Ticarət dövriyyəsinin milli valyuta ilə aparılması qısamüddətli dövrlərdə effekt verir
Türkiyə bir sıra ölkələrlə ticarət dövriyyəsini milli valyutalara keçirmək üçün danışıqlara başlayıb.
Həmin ölkələr arasında Azərbaycan da var. Məlumata görə, Türkiyənin İqtisadiyyat Nazirliyi
Azərbaycan, Gürcüstan, Qırğızıstan və İraq kimi ölkələrlə ticarət dövriyyəsinin dollar və avro ilə
deyil, milli valyutalarla aparılmasına nail olmağa çalışır.
Xatırladaq ki, bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiya, İran və Çinə
ticarət dövriyyəsinin milli valyutalarla aparılması üçün müraciət edib. Prezidentin sözlərinə görə,
həmkarları bu təklifi dəstəkləyiblər. Ərdoğan hesab edir ki, atılacaq bu addım dolların sürətlə
bahalaşmasının qarşısını alacaq, eyni zamanda milli valyutanın dəyər qazanmasına səbəb olacaq.Məlumat üçün deyək ki, cari ilin 10 ayının yekunlarına əsasən, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkələr arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 26 milyon dollardan artıqdır.
Azərbaycanın ümumi ticarət dövriyyəsinin 13 faizi Türkiyənin payına düşür.
Təkliflə bağlı "Şərq”ə açıqlama verən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib ki, belə cəhdlər qısamüddətli dövrlərdə müsbət effekt verir: "Müəyyən dövr ərzində vətəndaşların hesabına milli valyutanın stabilləşməsi müşahidə edilə bilər. Bir vaxtlar MDB ölkələri arasında da vahid valyuta məsələsi müzakirə olunurdu. Amma nəticə əldə olunmadı. Problem ondadır ki, bir çox ölkələrin
dollara ehtiyacı var. Türkiyə digər dövlətlərlə ticarət dövriyyəsini milli valyuta ilə aparsa belə, iş
adamlarının, vətəndaşların bəzən dollara tələbatı yaranır. Çünki onlar müəyyən dövrlərdə xarici
ölkələrə gedirlər. Hələlik dünya pulu dollardır”.