`Biz bir-birimizə inanırıq...`- İLHAM ƏLİYEV
“Son illərdə ölkələrimiz arasında çox etimadlı münasibətlər səviyyəsi yaranıb, bu münasibətlər çox uğurla inkişaf edir”.
Bu barədə Minskdə Azərbaycan və Belarus rezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşündə prezident İlham Əliyev bildirib.
“Bu gün mənim nümayəndə heyətimin üzvləri də Belarusun nə dərəcədə uğurla, dinamik, səmərəli inkişaf etməsini bir daha öz gözləri ilə gördülər. Minsk çox yaraşıqlı – qəşəng, rahat, təmiz şəhərə çevrilib. Əminəm ki, burada yaşamaq, işləmək xoşdur, buraya gəlmək xoşdur.
Ölkələrimiz arasında münasibətlər həqiqətən ən yüksək səviyyədədir. Siz tamamilə haqlısınız, biz buna nail olmaq üçün uzun yol keçmişik. Lakin 10 ildən bir qədər çox əvvəl başlanmış bu cür fəal əməkdaşlıq illərində, mənim fikrimcə, bir-birimizi müxtəlif vəziyyətlərdə artıq yetərincə sınamışıq. Münasibətlərimizin möhkəmliyini, etibarlılığını sınamışıq və heç vaxt bir-birimizi naümid qoymamışıq. Buna görə, biz bu gün bir-birimizə inanırıq və sənədlərin altındakı imzalarımız kimi, sözlərimiz də böyük sanbala malikdir”, deyə dövlət başçısı qeyd edib.
Dövlət başçısı belaruslu həmkarı ilə danışıqlar zamanı bir sıra məsələlər barəsində razılığa gəlindiyini qeyd edib: “Biz sevinirik ki, Belarus uğurla inkişaf edir. Sizin qeyd etdiyiniz kimi, indi çətin zamandır. İqtisadi böhrana siyasi böhran, bir sıra ölkələrdə isə hərbi-siyasi böhran da əlavə olunur. Biz qarşıdurma dövründə yaşayırıq. Təbii ki, bu vəziyyət beynəlxalq məsələlərin həllinə yeni yanaşmalar tələb edir. Bax, bu cür şəraitdə Belarusda mövcud olan ictimai-siyasi sabitlik uğurun əsas göstəricisidir, habelə bu uğurun davam edəcəyinin rəhnidir. Biz, Sizin dostlarınız kimi, buna çox şadıq.
Belarus bizim üçün dost, qardaş dövlətdir. Əminəm ki, bu səfərdən sonra münasibətlərimiz daha sürətlə inkişaf edəcək”.