Rusiya Donbasın işğalını rəsmiləşdirir - Bakıya MESAJ!
Rusiya prezidenti Vladimir Putin Luqansk və Donbas vilayətlərində Rusiya pasportlarının paylanılması prosedurunun sadələşdirilməsi ilə bağlı fərman verib. Ekspertlər hesab edirlər ki, bu, o deməkdir ki, gələcəkdə antiterror əməliyyatları zamanı Rusiya öz vətəndaşlarının qorunması bəhanəsi ilə Ukraynaya qoşun yeritmək haqqı əldə edəcək. Bu həm də Rusiyanın Luqansk və Donbası özünə birləşdirməyi rəsmiləşdirməsi sayıla bilər. Bundan öncə (2008) analoji proses Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarlnda aparılmışdı. Bəs Donbasın işğalını rəsmiləşdirməyə başlayan Rusiya Qarabağ məsələsində nə dərəcədə ədalətli vasitəçi ola bilər? Politoloq Əhəd Məmmədli “Yeni Müsavat”a bildirdi ki, bu proses Krımın ardınca, Luqansk və Donbasın da anneksiyasının başlanğıcı deməkdir: “Rusiya tərəfindən Abxaziya, Cənubi Osetiyanın da müstəqilliyinin tanınması da rus pasportlarının verilməsi ilə başlanmışdı. Bu, o deməkdir ki, Kreml eyni ssenarini Donbasda da təkrarlamaq istəyir. Rus pasportların yerli əhaliyə verilməsi o anlama gəlir ki, Donbas, Luqans kimi şəhərlərin işğalının rəsmiləşdirilməsinə start verilir. Moskva Donbasda, əvvəl Abxaziya, Cənubi Osetiya sonra da Krım ssenarisini tətbiq edə bilər. Əvvəl vətəndaşlıq veriləcək, sonra da yeni separatçı bölgə müstəqilliyini elan edəcək, ardınca da saxta referendum keçirilib bu ərazilər də Rusiyaya birləşdiriləcək. Putin Donbas üzərində elə şərtlər tətbiq edir ki, ən azı Krım artıq mübahisə mövzusu olmasın. Hərbi arenada olduğu kimi, diplomatik arenada da Moskva Kiyevin həyatını maksimum çətinləşdirir. Ukrayna ərazi bütövlüyünü demokratiyaya dəyişdi. Ukraynalılar üçün uğursuz, ziyanlı ticarət oldu. Rusiya Donbasın işğal etdiyi əraziləri rəsmiləşdirmə yolunda ilk addımını atdı. Ukrayna o gücdə deyil ki, bunun qarşısını ala bilsin. Bu da o deməkdir ki Donbasıda Abxaziya, Cənubi Osetiya, Krımın aqibəti gözləyə bilər”.
Politoloq qeyd etdi ki, Luqansk və Donbas nümunəsi Rusiyanın postsovet məkanında bütün hərbi münaqişələrdə separatçıların yanında olduğunu bir daha ortaya qoyur: “Çünki bütün bu münaqişələr Moskvadan təşkil edilir, dəstəklənir. Görünən dağa bələdçi lazım deyil. Qarabağı, Dnestryanı, Donbas və postsovet məkanında digər separat əraziləri bilavasitə və ya dolayısı yolla Rusiya işğal edib. Bu gün kimi aydın bir məsələdir. Ermənistanın arxasında Rusiya durmasaydı, Qarabağın işğalı heç vaxt baş verməzdi. Odur ki, nəinki Dağlıq Qarabağ məsələsində, ümumiyyətlə Azərbaycana aid heç bir məsələdə Rusiyadan ədalət, səmimi yanaşma gözləmək ən azı sadəlövhlükdür. Rusiya ilə həmsərhəd olan şimal ərazilərimizlə bağlı çox diqqətli və ehtiyatlı olmalıyıq. Ruslar pasport avantürasını şimal bölgəmizdə də edə bilərlər. Zatən illərdir bu cür söz-söhbətlər eşitməkdəyik ki, şimal zonasında rus pasportları paylayırlar. Son aylar Ermənistan bir yana, digər qonşularımız Rusiya, İran, Gürcüstan tərəfdən də Azərbaycan və bu ölkələrdə yaşayan soydaşlarımızın əleyhinə addımlar görürük. Həm dövlət, həm xalq olaraq daxildə ayıq-sayıq olub yaxın və uzaq xaricdən gələn bütün provokativ hərəkətlərə operativ və birgə cavab verməyə hazır olmalıyıq”. Ekspert: “Bu, Kremlin postsovet məkanında bütün hərbi münaqişələrdə separatçıların yanında olduğunu bir daha ortaya qoyur”