G7 sammiti: Proseslər Ukraynanın “yeddi qatından” keçir - TƏHLİL + FOTO
G7 liderlərinin (ABŞ, Kanada, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya və Yaponiya) Xirosimada keçirilən sammiti hələ Ukrayna üçün unikal yaxşı xəbəri, Rusiyaya qarşı isə həlledici bir mərhələni nümayiş etdirmir. Hərçənd, qərara alınıb ki, Ukrayna ABŞ-nin məşhur “F-16” qırıcıları ilə təmin edilsin, lakin bu təşəbbüsün reallaşması bir az vaxt aparır. Zaman intervalında isə Ukraynanın Baxmut şəhərində yeni mövqelərin Rusiyanın işğalı altına düşməsi məlumatları yayılır. ABŞ-nin Müharibə Tədqiqatları İnstitutu bildirir ki, Rusiya ordusu Baxmutun qərb cinahında inzibati sərhədləri bərpa edib, bu, G7 sammiti ilə paralel reaksiyalar zənciridir. Rusiyanın Baxmutla bağlı iddialarının informasiya məkanına buraxılmasına gəlincə, bu, Ukrayna Prezidenti Volodimir Zelenskinin G7 sammitindən əliboş qayıtmasına nail olmağa hesablanmışdı. Yəni bu mənada ki, artıq Baxmut tutulub və Qərbin də edə biləcəyi bir şey yoxdur.
Rusiya indiki mərhələdə daha çox psixoloji qorxutma aktını “müqəddəs” sayır, çünki Kreml imperiyanı müharibə yolu ilə yenidən yaratmağın mümkünsüzlüyünü dərk edir, zəif düşür və yuxarı hədd kimi nüvə silahlarının tətbiqindən söz açır. Belə psixoloji ştrixlər Rusiya üçün zaman qazandırır, cəbhə xəttini dondurmaq planlarını büruzə verir və Qərblə sövdələşmə meyillərinə zəmin yaradılır. NATO-nun strateji beyni zədələnməyib, o, hər şeyi götür-qoy edir, Ukraynaya silah yardımının limitini müəyyənləşdirir. NATO üçün Rusiya ilə aşkar hərbi eskalasiyaya girmək məqbul variant deyil, heç Moskva da Qərbin nəhəng hərbi gücünü qarşısına almaqdan ötrü sinov getmir. Rusiya elə vəziyyəti bu cür saxlayıb Çindən əhəmiyyətli dəstək gözləyir, lakin Pekinin də qayğıları bir qədər fərqlidir – Moskvaya yaxın xətt nümayiş etdirilsə də. Ukraynadakı müharibə Qərb-Rusiya-Çin rəqabətini yeni geostrateji maraqlar və iqtisadi hab yaratmağa doğru itələyir, hələlik bu məsələdə üstün mövqedə dayanan qüvvə Pekindir. Amma kim nə edir, nəyi düşünür - fərqi yoxdur, düyünlərin çoxqatlı olması, mürəkkəblik, hərb meydanındakı əldəyişmələrin Ukraynanın xeyrinə ləng getməsi Kiyev üçün problemləri dərinləşdirir. Fakt budur ki, Rusiya hələ də genişmiqyaslı effektiv təcridlə üzləşdirilməyib, çünki tətbiq edilən sanksiyaların işləmə mexanizmində də problemlər mövcuddur. Bu tabloda G7 qlobal nizama meydan oxumaq cəhdləri qarşısında siyasi birlik göstərir, hərçənd, hələ də Ukraynaya yardım məsələsində düşüncə fərqlilikləri qalmaqdadır. Əsasən də, ABŞ-nin daxili sarsıntıları və Yaxın Şərqdəki mövqelərinin zəifləməsi onun postsovet məkanındakı maraqlarının da ləng getməsinə şərait yaradır, Vaşinqtonun buraxdığı boşluqlara isə məharətlə sızan Çindir. İndi Ukraynadakı müharibənin taleyinin Çindən asılılıq dərəcəsi artır, Qərblə Rusiya arasındakı kəskinləşən rəqabət Pekinə aşkar faydalar təqdim edir. G7 sammiti, Zelenskinin tədbirdə iştirakına rəğmən, Ukraynaya yardımdan çox, Qərbin Rusiya və Çin qarşısındakı qalıcılığını, maraqlarını qorumaq vədləri kimi yadda qala bilər. Qərbin Rusiyaya, Çinə qarşı mübarizədə iki əsas gücü olan ABŞ və Böyük Britaniyanın Moskva ilə bağlı tutduqları xətdən çox şey asılıdır, Vaşinqton daxili və xarici siyasət cəbhələrində çətinliklərlə üzləşdikcə onun yerini London tutmalıdır.
Bu mənada Britaniya Çin və Rusiya ilə rəqabətdəki məsuliyyət payını artıracaq və London müdrik siyasəti ilə nələrsə qazanmağa cəhdlər göstərəcək. Qlobal sistemin gələcəyi üçün ən kəskin rəqabətin Britaniya ilə Çin arasında getdiyini söyləyə bilərik, hərçənd ki, ABŞ ilə Rusiya uzunmüddətli perspektivə hesablanan addımlarını yeni ideyalarla uyğunlaşdırmaq istəyirlər. Rusiyanın təqdim edə biləcəyi eksklüziv ideyalar yoxdur, Moskva ancaq hərbi işğalla genişlənməkdən zövq alır, ABŞ-nin isə artıq klassik insan hüquqları barədə dedikləri maraq doğurmur. Buna görə də Çin və Böyük Britaniya daha təkmil variantlar səsləndirmək potensiallarına malikdirlər, çünki nə London, nə də Pekin Ukraynadakı müharibədən yorğun düşüb. İndi Ukrayna böyüklərin bu rəqabəti arasında elə yerləşməlidir ki, həm ərazi bütövlüyünü təmin etsin, həm də Rusiyadan daha hücum edilməyəcəyinə dair zəmanət alsın. Bu, olduqca çətindir, ona görə də Ukraynadakı müharibənin hələ qeyri-müəyyən müddətdə davam edəcəyini söyləmək olar. Qeyri-müəyyənlik Ukraynanın silahlarla doldurulması planlarını da əngəlləyəcək, Qərb-Rusiya-Çin arasındakı sövdələşmələri daha etibarlı ssenari kimi ortaya çıxaracaq, bu isə Ukrayna üçün ürəkaçan olmaya bilər. /Oxu.az/