Qəzzafi ölümündən öncə İSRAİLDƏN NƏ XAHİŞ ETMİŞDİ?

2011-ci ilin oktyabrında öldürülən keçmiş Liviya diktatoru Müəmmər Qəzzafi ilə bağlı daha bir maraqlı məlumat yayılıb.

   Keçmiş diktator ölümünə az qalmış İsrailə müraciət edibmiş. Qəzzafi İsraildən Liviyaya qarşı hərbi əməliyyatların dayandırılması üçün ABŞ və Fransaya təzyiq göstərməyi xahiş edib.

 Bu barədə məlumat yayan "Kol İsrail" radiosu qeyd edir ki, Qəzzafi ölümündən öncə xəbərdarlıq edirdi ki, onun devrilməsi həm Şərq ölkələrində, həm də Avropada vəziyyətin destabilizasiyasına gətirib çıxaracaq. Məsləhətləşmələrdən sonra İsrail məmurları Liviya liderinin xahişinə reaksiya verməməyi qərara alıblar.

 Bu qərardan bir neçə ay sonra Qəzzafi üsyançılar tərəfindən edam edilib.

 "Kursor" agentliyi iddia edib ki, Qəzzafi Qilada Şalita adlı girovun azad edilməsi işində İsrailə köməyini təklif edib. Qəzzafi ilə danışıqları İsrail və Avstriya siyasətçiləri aparıblar. Qəzzafi xidmətləri qarşılığında NATO-nun Liviyanı bombalamağı dayandırmasını xahiş edibmış.

 Bildirilir ki, İsrailin İqtisadi İnkişaf nazirinin müavini 2011-ci ildə mümkün sazişi müzakirə etmək üçün Qəzzafinin dəvətini qəbul edib. “Əldə edilən sazişə əsasən, bombardman dayandırılmalı, Qilada Şalita azad edilməli idi. Mən Liviyaya səfər edərdim, ancaq hakimiyyət təhlükəsizliklə bağlı öhdəlikləri boynuna götürməkdən imtina etdi", - nazir müavini qeyd edib.

 Xatırladaq ki, Qəzzafi Liviyada 40 il hakimiyyətdə olub və 2011-ci ildə bu ölkədə başlayan silahlı üsyan nəticəsində iqtidardan uzaqlaşdırılıb. Daha sonra üsyançılar Qərbin hərbi dəstəyi və prezident karvanını bombalamasından sonra Qəzzafini ələ keçirərək qətlə yetiriblər.






Fikirlər