“Dünya 2025-ildə bizə tabe olacaq” - DƏHŞƏTLİ İŞĞAL PLANI
Fəthullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq işinə cəlb olunan şahid N.M.-nin ifadəsi FETÖ-nün dəhşətli planını növbəti dəfə ortaya qoyub. Publika.az xəbər verir ki, N.M. “Zaman” qəzetinin baş redaktorunun müavini Mehmet Kamışın 2025-ci ildə bütün dünyanın onlara tabe olacağını söylədiyini deyib. “Mehmet Kamış mənə “2025-ci ildə bütün dünya bizə tabe olacaq” deyib. Bu şəxsin təşkilat içində güclü bir adam olduğunu bilirəm. Danışdıqlarının ciddi olduğunu düşünürəm”, - deyə bildirib. N.M. beləliklə Fəthullah Gülənin 40 tələbəsindən birinin 2010-cu ildə təşkil etdiyi gizli toplantının artıq mediaya məlum olan detallarını təsdiqləmiş olub. Toplantıda FETÖ-nün dünyanı ələ keçirmə planından da danışıblar: “Kahtaninin (Türkiyə Hava Qüvvələrinin rəhbərliyində xidmət edən şəxsdir –red.) birinci vəzifəsi Türkiyədir. Sonra Mərkəzi Asiya ölkələri və islam dünyası, bütün xristian ölkələr diz çökdürüləcək. Ən son addım olaraq bütün ölkələr fəth ediləcək. Hocaəfəndinin (Fəthullah Gülən –red.) ən son gedəcəyi yer Çin olacaq. Üç Fəthullah Gülən dövrü var. Hazırda ikinci Gülən dövrüdür. Üçüncü Gülən dövrü 2028-də başlanır. Fəthullah Gülən 2028-ci ildə Çinə gedəcək. 2029-cu ildə silahla öldürülərək şəhid olacaq, çünki vəzifəsi tamamlanacaq”. Sözügedən gizli toplantının detalları isə 15 iyul hərbi çevriliş cəhdindən sonra İzmir Respublika Baş prokuroru Okan Batonun apardığı istintaq zamanı təşkilatın imamının evində CD-nin ələ keçirilməsindən sonra üzə çıxıb. CD-də gizli toplantıda müzakirə edilən mövzuların detalları yer alıb. Toplantıda “Ergenekon” iddiası ilə Türkiyənin ələ keçirilməsi layihəsinin həyata keçirildiyi, layihə müvəffəqiyyətli olmayacağı halda, bunun qanlı bir çevrilişlə həyata keçiriləcəyi bildirilirdi. Gizli toplantıda qeyd edilir ki, 2017-ci ilə kimi hər şey “bitəcək”. “Ən mühüm şərt sizin aktivliyinizdir. Təəssüf ki, biz hocaəfəndinin istədiklərini bu günə qədər reallaşdıra bilmədik. Əgər bu iş ağrılı olsa, hər yeri qan götürər, Özalın (Türkiyənin 8-ci prezidenti Turqut Özal –red.) açdığı anbarlar qanla dolar”, - gizli toplantıda bildirilib. Söhbət zamanı çevrilişin “Kahtani” adlı şəxs tərəfindən həyata keçiriləcəyi deyilir.