Sabiq MÜDAFİƏ naziri barədə ilginc açıqlamalar

Sabiq müdafiə naziri barədə ilginc açıqlamalar

Üzeyir Cəfərov: “Məmmədrəfi Məmmədovla bağlı nə çatışmazlıqlar var idisə, ölkə başçısına məruzə etdim”; Hərbi ekspert 1994-cü ilin Moskva danışıqları ilə bağlı videomaterial haqda: “O kadrlardan da açıq- aydın görünür ki...” 

 

1994-cü ildə imzalanmış atəşkəs haqqında Bişkek müqaviləsinin 22-ci ildönümü ərəfəsində ilk dəfə yayılan Dağlıq Qarabağ üzrə Moskvada keçirilən danışıqların videokadrları çox böyük marağa səbəb olub. Bəzi müşahidəçilər 1994-cü ildə Azərbaycan ordusunun işğalçıya qarşı həyata keçirdiyi döyüş əməliyyatları ilə 2016-cı ilin aprel əməliyyatları arasında müqayisələr aparır və hər iki halda Azərbaycanın üstün mövqedə, ermənilərin isə ağır duruma düşməsi şəraitində Moskvanın prosesə müdaxilə edərək atəşkəs razılaşmasını masa üzərinə qoymasının müəmmalı tərəfləri barədə fikirlər yürüdürlər. 
 
Qeyd edək ki, 22 il əvvəl də uğurlu Horadiz əməliyyatı həyata keçirildikdən sonra Rusiya erməni işğalçılarının süpürülüb sərhədlərimizdən kənara atılmasının qarşısını aldı. 2016-cı il “aprel müharibəsi”ndəki kimi 1993-cü ildə də erməni silahlı bölmələrinin hücumunun qarşısını kəsən Azərbaycan Milli Ordusu əks-hücuma keçmiş və qısa müddətdə Füzuli rayonunun böyük hissəsini azad etmişdi. Bu gün olduğu kimi, 22 il əvvəl də ermənilər Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsini ilhaq prosesinin məntiqi sonu hesab edərək buna ciddi-cəhd göstərirdilər. 
Bir neçə gün əvvəl yayılan videokadrlardan da göründüyü kimi, o zaman aparılan danışıqlarda Rusiyanın müdafiə naziri Pavel Qraçov (1992-1996), Azərbaycanın müdafiə naziri Məmmədrəfi Məmmədov, Ermənistan tərəfindən David Şahnəzəryan və Serj Sərkisyan, “Dağlıq Qarabağ” tərəfindən separatçı Samvel Babayan iştirak edib (ANS). Sözügedən kadrlarda Rusiya müdafiə nazirinin sanki dərsini bilməyən uşağı qarşısına dərsini qoyub danlayan müəllim təsiri bağışlayır. Üstəlik, o, səsini ucaldır, hökm verirmiş kimi danışır, öz əsgərlərinə müraciət edən komandirin obrazına girir. Bu zaman Azərbaycan müdafiə nazirinin rəhbərlik etdiyi heyətin nə qədər aciz durumda olması çox pis mənzərə yaradır. Təsəvvür edin, işğalçı Ermənistan bir tərəfdə, yanında separatçı rejim nümayəndələri, onlara da dəstək verən Rusiya generalları. Məhz bundan sonra Azərbaycan itkilərlə müşayiət olunan atəşkəsə, faktiki olaraq onu təslimçi duruma sürükləyən razılaşmaya imza atdı. 
Yeri gəlmişkən, 1994-cü il may danışıqlarında da rus sülhməramlılarının Azərbaycanda yerləşdirilməsi məsələsi gündəmdə olub. Lakin Azərbaycan tərəfi buna qəti şəkildə etiraz edib. Qraçov sülhməramlı qoşunlarla bağlı israr etsə də Məmmədrəfi Məmmədovun Bakıya gözlənilməz səfəri baş tutmayıb. 
Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlaması zamanı videoda əksini tapan bir sıra məqamlardan bəhs etdi: “İndiyə kimi yadımdadır ki, mənim də şəxsən iştirak etdiyim Füzuli döyüş briqadasının uğurlu əməliyyatlarının ən pik dövründə ortalığa bu atəşkəs haqqında sazişin imzalanması söhbəti düşdü və doğrusu, bu, Silahlı Qüvvələrdə bir qədər qəribə vəziyyət yaratdı. Axı, Ermənistan və havadarları olan Rusiya çox çətin bir durumda idilər. Yeri gəlmişkən, eyni mənzərəni biz 2016-cı il aprelin əvvəllərində müşahidə etdik. ”Bəh-bəhlə" təriflənən erməni ordusu haqqında yaradılan mif bir andaca sabun köpüyü kimi məhv olub getdi. 1994-cü ildə bizim atəşkəsə razılıq verməyimiz bir sıra obyektiv və subyektiv faktorlarla bağlı idisə, hazırkı şəraitdə ovaxtkı sıxıntılarımız və çətinliklərimiz demək olar ki, yox dərəcəsindədir. Ən müasir silahlar, hərb elminin tələblərinə tam cavab verən nizami hərbi hissə və birləşmələrimiz var. Ən vacibi də özümüzün tam gücü ilə çalışan Müdafiə Sənayesi Nazirliyimiz və onun istehsal etdiyi silah və sursatlar mövcuddur. Sadə dillə desək, Rusiyadan və ya digər ölkələrdən normal müharibə, döyüş əməliyyatları aparmaq üçün asılılığımız tam aradan qalxıb". 
Ü.Cəfərov qeyd etdi ki, o vaxtlar orduda xidmət edənlər bu haqda ancaq arzularla yaşayırdı. İndi isə bu, bir reallıq və gerçəklikdir. Dağlıq Qarabağ üzrə danışıqların videosu olan tarixi kadrlara gəldikdə, hərbi ekspert bunları söylədi: “O kadrlardan da açıq- aydın görünür ki, Qarabağ savaşının ssenarisi və planı İrəvanda deyil, Moskvada - Rusiya siyasi-hərbi elitası tərəfindən cızılmışdı. Özünü SSRİ-nin varisi sayan rus generalları və siyasətçiləri idman termini ilə desək, sanki özlərini ”boks rinqinin" aparıcı referisi kimi göstərirdilər. Rusiya Federasiyasının ovaxtkı müdafiə naziri Pavel Qraçovun - məşhur “Paşa Mersedes” ləqəbli general - özünü masanın arxasında elə yekəxana aparırdı ki, sanki bu “idman məşqçisi”dir və komandalara tələb və göstərişlərini verir. Və diqqətli tamaşaçılar da görür ki, rus generalı danışıqlarında az qala bazar leksikonu ilə tərəflərə “mən deyənlərlə razılaşacaqsınız” kimi hökmünü xüsusi əda ilə çatdırır". 
Həmin görüşdə Qarabağ separatçılarının da “tərəf” kimi iştirakı diqqət çəkir. Yeri gəlmişkən, erməni tərəf aprel uğursuzluqlarından sonra yenə də qondarma qurumu üçüncü tərəf kimi danışıqlara cəlb etmək istəyinə düşüb. Hətta iddia olunur ki, Qarabağ danışıqlarda “müstəqil tərəf” olaraq iştirak edəndə danışıqlar daha “məhsuldar” olub. 
 
Ü.Cəfərov isə bunu, sadəcə, erməni avantürası sayaraq 22 il əvvəlin kadrlarında yer alan Qarabağ separatçıları ilə bağlı fikirlərini bölüşdü: “Rusiya tərəfinin Ermənistanla yanaşı, separatçıları da görüşə dəvət etməsi, sözsüz ki Azərbaycan dövlətini təmsil edən müdafiə naziri Məmmədrəfi Məmmədov və ovaxtkı səfir Ramiz Rizayevi bərk hiddətləndirmişdi. Amma Rusiyanın müdafiə naziri Qraçov vəziyyəti sakitləşdirmək üçün guya bunu xoş niyyətlə etdiklərini dilə gətirmişdi. Şəxsinə o qədər də müsbət münasibət bəsləmədiyim və bir çox qərarları ilə razılaşmadığım ovaxtkı müdafiə nazirimiz general-leytenant Məmmədrəfi Məmmədov prinsipiallıq göstərərək həmin görüşdən yarımçıq çıxmışdı və Bakıya dönmüşdü. Hələ o vaxt Rusiya həm işğalçı Ermənistana, həm də separatçılara var gücü ilə maddi və mənəvi dəstək verirdi. Həmin prosesin üstündən 22 il keçməsinə baxmayaraq, bu gün də həmin dəstək daha əcaib formada və üsullarla davam edir”. 
 
Ehtiyatda olan zabit sabiq müdafiə nazirinin şəxsi keyfiyyətləri, peşəkarlıq dərəcəsi ilə bağlı suallarımıza maraqlı formada, bir az da diplomatik cavab verdi: “Adətən gedənin dalınca danışmağı sevmədiyim üçün sabiq müdafiə naziri Məmmədrəfi Məmmədovla bağlı baş verən bir məqamı qeyd etmək istərdim. 1994-cü ilin mart ayında mərhum eks-prezident, Ali Baş Komandan Heydər Əliyev bizi - döyüş bölgəsinin rəhbər komandir heyətini Beyləqan İcra Hakimiyyətinin binasında müşavirəyə toplayanda, mən çıxış etdim. Nazir Məmmədovla bağlı nə qədər çatışmazlıqlar və nöqsanlar var idisə, mən bütün şəxsi heyətin qarşısında bu barədə ölkə başçısına məruzə etdim. 
O vaxt söylədiklərimlə bağlı mərhum Ali Baş Komandan şəxsən razılaşdı və bu haqda ozamankı dövlət müşavirləri Arif Rəhimzadəyə, mərhum dövlət müşaviri general-mayor Nurəddin Sadıxova müvafiq tapşırıqlar verdi. Sonradan Ali Baş Komandana müdafiə naziri və bəzi rayonların rəhbər şəxsləri ilə bağlı çatdırdığım fikirlər özüm üçün başağrısına çevrilsə də, sonda çox yaxşı müsbət nəticələri oldu. Üstündən bir müddət keçəndən sonra Ali Baş Komandan Heydər Əliyev müdafiə naziri kimi Məmmədrəfi Məmmədovu vəzifəsindən kənarlaşdırdı. Təəssüflənirəm ki, Qarabağın hesabına nazir və general olan bəzi şəxslər, o cümlədən Məmmədrəfi Məmmədov da bu gün nədənsə ortalıqda görünmürlər. Halbuki onlar bir vaxtlar bizlərə Vətəni sevməyi təbliğ edirdilər”.






Fikirlər