İki tanınmış erməninin davası - ‘‘Ermənistan TORPAQLARI qaytarır, … qaytarmır’’

İki tanınmış erməninin davası - ‘‘Ermənistan torpaqları qaytarır, … qaytarmır’’

Samvel Babayanın Ermənistanın Azərbaycana əraziləri güzəştə getməsi ilə bağlı dediklərinə David Babayandan cavab gəldi...

 

Xəbər verdiyimiz kimi, keçən həftə qondarma “DQR”-in keçmiş “müdafiə naziri” Samvel Babayan 7or.am saytına verdiyi müsahibədə iddia edib ki, Moskvadakı görüşdə Ermənistan tərəfi işğal etdiyi əraziləri geri qaytarmağa hazır olduğunu bildirib.
 
Samvel Babayanın sözlərinə görə, Ermənistanın nə Azərbaycan, nə də vasitəçilər tərəfindən edilən təzyiqlərə qarşı dayanmaq gücü qalmayıb.
 “Biz artıq müqavimət göstərə bilmirik və “hə” deyən obyektə çevrilirik”, -  deyə Samvel Babayan bildirib.
Erməni mətbuatı prezident Serj Sərkisyanın Vladimir Putinlə avqustun 10-da, Moskvada keçirdiyi görüşdən sonra söylədiklərinə də diqqət çəkir. Həmin görüşdən sonra Sərkisyan “Qarabağ məsələsi üzrə əldə olunan razılaşmaların yerinə yetirilməsi çox vacibdir. Biz buna hazırıq”, deyə bəyan etmişdi.
Sərkisyan həmin vaxt hansı razılaşmalardan söhbət getdiyini açıqlamamışdı.
Qondarma respublikanın “prezident aparatının” rəhbər müavini David Babayan Samvel Babayanın dediklərinə cavab olaraq Ermənistanın Moskvada ərazi güzəştlərinə razılıq verməsi xəbərlərinə inanmadığını söyləyib: “Əlbəttə ki, mən bunu mümkünsüz hesab edirəm. Onda bu xəbərlər hardandı?  Əgər danışıqlar bağlı qapılar arxasında keçirilirsə orada nə danışıldığını kim bilir? Bu məsələyə həm də bir məntiqdən də yanaşaq ki, Ermənistan Xankəndi üçün məqbul olmayan heç bir varianta getməyəcəyini dəfələrlə bəyan edib”.
 “Əgər rəsmi Xankəndi (qondarma respublika - red.) müzakirə prosesində iştirak etmirsə, rəsmi İrəvan bu sözləri necə deyə bilər? Putin özü də tərəflərə hansısa variantları zorla qəbul etdirməyəcəyini söyləyib. Biz isə ancaq şayiələrlə danışırıq. Orda başqa adam yoxdu? Əgər biz sərhədlərimizin (?) qorunmasından danışırıqsa o zaman adamları Qarabağa çağırmaq lazımdır. Qarabağ təkcə fleşmob üçün, fotoşəkil çəkmək yeri deyil. Gəlin burda məskunlaşaq...Lakin olmayan bir şey haqqında həmişə danışmaq olmaz”, -  deyə David Babayan Azadlıq radiosunda Samvel Babayana cavab verib.
Qeyd olunur ki, Samvel Babayan erməni tərəfinin ərazilərdən əlavə başqa güzəştlərə də hazır olduğunu da əyan etmişdi.
Onun sözlərinə görə, 2008-ci ildə erməni tərəfi 3 maddədə ciddi güzəştə gedib: 
1. Laçın rayonu Laçın dəhlizinə dönür; 
2. Şuşa və Laçından olan məcburi köçkünlər yerlərinə qayıdır;
3. Dağlıq Qarabağın statusunun qəti müəyyən edilməsi ilə bağlı referendum qeyri-müyyən  vaxta salınır. 
“Bu çox ciddi güzəştlərdir və onların həyata keçməsi olduqca pis nəticələrə (ermənilər üçün - red.) gətirib çıxara bilər”, - deyə Samvel Babayan vurğulayıb. 
Samvel Babayanın sözlərinə görə Ermənistan tərəfi “güzəştlərdən” danışdığı halda, Azərbaycan tərəfi güzəştə getməyə heç bir həvəs göstərməyib.
Kompromislər dedikdə nəyin nəzərdə tutulduğu barədə suala cavab olaraq isə Samvel Babayan bunun Ermənistanın işğal olunmuş əraziləri geri qaytarmasından, əvəzində isə beynəlxalq birliyin status məsələsini qeyri-müəyyən vəziyyətdə saxlayaraq,  Qarabağın  təhlükəsizliyini təmin etməkdən ibarət olduğunu söyləyib: “Ərazilər məsələsi süni olaraq önə çəkilir, çünki onlar aparılan danışıqlar zamanı düşüncələrdə  artıq təslim edilib. Torpaqları verən onu təslim etdiyini deyir, alan isə götürmür”, deyə Samvel Babayan bildirib.
Hazırkı dövrdə nizamlanma planı Azərbaycan köçkünlərinin Şuşa və Laçına qayıtmasını nəzərdə tutur. Daha doğrusu, biz 1988-ci ilə qayıdırıq. Samvel Babayan erməni tərəfi üçün bu qərarların qəbul edilməsi yolunda Azərbaycan prezidenti Əliyevin mövqeyinin əngəl olduğunu söyləyib: “Məsələ burasındadır ki, Azərbaycan prezidenti 7  deyil, 12 rayonun hamısını birdən istəyir. Bundan başqa, Azərbaycan hər hansı ölkənin, istər Rusiya, istərsə də başqalarının, sülhməramlılarının bölgəyə yerləşdirilməsinin də əleyhinədir…”
Azərbaycan prezidentinin bu taktikasını dəyişəcəyi barədə suala cavab olaraq Samvel Babayan bunun fəlakət olacağını bildirib: “Çünki Qarabağda heç bir adam qalmayacaq, Sünik üçün də təhlükə yaranacaq və biz hadisələrin neqativ yöndə inkişafının şahidi olacağıq”.
Qondarma respublikanın “prezident aparatı”nın rəhbər müavini David Babayan bu deyilənlərə də münasibət bildirib. Onu sözlərinə görə 1988 və 1993-cü illərin sərhədlərinə qayıtmaq mümkün deyil. David Babayan Kəlbəcərin də geri qaytarılmasının istisna olunduğunu söyləyib (erməni quldur Kəlbəcərin adını Karvaçar olaraq adlandırıb - red.)
Kəlbəcər Ermənistandakı Arpa və Vorotan (Bərgüşad çayı-red.) çayları üçün su mənbəyidir. Bildiyimiz kimi Göyçə gölü həmin çaylardan qidalanır. 
Qondarma qurumun daha bir “rəsmisi” , “xarici işlər naziri” Karen Mirzoyan da Qarabağ münaqişəsinin nizamlanmasının Qarabağ ermənilərinin öz müqəddəratını həll etmək hüququnun tanınmasından keçdiyini söyləyib.






Fikirlər