"Çevrilişə cəhd Türkiyəni Aİ-yə qəbul etməmək üçün yeni bəhanə oldu" — TÜRKİYƏ səfiri
Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım "Rossiya 24" kanalına müsahibə verib. Ölkə.Az xəbər verir ki, Ərdoğanla Putin arasında nəzərdə tutulan görüşdən öncə Ankara və Moskva bir-birlərinin nəbzini tuturlar. Keçən ilin noyabr ayında Suriya ilə sərhəddə Rusiyanın hərbi təyyarəsinin türk qırıcısı tərəfindən vurulması iki ölkə arasındakı əlaqələrin tamamilə kəsilməsinə gətirib çıxardı. Türkiyədə baş vermiş son çevriliş cəhdindən sonra isə Putin Ərdoğana zəng edərək qanuni hökumətə dəstək verdiyini açıqlamışdı. Daha sonra aradakı anlaşılmazlığı aradan qaldırmaq üçün hər iki ölkənin liderlərinin görüşü gündəmə gəlmişdi. "Rossiya 24" kanalına müsahibə verən Türkiyə səfiri ikitərəfli əlaqələrin inkişaf perspektivlərindən, gələcəkdə həyata keçiriləcək işlərdən, qırılmış siyasi və iqtisadi bağların yenidən bərpasından danışıb. Daha sonra 15 iyul çevriliş cəhdi zamanı siyasi dəstəyə görə Rusiyaya hökuməti adından təşəkkür edən səfir Qərblə münasibətlərə toxunub. Səfir Ümid Yardım indi də 15 iyul çevrilişə cəhdin Avropa İttifaqının əlində bəhanə olduğunu vurğulayıb. "Avropa İttifaqı indi də Türkiyəni üzvlüyə qəbul etməmək üçün bu çevriliş cəhdini əlində bəhanə kimi tutur", - deyə səfir bildirib.