Türkiyənin BAŞ naziri İrandadır
Martın 5-də Türkiyənin baş naziri Əhməd Davudoğlu geniş tərkibli nümayəndə heyəti ilə İrana səfərə gəlib. AzerTaym.az Virtualaz.org -a istinadən bildirir ki, Əhməd Davudoğlunun İran prezidenti Həsən Ruhani, xarici işlər naziri Məhəmməd Cavad Cərif və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub. Bu görüşlərdə regional təhlükəsizlik məsələləri və Suriya münaqişəsinə də toxunulacaq. Türkiyənin baş naziri jurnalistlərə müsahibəsində bildirib ki, danışıqlar zamanı Suriya və İraqdakı hərbi-siyasi vəziyyətlə yanaşı, Qafqazdakı münaqişələr də müzakirə mövzusu olacaq. İran mətbuatı yazır ki, regionda baş verən münaqişələrə dair rəsmi Tehran ilə Ankaranın mövqelərinin ziddiyyətli olmasına baxmayaraq, iqtisadi əməkdaşlıq siyasi qarşıdurmanı arxa plana keçirir. Türkiyə ilə İran arasında çox geniş iqtisadi əlaqələr var. Enerji, ticarət, kənd təsərrüfatı, nəqliyyat və bir çox başqa sahələrdəki qarşılıqlı əməkdaşlıq əlaqələri hər iki tərəfin maraqlarına uyğundur. İran Qərb tərəfindən iqtisadi sanksiyalara məruz qaldığı zaman Türkiyə hökuməti beynəlxalq qadağalara baxmayaraq, neft-qaz sahəsi də daxil olmaqla, digər sahələrdə də bu ölkə ilə əməkdaşlığını davam etdirdi. Artıq sanksiyalar aradan qaldırılıb və Türkiyənin İrana sərmayə qoyması üçün yaxşı imkan yaranıb. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 20 milyard dollar həcmindədir. Tərəflər bu məbləği 30 milyard dollara yüksəltmək istəyirlər.