Ərdoğan dünyanı İŞİD-lə total müharibəyə çağırdı

Ərdoğan dünyanı İŞİD-lə total müharibəyə çağırdı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb dövlətlərinin Suriyaya və İraqa müdaxilə etməmək siyasətini kəskin tənqid edib.

APA-nın verdiyi xəbərə görə, Ərdoğan Türkiyənin cənubundakı Qaziantep şəhəri yaxınlığında “İslahiyyə” düşərgəsində Suriya qaçqınları qarşısında çıxışı zamanı qeyd edib ki, quru əməliyyat olmadan endirilən hava zərbələri “İŞİD” qüvvələrinin irəliləməsinin qarşısını ala bilməyəcək.

“Tək hava zərbələri ilə terroru aradan qaldırmaq mümkün deyil. Quru əməliyyatın aparılması üçün əməkdaşlıq gərəkdir”.

Ərdoğanın sözlərinə görə, Suriyadakı böhranın aradan qaldırılması üçün uçuşsuz zona və təhlükəsizlik zonası elan etmək lazımdır, həmçinin, qeyri-radikal müxalifət qüvvələrinin dəstəklənməsi gərəkdir. O bir daha Türkiyənin Süleyman Şahın Suriyadakı məqbərəsini qorumağa hazır olduğunu qeyd edib.

Türkiyə prezidenti ölkədə müxtəlif ölkələrdən, xüsusən də, Suriyadan gəlmiş 1,5 mln-dək qaçqının olduğunu xatırladaraq, hökumətin onların təminatına 4 mld dollardan çox vəsait ayırdığını qeyd edib.

“Siz heç vaxt bizim üçün yük olmayacaqsınız. Biz sizə yardım etmişik və edəcəyik. Qərb isə yalnız müşahidə edir. Onlar yalnız danışırlar, amma, nə isə etmək lazım gəldikdə - onları tapmaq olmur. Avropa yalnız 130 min qaçqın qəbul edərək, sərhədləri bağladı. Biz Qərb dövlətlərindən qaçqınlara yardım üçün cəmi 200 mln dollar aldıq, bütün qalan vəsaitləri Türkiyə öz büdcəsindən ayırıb”, deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, “İŞİD” qüvvələrinin kürd muxtariyyətinin ən iri mərkəzlərindən biri olan Kobani şəhərinə hücumu davam edir, 60-dək kürd kəndi terrorçuların nəzarəti altına keçib. Kobaninin 140 minədək dinc sakinin Türkiyəyə qaçdığı, Türkiyədən isə döyüş bölgəsinə 1500-dək kürd könüllülərinin gəldiyi bildirilir.

Qeyd edək ki, Türkiyə hökumətinin Suriyadakı münaqişəyə müdaxilə etməmək siyasətinə etiraz olaraq Türkiyənin bir çox şəhərlərində kürd əhalisi aksiyalar keçirilib. Aksiyalar zamanı etirazçılar və polis arasında qarşıdurma baş verib.






Fikirlər