İrana qarşı on minlərlə əsgər, təyyarədaşıyanlar, desant gəmiləri, bombardmançılar...

Pentaqon İrana görə Fars körfəzində hərbi qüvvələrin “diqqətlə düşünülmüş cəmləşdirilməsini” həyata keçirir.

Virtualaz.org Amerika və İsrail mənbələrinə istinadən xəbər verir ki, “Avraam Linkoln” təyyarədaşıyanı artıq Süveyş kanalını keçib və Fars körfəzi sularına daxil olub. Küveytdəki Əl-Udeyd Amerika aviabazasına isə strateji bombardmançıların cəmləşdirilməsi davam edir.

Habelə Pentaqon regiona böyük “Arlington” desant gəmisini də yola salıb. Bu gəmi göyərtəsində dəniz piyadalarını və vertolyotları daşıya bilir. Bundan əvvəl ABŞ-ın regiona “Petriot” zenit-raket komplekslərini də yola saldığı açıqlanmışdı. Bu, Yaxın Şərqdən dörd belə batareyanın çıxarılmasından cəmi bir neçə ay sonra baş verir. Belə ki, Pentaqon ötən ilin sonlarında Bəhreyn, Küveyt və İordaniyadan “Petriot” batareyalarını çıxarmışdı. 

Rəsmi mənbələr bildirir ki, regiona qüvvələrin cəmləşdirilməsi ABŞ Mərkəz Komandanlığının (CENTCOM) sorğusu əsasında baş verir. Komandanlığa daxil olan məlumata görə İran ABŞ-ın regiondakı maraqlarına hücum etmək üçün özünün və satellitlərinin qüvvələrini səfərbər edir.

Amerikalılar hesab edir ki, populyarlığı aşağı düşən İran hakimiyyəti ölkədə hökm sürən iqtisadi çətinliklərdən diqqəti yayındırmaq üçün təxribatlara əl ata, nəticədə ABŞ-la hərbi toqquşma başlada bilər.

“The New York Times” xəbər verir ki, bu həftə Pentaqon regiona daha böyük miqyasda qüvvə cəmləşdirilməsinə dair əmr alıb. Bu, İranı çəkindirməyə yönələn və əvvəlcə açıqlanan “məhdud addımların” çərçivəsindən kənara çıxır.

Plana əsasən Yaxın Şərqə  on minlərlə Amerika hərbçisinin göndərilməsi nəzərdə tutulur. Bu plan haqda məlumat verən mənbələr onu da deyiblər ki, qüvvələrin cəmləşdirilməsi hələ erkən mərhələdədir və İrana qurudan müdaxilə nəzərdə tutulmur.






Fikirlər