Ərdoğanla görüşdən çıxan Jirinovski ELƏ AÇIQLAMALAR verdi ki…
“Bu gün tarixi bir an başlayır. Türkiyə şimala, Moskvaya tərəf, biz də cənuba, Türkiyəyə tərəf yönələ bilərik” “Cənab Ərdoğan ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ola bilməsi üçün Vladimir Putindən dəstək gözləyir”. Bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski, dövlət televiziyası Rossiya 1-də yayımlanan “Veçer” proqramında söyləyib. O, sözügedən verilişə Türkiyənin paytaxtı Ankaradan birbaşa bağlanıb. Ərdoğanla prezident sarayında təkbətək görüşdüyünü deyən Jirinovski, bu gün tarixi bir an başladığını qeyd edib: “Bu gün tarixi bir an başlayır. Türkiyə şimala, Moskvaya tərəf, biz də cənuba, Türkiyəyə tərəf yönələ bilərik. Rusiya 300 ildir, Avropa ilə bərabər hüquqlara əsaslanan əlaqələr qurmağa çalışdı, amma heç cür alınmadı. Rusiyanın müstəqil siyasəti hələ də Qərbin xoşuna gəlmir. Eynilə də, Türkiyənin Qərb ilə bu cür problemli əlaqələri var”. Aparıcı Vladimir Solovyovun “Ərdoğan sizin vasitənizlə Putinə hər hansı mesaj göndərdimi?” sualını Jirinovski belə cavablandırıb: “Mən inanıram ki, Türkiyə bir gün NATO-dan ayrılacaq və bizimlə hərbi ittifaq quracaq. Artıq hər kəs duysun. Qarşıdakı 10 ildə Türkiyə bizim ən güclü müttəfiqimiz olacaq. Bu ölkədə 100 mindən çox rus qadın türklərlə evlidir. Və gözəl ailə mühitində yaşayırlar”. “Türklər bizi çox sevirlər. Rusiya ilə yaxınlığı türklər özləri istəyirlər. Onların bu istəyinə biz dəstək verməliyik. Ərdoğan mənimlə söhbət zamanı, Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün Vladimir Putindən dəstək gözlədiyini söylədi. 600 il davam edən rus-türk müharibələrini Qərb qızışdırırdı. O qaranlıq illər artıq geridə qalmalıdır”, — Jirinovski bildirib. O, Türkiyə prezidentinin dekabr ayında Rusiyaya səfər edə biləcəyini söyləyib. Həmçinin yanvar ayında Putinlə Ərdoğan arasında geniş tərkibli görüşün olacağını da iddia edib. (sputnik.az)