“Made in Azerbaijan” brendi üçün ixrac - Çinə şərab, Dubaya NAR ŞİRƏSİ...

“Prezident İlham Əliyevin “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq olunması haqqında” 5 oktyabr 2016-cı il tarixli Fərmanı ixracqabiliyyətli məhsul istehsalının genişlənməsi, məhsulların keyfiyyətinin daha da yaxşılaşması, eləcə də yerli və xarici bazarlarda rəqabətədavamlı məhsulların çeşidlərinin artırılması istiqamətində işlər davam etdirilir”.

Bu haqda Modern.az-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məlumat verib.

O bildirib ki, Fərmanın icrası istiqamətində artıq Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Ərazisi və Quancou şəhərinə, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə ixrac missiyaları təşkil edilib:

“Çinə təşkil edilmiş ixrac missiyası zamanı 500 min şüşə Azərbaycan şərabının bu ölkəyə ixracına başlanılıb. Dubaya 18 ton nar şirəsi və 200 tona yaxın alma ixrac edilib.

Bu ilin ilk ixrac missiyası isə artıq Almaniyaya yola düşüb. İqtisadiyyat Nazirliyi tərəfindən “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə təşkil olunan ixrac missiyasında müsabiqə əsasında seçilmiş meyvə-tərəvəz, təbii mineral suları, meyvə şirələri, şərab, bal və çay istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edir”.

Növbəti ixrac missiyaları isə fevralda Pakistan, Əfqanıstan və Qətərə təşkil ediləcək. 2017-ci ildə AZROMO-nun təşkilatçığı ilə Azərbaycan şirkətləri Birləşmiş Ərəb Əmirliklərində, Almaniyada, Rusiyada və Çində keçiriləcək sərgilərdə vahid ölkə stendi ilə iştirak edəcəklər.

Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə Belarusda ticarət evi yaradılır və işlər 2017-ci ilin birinci rübündə başa çatdırılacaqdır. Ukraynada da belə ticarət evi yaradılacaq. Rusiya və bir sıra digər ölkələrdə isə ticarət nümayəndələrinin fəaliyyəti nəzərdə tutulur”.

A.Əliyev bildirib ki, ixrac missiyasında təmsil olunan şirkətlər yanvarın 23-dən Almaniyadadırlar.

 






Fikirlər