Türkiyə-Rusiya ticarətində yaranan problem qismən həll olunub

Türkiyə ilə Rusiya arasında ticarət əməliyyatlarının maliyyələşdirilməsində yaranan problem qismən həll olunub.

Musavat.com “Ekonomim” qəzetinə istinadən xəbər verir ki, Türkiyənin hazır geyim, tekstil, ayaqqabı və ərzaq məhsulları ixracatçıları artıq Rusiyadan Türkiyəyə bank köçürmələri ilə bağlı problem yaşamırlar.

Vəsaitlər “Emlak Katılım” bankı vasitəsilə daxil olmağa başlayıb.

Qəzetin yazdığına görə, məsələnin müzakirəsinə qoşulan Türkiyə Ticarət Nazirliyi hazırda avtomobil və maşınqayırma sektorundakı şirkətlər üçün köçürmələrlə bağlı problemlərin həlli istiqamətində danışıqlar aparır.

Rusiyaya ixracla məşğul olan şirkətlər bank əməliyyatlarında çətinliklərlə ötən ilin dekabrından üzləşməyə başlayıblar. Yanvarın əvvəlindən isə banklar Rusiya ilə ticarət üzrə köçürmələri icra etməyi tam dayandırıblar.

Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov yanvarın 17-də bildirib ki, səfirlik və ticarət missiyası bəzi türk banklarının Rusiyanın biznes qurumlarına ödəniş etməkdən imtina etməsilə əlaqədar Türkiyə hakimiyyəti ilə intensiv əlaqə saxlayır. Onun sözlərinə görə, bəzi banklar birbaşa Qərbin sanksiyalarına istinad edir, onların sərtləşdirilməsi ilə bağlı qərar 2023-cü ilin dekabr ayının sonunda qəbul edilib. Diplomat ümid etdiyini bildirib ki, görülən səylər nəticəsində həm sanksiyalara məruz qalmayan mallar satan türk ixracatçıları, həm də onların rusiyalı tərəfdaşlarını qane edəcək həll yolu tapılacaq.






Fikirlər