PUTİN İNTERNETƏ QARŞI GÜCSÜZDÜR! – “Bunun qarşısını yalnız interneti kəsmək yolu ilə ala bilər…”

 

1398363768_1398344647_0895.1000x800

1955-ci ildə sovet fiziki Vladimir Fridkin inanılmaz və qəribə bir şey yaratmışdı: bu 90 santimetr hündürlüyündə və 60 santimetr enində olan kub şəkilli bir qurğuydu və həmin qurğu SSRİ tarixində ilk dəfə fotoların əksini çıxara bilirdi. Fridkin bu qurğunu EFM-1 (электрофотографическая множительная машина-elektrofotoqrafik çoxaltma maşını) adlandırmışdı. O zaman sovet hakimiyyəti bu yeniliyi layiqincə qiymətləndirmişdi. Beləki, ixtiraçı alim V.Fridkin televiziya ekranında peyda olaraq, sovet elminin nailiyyətlərini tərifləmiş, bununla yanaşı ona böyük olmayan pul mükafatı da verilmişdi. Fizik Fridkin tezliklə işlədiyi Elmi Tədqiqat İnstitunda (ETİ) məşhurlaşdı. Onun həmkarları tez-tez Fridkinə baş çəkərək xarici jurnallarda gedən məqalələrin sürətini çıxarırdılar. Amma iki ildən sonra Dövlət Təhlükəsizlik Komitəsinin zabiti Fridkinin kabinetinə gələrək, həmin surətçıxaran maşını müsadirə edərək özü ilə aparıb. İlk sovet surətçıxaran aparatını sındırıb, zibilliyə tulladılar. Axı nəyə görə? Fridkinə izah etdilər ki, sizin yanınıza qadağan olunmuş materialları çap etməyə gəlirlər. Hərçənd ki, sonralar Qərbdə hazırlanmış surətçıxarma maşınları Sovet İttifaqına da gəlib çıxmışdı, lakin bu qurğuları ictimaiyyətdən uzaq saxlayırdılar və ondan yalnız Kommunist Partiyasının xüsusi seçilmış üzvləri istifadə edə bilərdilər.

Bu hadisədən 20 il sonra SSRİ Moskvada 1980-ci il yay olimpiya oyunlarının keçirilməsinə hazırlaşırdı. Yaxşı təşkilatçılıq – beynəlxalq telefon xətlərinə keyfiyyətli çıxış demək idi. Ona görə də, 1979-cu ildən beynəlxalq xətlərin sayı xeyli dərəcədə artırılmışdı. Moskvanın cənub-qərbində “M9” beynəlxalq telefon stansiyası yaradılmışdı. Sovet mühəndisləri öz innovasiyaları ilə qürur duyurdular. Çünki yeni kanallar, operatorun iştirakı olmadan avtomatik qoşulmanı təmin edə bilirdi və bu isə o zaman üçün SSRİ-də görünməyən bir iş idi. Amma belə vəziyyət daimi olaraq davam edə bilməzdi. Olimpiada qurtardıqdan bir neçə ay sonra DTK həmin avtomatik telefon xətlərinin məhv edilməsi göstərişini verdi. Mühəndislər izah etməyə çalışırdılar ki, əgər lazımdırsa DTK bütün xətləri dinləyə bilər. Lakin buna baxmayaraq, DTK bu aparatın sökülməsində israr edirdi. Bəzi təşkilatlar istisna olmaqla, avtomatik telefon birləşdiricisi aparatı, bütün Sovet İttifaqı üzrə ləğv edildi.
SSRİ-də ictimaiyyət üzərində nəzarət, informasiya üzərində nəzarətlə çox sıx bağlı idi. Müsair informasiya vasitələrinə çıxış, insanların bir-biri ilə fikir mübadiləsi aparması anlamına gəlirdi. Ancaq sovet dövləti iyerarxik ideya əsasında qurulmuşdu və bu vertikalda hər şey öncədən icazə alınmasına söykənirdi. 1990-cı illərdə ölkəyə internetin gəlişinə kimi tarix daimi olaraq yenidən təkrar olunurdu. Çox maraqlıdır ki, internet ilk olaraq, Moskvadakı Kurçatov İnstitutunda peyda olmuşdu.

- Təhlükəsizlik xidməti

Bu andan sonra hər şey dəyişildi. 1991-ci ilin yayında DTK Qorbaçovu devirməyə cəhd göstərdi. Moskva küçələrində tanklar və əsgərlər göründü, DTK sərt senzura tətbiq etdi. Lakin Sovet İttifaqında elm adamlarından ibarət kiçik bir qrup artıq Qərb həmkarları ilə əlaqə saxlayırdı. Həmin dövrdə əlaqələr modem vasitəsilə həyata keçirilirdi. Bu çox ləng olduğu üçün məlumat mübadilələri etibarsız idi. Baş verən çevriliş hadisəsini duyrmaq, ordu birliklərinin hərəkəti, insanların reaksiyası barəsində bu kanallar vasitəsiylə həm ölkə daxilində və həm də ki, xariclə əlaqə qurmaq olurdu.
DTK–da baş verənlərin miqyasını tam olaraq anlamırdılar: xüsusi xidmət orqanlarının casusları yeganə Moskva provayderinə heç hücum belə çəkmədilər. Nəticədə isə internet döyüşündə məğlub oldular.

1991-ci ilin çevrilişi uğursuzluqla nəticələndi və növbəti iki on illikdə Rusiyadakı internet senzurasız və tamamilə azad şəkildə inkişaf edə bildi. Lakin sonradan vəziyyət dəyişdi və xüsusi xidmət orqanları interneti nəzarət altında saxlamağa cəhd göstərərək provayderləri dinləmə sistemi (rus dilində abviatura-СОРМ) quraşdırmağa məcbur etdilər. Bu sistem internet resursları da daxil olmaqla, Rusiyadakı bütün rabitə sistemlərinə giriş imkanı verir. Ancaq hər necə olmasına baxmayaraq, hələki internet şəbəkəsinin işləmə sxemi toxunulmaz qalıb və heç bir məhdudiyyət olmadan hamının girişi üçün açıqdır.
2011-2012-ci il küçə etirazlarından sonra Vladimir Putin internetə qarşı ciddi hərəkətə keçdi. 2014-cü ildə Putin ümumdünya internet şəbəkəsini ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin yaradıcılıq əsəri adlandırdı və ölkədəki internet nəhənglərini qorxutmaq üçün Rusiya qanunvericiliyini sərtləşdirdi. Putin iyerarxiyaya və hakimiyyətin əmrlərini yerinə yetirən təşkilatlara adət edib. O məhz bu strategiyaya əl atmağa başladı. 2012-ci ildə Yandex və Google rəhbərləri, şəbəkələrin filtirdən keçirilməsi məsələsini müzakirə etmək üçün Kremlə dəvət olundular. Müəyyən qədər belə bir strategiya nəticə verib. Böyük internet kompaniyaları senzuranı çox tez qəbul edərək, Rusiya hakimiyyətinin məhdud və yalnız müəyyən bir ölçüdə tənqidinə imkan verirlər.

- Kontent

Amma sosial şəbəkələrdə lider və rəhbər yoxdur, bu üfüqi bir strukturdur. Kontent internet saytının və sosial şəbəkənin sahibi və qurucusu tərəfindən deyil, istifadəçilərin özü tərəfindən yaradılır.
2014- cü ilin yazında Rusiyanın tanınmış sosial şəbəkəsi olan “Kontakt” Kremlin nəzarəti altına girdi. Oxşar əməliyyatları Putin 2000-ci ilin əvvələrində klassik KİV-lər üzərində də həyata keçirmişdi. ”Kontakt” şəbəkəsinin yaradıcısı Pavel Durovu məcburən uzaqlaşdırdılar. Onun yerinə isə çox tezliklə Boris Dobrodeyev gətirildi. Bu cür gediş çox şeydən xəbər verir. Oleq Dobredeyevin atası ölkənin ən böyük teleşirkəti olan ÜmumRusiya Dövlət Televiziya və Radioyayımı Şirkəti (VGTRK) baş direktorudur. İndi isə onun oğlu ölkənin ən populyar sosial şəbəkəsinə rəhbərlik edir.

Sonra Ukraynada müharibə başladı. Hakimiyyət orada rusiyalı əsgərlərin iştirakını hər vəclə inkar edirdi. Ancaq buna baxmayaraq, rusiyalı və ukraynalı jurnalistlər çox tezliklə “Kontakt” sosial şəbəkəsinin səhifələrində Ukraynada döyüşlərdəki hünərləri ilə öyünən əsgərləri tapdılar (bu əsgərlər öz isimləri, hərbi hissələrinin adları ilə çıxış edirdilər). Payızda isə tarix Suriyada təkrar olundu. Şəbəkədə iştirak edənlərin əksəriyyəti əlbəttə ki, ”Kontakt”da baş verənlər, Durov və Dobrodeyev haqqında heç nə eşitməyiblər. Putinin interneti nəzarət altına salmağa cəhd etməsinə baxmayaraq, həmin əsgərlər, hamı üçün həqiqətləri açdılar.

Siyasi sabitlik dövründə məlumat mənbələrinin dövlətin nəzarəti altında olması və cəmiyyətin rəsmi təbliğata inandığı zaman, internet bir texnologiya kimi az iş görməyə qabildir. Ancaq böhran zamanı (istər siyasi və ya iqtisadi) baş verənlər istifadəçiləri kontent yaratmağa doğru itələyir. Hakimiyyət isə bunun qarşısını yalnız interneti tamamilə kəsmək yolu ilə ala bilər.

(Slate.fr-Fransa)







Fikirlər