Rusiya-Ukrayna SAVAŞI GÜCLƏNİR - Poroşenko danışmaq istəyir, PUTİN YAYINIR...
Rusiya-Ukrayna gərginliyi davam edir. Son olaraq, Rusiya prezidenti Vladimir Putinin ukraynalı həmkarı Pyotr Poroşenkonun zənglərinə cavab verməməsi gərginliyi pik həddə çatdırıb. Ukraynanın Qara dəniz və Azov dənizində qanadlı raketləri sınaqdan keçirməsi gərginliyi daha da artırıb. Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kiyevin Ukraynanın şərqindəki Donbas bölgəsinə hərbi qüvvələr göndərdiyini, Ukrayna ordusunun güc tətbiq etməyə hazırlaşdığı yönündə informasiyalar aldıqlarını iddia edib. Zaxarova Ukraynada hərbi vəziyyət elan edilməsinin Donbasdakı yeni təxribat hazırlığını gizlətməyə yönəlik atılan bir addım olduğunu irəli sürüb. Ukraynanın 10 regionunda 30 günlük hərbi vəziyyətin tətbiqi ilə bağlı qanun 29 noyabrda qüvvəyə mindiyi gündən etibarən Rusiyanın 730-a yaxın vətəndaşının Ukrayna ərazisinə daxil olmasına icazə verilməyib. Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti rəisinin köməkçisi Oleq Slobodyan keçirdiyi brifinqdə bəyan edib. Bildirib ki, təkcə son sutka ərzində 56 rusiyalı Ukraynaya buraxılmayıb. Bundan əvvəl isə xidmətin rəisi Petro Tsiqikal bildirmişdi ki, hərbi vəziyyət elan olunduğu gündən Ukraynaya gəlmək istəyən rusiyalıların sayı 3 dəfə azalıb. O, həmçinin təkcə kişilərin deyil, qadınların da Ukraynaya girişinə icazə verilməyəcəyini istisna etməyib. Bütün bunlar onu göstərir ki, qarşıdurmada nə Rusiya, nə də Ukrayna geri çəkilmək fikrindədir.
Politoloq Nəzakət Məmmədova məsələyə bu cür şərh verdi: “Putin bildirib ki, o, Poroşenkonun seçki kampaniyasında iştirak etmək istəmir. Çünki ”Poroşenko öz seçkiqabağı təbliğatı üçün qəsdən, süni şəkildə böhranlı, əslində təxribatçı vəziyyət yaradır, baş vermiş hadisədə məsuliyyəti Rusiyanın üzərinə atır". Digər tərəfdən, göstərmək istəyir ki, yaranmış problemi özü uğurla aradan qaldırır. Putin bu səbəblərdən Poroşenko ilə telefon danışığından imtina etdiyini bildirib. Rusiya bir zamanlar Qara, Azov dənizlərində Osmanlı imperiyası ilə savaşırdı. İndi isə bu, NATO-dur. Dövr dəyişsə də, dənizlərdə yeni oyunçular peyda olsa da, Rusiya və onun maraqları olduğu kimi qalır. Onun rəqibi həm də Atlantizmə doğru üz tutan, slavyan-pravoslav sivilizasiyasından qopan Ukraynadır. Rusiya məhz bu “bidətçi asi” hesab etdiyi Ukraynanı cəzalandırmaqla onun Qərbdəki havadarlarına dərs vermək istəyir. Rusiya ona təhlükələrin məhz dənizdən gələcəyini yaxşı bilir. NATO-nun strategiyası da elə budur: Rusiyanın dünya okeanına, dənizlərə çıxışına mane olmaq. Baltik dənizində Rusiya artıq NATO tərəfindən mühasirəyə alınıb. Xəzər dənizində Rusiya status məsələsinin həllini təcili şəkildə həll edərək Xəzər hövzəsi ölkələrdən başqa, üçüncü tərəfin hərbi gəmilərinin buraya gəlməsini qadağan edən müddəaların konvensiyaya daxil edilməsinə nail oldu və beləliklə, cənubdan, Həştərxan istiqamətindən gələ biləcək təhlükələri aradan qaldırdı. İndi əsas mübarizə Qara dəniz və Azov dənizində gedir. Rusiya və Ukrayna arasında müharibə başlayarsa, NATO gəmilərinin bu dənizlərdə peyda olması istisna edilmir. Poroşenko “New York Times” qəzetində çıxış edib Putinin onunla telefonla danışmaqdan imtina etməsini, bu ölkəyə qarşı “Azov sanksiya paketi” tətbiq olunması zərurətini vurğulayıb. Poroşenko iddia edir ki, Rusiya NATO üzvü olan Rumıniya, Bolqarıstan və Türkiyəni, Baltikyanı ölkələri də təhdid edə bilər, “Şimal axını - 2" çəkməklə Avropaya meydan oxuyur, Putini dayandırmaq zamanıdır və s. Amerika və rus analitikləri də hesab edirlər ki, NATO-nun genişlənməsi ilə yeni ”soyuq müharibə" vüsət alır və bu savaş məhz Ukraynada başlayır. Son epizodlar bu müharibənin təzahürləridir. ABŞ və SSRİ arasında baş vermiş birinci soyuq müharibənin episentri, mərkəzi ölkəsi, ayırıcı xətti Almaniya idisə, ABŞ və Rusiya arasında başlayan ikinci “soyuq müharibə”nin ayırıcı xətti Ukraynadır. Düşünürəm ki, Moskva və Kiyev hətta müharibəyə başlasa belə, bu ehtimal azdır, amma var, bu, Rusiya və Ukrayna arasında olan müharibə yox, Rusiya-ABŞ arasında növbəti “soyuq savaş”ın növbəti epizodu olacaqdır. Lakin Poroşenkonun məhz seçkiqabağı reytinqinin aşağı olduğu ərazilərdə hərbi vəziyyət rejimi tətbiq etməsi onun Rusiya ilə münaqişə yaratmaqda maraqlı olması təəssüratını yaradır. Görünür, bunu başa düşən ABŞ, Avropa başqa vaxtlarda olduğu kimi, Rusiyanın üzərinə çox gedə bilmir. Problemin diplomatik yolla həlli də səmərəsizdir. Putinin Poroşenkonun telefon zənginə cavab verməməsindən başqa, Tramp özü də G 20 sammitində Putinlə görüşdən imtina etməklə diplomatik müzakirələrdən yayındı. Halbuki Poroşenko və Putinin, yaxud Trampla Putinin böhrandan çıxış yollarını müzakirəsi münaqişənin həllində irəliyə doğru addım ola bilərdi".Nəzakət Məmmədova: “Rusiya artıq NATO tərəfindən mühasirəyə alınıb”