“BİZ QIRMIZI MEYDANA GƏLMƏLİ OLACAĞIQ...” – Bütün “qırmızı cizgiləri” keçmiş Priqojini yaşadacaqlarmı?
Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinə qədər “Vaqner” və onun başçısı Yevgeni Priqojini nəinki beynəlxalq səviyyədə, hətta Rusiyanın özündə belə tanıyan çox az idi. Onun adı ən çox əslən azərbaycanlı olan jurnalist Orxan Camal və digər yoldaşlarının qətli fonunda hallanmağa başladı. Orxan Camal və digər iki şəxs Priqojinin “Vaqner” qruplaşmasının Afrikadakı fəaliyyətini araşdırmaq üçün bu qitədə olarkən müəmmalı şəkildə qətlə yetririlmişdilər. Rəsmi xəbərlərdə bu qətlin hansısa yerli terror qruplaşması tərəfindən həyata keçirildiyi iddia olunsa da, hamıya aydın idi ki, bunun arxasında “Vaqner” özü dayanıb... İndi isə “Vaqner” və Priqojin barədə yazılar, təhlillər dünyanın ən nüfuzlu nəşrlərinin səhifələrində yer alır. Priqojinin adı Beynəlxalq tədbirlərdə, ayrı-ayrı tanınmış siyasətçilərin, ölkə liderlərinin müsahibələrində hallandırılır. Doğrudur, artıq “Vaqner”-in əksər Qərb dövlətləri və beynəlxalq qurumlar tərəfindən gec də olsa, terror qruplaşması kimi tanınması istiqamətində addımlar atılmağa başlayıb. Ancaq, necə deyərlər, pis reklam da reklamdır və istənilən halda, hətta bunun özü də Priqojin üçün xüsusilə Rusiya daxilində, cəmiyyətin imperiyaçılıq, şovinizm, millətçilik xəstəliyindən başını itirmiş və adını “vətənpərvər” qoyan kəsiminin gözündə böyük bir reklam kampaniyasıdır. Bəli, bu gün Priqojin rus “vətənpərvərləri”nin kumirinə çevrilib və real sorğu, səsvermə keçirilsə, istənilən tanınmış siyasətçi partiya sədri üzərində əzici üstünlük qazana bilər. Əslində o, bu “uğuru” və avtoriteti heç də “Vaqner”-in hansısa qeyri-adi qələbələri, hərbi nailiyyətləri hesabına qazanmayıb. Onun “Vaqner”-i az qala 10 aydır ki, Baxmut kimi rayon mərkəzi səviyyəsindəki kiçik bir şəhəri tuta bilmir. Priqojinin ictimai fiqur kimi populyarlığı “Vaqner”-in “qəhrəmanlıqları” yox, Rusiya cəmiyyətinin nifrət bəslədiyi korrupsiyalaşmış, harınlamış, varlanmış hərbi–siyasi rəhbərliyin ünvanına elə həmin cəmiyyətin çox yaxşı anladığı və qəbul etdiyi vulqar ifadələrlə səsləndirdiyi söyüşlər, tənqid və təhqirlərdən qaynaqlanır. Priqojinin Müdafiə nazirinin, generalların, dolayısı yollarla və eyhamlarla Kremlin özünün ünvanına işlətdiyi ənənəvi rus söyüşləri Rusiya cəmiyyətinin böyük hissəsinin “ürəyindən tikan çıxarır”. O, təkcə generalları və digər iri məmurları yox, Putinin özünü də hədəfə alır və son çıxışlarının birində, ad çəkməsə də, Putini nəzərdə tutaraq, onun ünvanına “qoca mudak” ifadəsini işlədir, müharibəni “beyinsiz müharibə”, generalları “suka”, rus əsgərini isə “qurbanlıq” adlandırır. Bunlar bütün “qırmızı cizgilər”in keçilməsi deməkdir. Putinin hakimiyyəti dövründə daha da vulqarlaşan, kobudlaşan, kriminallaşan Rusiya cəmiyyətinin isə böyük hissəsi Priqojinin dilini öz ana dili hesab edir. Nəticədə, o, özü ilə bağlı rus cəmiyyətinin hər zaman hörmətlə yanaşdığı “mujik” obrazı yarada bilib. Baxmayaraq ki, əslində, bu adam heç milliyyətcə təmiz rus da deyil. Məsələn, onun opponentlərindən və millətçi elektoratdakı rəqiblərindən biri olan İqor Strelkov (Qirkin) Priqojinin rus olmadığını bildirib. Həqiqətən də, Priqojinin biqorafiyası onun milliyyəti barədə dəqiq nəticə çıxarmağa imkan vermir. Ancaq buna baxmayaraq, Priqojin az qala rus millətçilərinin böyük hissəsinin hazırda biət etdiyi fiqura çevrilib... Məsələ ondadır ki, hətta Boris Yeltsinin yarı-liberal və dövlət institutlarının az qala tam çokdüyü zəif idarəçiliyi dövründə belə Rusiyada hansısa qanundan kənar hərbi birləşmə və onun rəhbəri tərəfindən çoxəsrlik tarixi olan rus ordusuna, onun rəhbərliyinə, generallarına meydan oxumasına, onları milyonlarla rusiyalının və beynəlxalq ictimaiyyətin gözü qarşısında təhqir və təhdid etməsinə, alçaltmasına rast gəlinə bilməzdi. Ümumiyyətlə, keçmiş məhbusların, kriminalın toplaşdığı belə bir hərbi təşkilatın mövcudluğunu təsəvvür etmək mümkün deyildi. İndi isə belə təəssürat yaranır ki, Putin Rusiyanı heç Yeltsin qədər də idarə və vəziyyətə nəzarət edə bilmir. Adi “obıvatel” də başa düşür ki, Priqojin özünün ordu və hərbi-siyasi rəhbərlik barədə bəyanatları və davranışları ilə Rusiya ordusuna az qala Ukrayna ordusunun vurduğu qədər ziyan vurur. Hazırda yaranmış və Rusiya tarixində analoqu olmayan bu durum Putin hakimiyyətinin, onun idarəçiliyinin Rusiyanın ordu kimi dövlətçilik sütunlarına, atributlarına, ideologiyasına və s. vurduğu zərbənin miqyasını göz önünə qoyur, eyni zamanda göstərir ki, Putin ya idarəçiliyi, ya reallıq hissini, ya da başını itirib... Son günlərdə baş verənlər onu da göstərir ki, təkcə Rusiya-Ukrayna müharibəsi deyil, Priqojinlə Müdafiə Nazirliyi və Kreml elitası arasındakı savaş da həlledici fazaya qədəm qoyur. Artıq onun “Vaqner”-inin Baxmutdakı qalıqları Ukrayna Quru Qoşunları komandanı, general Aleksandr Sırskinin dediyi kimi, özlərini siçan tələsindəki kimi hiss edirlər. Doğrudan da bu qruplaşma hazırda Baxmutda tələdədir və bu tələnin qurulmasında Ukrayna ordusu qədər Rusiya hərbi-siyasi rəhbərliyinin də “xidmətləri” var. Priqojin özü də bunu yaxşı anlayır və hər yolla “Vaqner”-i Baxmutdan çıxarmağa çalışır. Lakin onun mayın 10-da bu niyyətini həyata keçirmək cəhdi uğursuzluğa düçar oldu. Verdiyi vədə baxmayaraq, “Vaqner”-i Baxmut tələsindən çıxara bilmədi, Kreml buna izin vermədi. Buna paralel olaraq isə Priqojinə və “Vaqner”-ə qarşı təzyiqlər daha da artdı. Məsələn, Rusiya Dumasının üzvü, general-leytenant Viktor Sobolev “Vaqner”-in qanunsuz hərbi birləşmə olduğunu elan etdi və bildirdi ki, Rusiya ordusuna səfərbər olunanlar “Vaqner”-ə keçəcəkləri təqdirdə cinayət məsuliyyətinə cəlb olunmalıdır və belələrinə qanunla 15 ilə qədər iş düşür. Onun dedikləri həqiqətdir, doğrudan da Rusiya qanunvericiliyi qanunsuz hərbi birləşmələrdə iştiraka görə ağır cəzalar nəzərdə tutur. Duma komitəsində vəzifə tutan Sobolevin təsadüfi açıqlamalar verməsi, əlbəttə ki, ağlabatan deyil və onun bu fikirlərinin daha yüksək kabinetlərin sifarişi olduğu şübhəsizdir. Sobolevin dedikləri “Vaqner”-in öz sıralarını bərpa etmək cəhdlərinə vurulan növbəti zərbədir. Bunu Priqojin də gözəl anladı və məhz buna görə Sobolevə özünəməxsus formada təhqiramiz cavab verərək, onu “beyinsiz çərənçi” adlandırdı. Ancaq məsələ bununla da bitmədi. Ötən gün “vaqnerçilər” general Sobolevə xüsusi videomüraciət ünvanladılar. Əlbəttə ki, Priqojinin sifarişi əsasında. Orada Sobolev daha ağır formada təhqir edilir. Ancaq ən əsası odur ki, Sobolevin personası üzərindən Kremlə xəbərdarlıq olunur və təhdid səsləndirilir: “Deputat Sobolevə demək istəyirik ki, əgər sən “üzdəniraq” buraya burnunu soxsan və ölkə sənin kimilər üzündən müharibəni uduzsa, biz Qırmızı meydana gəlməli olacağıq ki, öz xalqımızı sənin kimilərdən qoruyaq...” Əlbəttə ki, bu, Sobolevdən çox Kremlin ünvanına söylənən təhdiddir. Doğrudur, “Vaqner”-in Qırmızı meydana qədər gedib çıxması problemlidir. Çünki arxada yüzminlərlə sayı və “Vaqner”-i ilk fürsətdə parçalamağa hazır olan Şoyqu və Gerasimovun rəhbərlik etdiyi ordu, eləcə də “Rosqvardiya”, milyonlarla polis və xüsusi xidmət orqanları əməkdaşları var. Onları “yarıb-keçmək” və Kremlə çatmaq asan deyil. Ancaq “Vaqner”-in dediyi kimi, müharibə uduzulsa, kimin özünü necə aparacağı, adı sadalanan qüvvələrin Kremli müdafiə edib-etməyəcəyi bəlli deyil. Odur ki, Kremldə də Priqojin və “Vaqner” təhlükəsini dərk edirlər. Hətta ABŞ Müharibə Araşdırmaları İnstitutu son hesabatında Kremlin Priqojini satqın kimi gözdən salmaq üçün mexanizmlər hazırladığını bildirib. “The Washington Post”-da ABŞ kəşfiyyatının sızdırılmış sənədlərinə istinadla yayılan xəbərdə Priqojinin ukraynalılarla gizli əlaqəyə girərək, Rusiya mövqelərini onlara satmağa hazır olduğunu bildirməsinə dair yayılan xəbərlər də bu “əməliyyatın” tərkib hissəsi sayıla bilər... Nəticədə real vəziyyəti dəyərləndirən bir çox ekspertlər Priqojinin hansısa formada aradan götürüləcəyini, onun hərbi və siyasi “karyera”sının, hətta fiziki həyatının sonuna az qaldığını proqnozlaşdırırlar və bu proqnozlar kifayət qədər real, inandırıcı görünür – “Su səhəngi suda sınar”... *“AzPolitika.info”