyyətdə diqqət mərkəzindədir. İkincisi, qadın müəllimlər birdəfəlik şalvardan imtina etməlidirlər.Şalvar qadın müəllimlərin qarderobunda olan geyim növü deyildir.
Üçüncüsü, qadın müəllimləri qısa yubkalardan, bər-bəzəkli parçalardan tikilmiş geyimlərdən uzaq olmalıdırlar. Bəzən bər-bəzəkli parçalardan tikilmiş geyimlərin üzərindəki parlaq rənglər, müxtəlif rəngarəng şəkillər müəllim obrazına kölgə salır, nüfuzuna xələl gətirir.
Dördüncüsü, qeyri-adi saç düzümündə, qır-qızıl, bər-bəzəklə məktəbə gəlmək, sinfə daxil olmaq təhsilin keyfiyyətinə mənfi təsir göstərər. Bunlar şagirdlərin diqqətini yayındırır, müəllimin tərbiyəçi siması kölgədə qalır.
Beşincisi, kişi müəllimlər kostyum geyinməli, qalstuk taxmalıdır. Bu, kişi müəllimlərin imici kimi onlara nüfuz və hörmət gətirir.
Beləliklə, kişi müəllimlər də, qadın müəllimlər də müəllim adına yaraşan geyim geyməlidir. Bir suala da cavab axtarmalıyıq. Müəllimlərin vahid forma geymələri onların sosial statusuna, şagirdlərin isə hisslərinə nə dərəcədə təsir edə bilər? Tarix boyu əsl müəllimlər müəllim adına yaraşan geyimlə məktəbə gəliblər. Şagirdlər isə onları qəbul edib və onlardan öyrəniblər. Ona görə də müəllim adına yaraşan geyimlə müəllimin məktəbə gəlməsinin, dərs deməsinin tərəfdarıyam. Ancaq vahid formanın olması müəllimlər arasındakı silki fərqlərin aradan qaldırılmasına da müsbət təsir göstərə bilər. Bundan başqa, müəllimlər vahid geyimdə olsa, şagirdlər müəllimin biliyinə daha düzgün yanaşar, onların biliyi daha üstün mövqeyə keçər.
Psixoloq Gülnar Hüseynova isə hesab edir ki, şagirdlər hələ uşaq yaşlarından evdə valideynlərindən, məktəbdə isə müəllimlərindən istər davranış, istərsə də geyim baxımından örnəklər alır və bunu tətbiq etməyə çalışırlar. Bu baxımdan təhsil ocaqlarında müəllimlərin geyiminə xüsusi diqqət verməsi vacibdir. Bəs görəsən müasir müəllimin geyimi necə olmalıdır?
Şagirdlər müəllimləri necə görmək istəyir?
Bu çox aktual sualdır və şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün vacib amildir. Mövzu ilə bağlı psixoloqlar tərəfindən şagirdlər arasında sorğular aparılıb. Sorğuda şagirdlərə "Müəllimlərlə ilk görüşdə siz nəyə çox fikir verirsiz" sualı ünvanlanıb. Cavablarda ən çox "geyiminə", "saç düzülüşünə", "xasiyyətinə" öz əksini tapıb. Gördüyünüz kimi, şagirdlər müəllimin daha çox xarici görünüşünə fikir verirlər və öz geyimlərində bunu əks etdirməyə çalışırlar. Bu baxımdan müasir müəllim öyrətməklə yanaşı, həm də tərbiyəçi funksiyasını daşıyır. Bütün bunları nəzərə alsaq müəllim öz imicini düzgün formalaşdırmalı, gələcək nəsillərə nümunə olacaq bir geyim və davranış nümayiş etdirməlidir. Bundan başqa, müəllim öz xarici görünüşü ilə öz şəxsiyyətinə, fənninə və onun incəliklərinə maraq yarada bilər. Əks halda isə yəni açıq-saçıq geyimlər və cəlbedici aksessuarlarla şagirdlərin qarşısına çıxarsa onların diqqəti tezliklə yayınar və dərsə qarşı maraq azalar.
Bundan başqa, müəllim təkcə geyiminə deyil, həmçinin səliqəyə və təmizliyə də xüsusi fikir verməlidir. Bu kimi hallar şagird şəxsiyyətinin formalaşmasında çox mühüm rol oynayır. Onların gələcəkdə bir şəxsiyyət kimi cəmiyyətdə yer tutmasına müsbət təsir edir. (“Azərbaycan” qəzeti)