Azərbaycan Türkiyəyə 20 milyard sərmayə qoyacaq
Azərbaycan yaxın illərdə Türkiyəyə 20 milyard dollara yaxın sərmayə qoyacaqdır.
Bunu Prezident İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra mətbuata bəyanatında deyib.
Dövlət başçısı qeyd edib: "Azərbaycanın çox zəngin təbii qaz yataqları vardır. Təsdiq edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. Əlbəttə ki, bizim əsas resurs bazamız “Şahdəniz” layihəsidir. Ancaq onun kənarında da çox böyük digər qaz yataqlarımız var və bizim əsas ixrac yolumuz da artıq bəllidir. Bu, Türkiyədir və Türkiyə üzərindən digər Avropa ölkələridir.
Şadam ki, bununla bərabər, qarşılıqlı sərmayə qoyuluşu uğurla həyata keçirilir. Həm Türkiyə, həm də Azərbaycan şirkətləri qarşılıqlı olaraq sərmayə qoyurlar. Azərbaycan yaxın illərdə Türkiyəyə 20 milyard dollara yaxın sərmayə qoyacaqdır. O sərmayənin bir hissəsi artıq qoyulub və bu, əlbəttə ki, bir daha bizim siyasi iradəmizi əks etdirir. Ancaq dost ölkələrin iqtisadiyyatlarına bu qədər sərmayə qoyula bilər".
Prezident İlham Əliyev Türkiyə ilə əmakdaşlığın digər sahələrinə də toxunub: "Bütün digər sahələrdə, o cümlədən humanitar sahədə də sıx əməkdaşlıq aparılır. Hərbi sahədə çox gözəl əməkdaşlıq aparılır. Azərbaycan Türkiyədən ordumuza lazım olan silahları alır. Eyni zamanda, biz artıq bir neçə dəfədir ki, birgə hərbi təlimlər də keçirdik, həm Türkiyədə, həm Azərbaycanda. Bu, bir daha bizim birliyimizi nümayiş etdirir, gücümüzü artırır. Bu gün həm regionda, həm Avropada gedən proseslərdə Türkiyə və Azərbaycan artıq ciddi amil kimi mövcuddur.
Son illər ərzində Türkiyənin inkişafı, güclənməsi, dünya miqyasında artan rolu bizi bir dost, qardaş kimi çox sevindirir və bir daha demək istəyirəm ki, bizi də gücləndirir. Biz gücümüzə güc qatırıq, biz dostuq, qardaşıq. Bu, əsas məsələdir və bütün məsələlərdə bundan sonra da bir-birimizi dəstəkləyəcəyik, bir-birimizin yanında olacağıq".